Məhkəmə qərarları › İş №e-2(006)-3083/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3083/2025

16.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3083/2025 16.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Əliyev Əmrah Səbuhi oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.102,76 manat əsas kredit borcu, 179,57 manat kreditdən istifadəyə görə faiz, 17,08 manat cərimə olmaqla, cəmi 13.299,41 manat pul vəsaiti və ödənilmiş 129,9 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 19051***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh2 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən yuxarı olmamaq şərti ilə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2ci bəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 14,5 % dərəcəsi ilə (aylıq ödəniş 1.032,79 manat olmaqla hər ayın 12-dək ödənilmək şərti ilə) 30.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdehə verilmiş 30.000 manat kreditin həmin günə qalıq 22.846,13 manat əsas borc restrukturizasiya edilmiş, illik faiz dərəcəsi 14,5 % və kreditin son icra müddəti xx.xx.2026-ci il müəyyən edilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh1 ilə 19FİZAM133275105 saylı xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin kredit öhdəlikləri vaxtında və lazımi qaydada icra etməyən Cavabdeh2 banka borcu xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 13.102,76 manat əsas borc, 179,57 manat faiz, 17,08 manat cərimə olmaqla, ümumi kredit borcunun məbləği 13.299,41 manat təşkil edir. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət edilməsinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi Samirə Quliyeva 11 dekabr 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək qeyd etmişdir ki, məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixdə iş üzrə ekspertizanın təyin edilməsi qərara alınmış və ekspertin gəldiyi nəticə xx.xx.2025-ci il tarixli ekspert rəyində öz əksini tapmışdır. Ekspert iş üzrə materialları araşdıraraq Cavabdeh2 İddiaçı ASC-yə xx.xx.2025-ci il tarixə 12.877,79 manat əsas və 159,30 manat faizin olduğunu müəyyən etmişdir. Eyni zamanda, Cavabdeh2 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 1.283,25 manat ödəniş etdiyi ekspert tərəfindən müəyyən edilmişdir. Əlavə olaraq qeyd etmək istəyir ki, hesabdan çıxarışdan görünür ki, xx.xx.2025ci il tarixdə 247,80 manat, xx.xx.2025-ci il tarixdə isə 201,48 manat ödənişlər edilmişdir. Ümumilikdə isə iddia verildikdən sonra Cavabdeh2 tərəfindən kredit üzrə 1.732,53 manat ödəniş edilmişdir. Yuxarıda qeyd edilənlərin qətnamə qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, maddi imkanı olduqca ödənişlər etdiyini qeyd edərək, bunun qətnamə qəbul edilərkən nəzərə alımasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh2 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış müqavilələrdən görünür ki, xx.xx.2021-ci il tarixli 19051***-*******01L saylı əsas kredit limiti razılaşmasına əsasən Cavabdeh2 120 ay müddətinə, illik faiz dərəcəsi 29 %-dən yuxarı olmamaq şərti ilə 50.000 manat məbləğində kredit limiti ayrılmış; əsas kredit limiti razılaşmasının şərtlərinə, 1.1, 1.4, 2.1, 2.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə illik 14,5 % dərəcəsi ilə (aylıq ödəniş 1.032,79 manat olmaqla hər ayın 12-dək ödənilmək şərti ilə) 30.000 manat məbləğində kredit verilmiş; xx.xx.2023-cü il tarixdə cavabdehə verilmiş 30.000 manat kreditin həmin günə qalıq 22.846,13 manat əsas borc restrukturizasiya edilmiş, illik faiz dərəcəsi 14,5 % və kreditin son icra müddəti xx.xx.2026-ci il müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 banka 13.102,76 manat əsas kredit borcu, 179,57 manat kreditdən istifadəyə görə faiz, 17,08 manat cərimə olmaqla, cəmi 13.299,41 manat borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2025-ci il tarixli 9/4618 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli 19041***-*******01R nömrəli restrukturizasiyanın şərtlərinə əsasən Cavabdeh2 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2025-ci il tarixə (sualda göstərilən tarix) borcu: 13.037,09 manat əsas borc üzrə 12.877,79 manat; - faiz üzrə 159,30 manat. Qeyd edilir ki, iş materiallarında olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi, Cavabdeh2 tərəfindən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 1.283,25 manat məbləğində ödəniş aparılmışdır. Lakin hesablamalar xx.xx.2025-ci il tarixədək aparıldığından 1.283,25 manat məbləğində ödəniş nəzərə alınmadı. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsaəsən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsaəsən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsaəsən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh2 iddiaçıdan kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2023-cü il tarixli 19FİZAM133275105 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə Cavabdeh2 İddiaçı ASC-nin qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Bildiriş məktubundan görünür ki, İddiaçı ASC borc alan Cavabdeh2 müqavilə üzrə ödənişləri icra etməsini tələb etmiş, kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə borc alana və zaminə xəbərdarlıq etmişdir. xx.xx.2025-ci il tarixli **********30 saylı ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 129,90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 11.145,26 manat əsas borc, 159,30 manat faiz, 10 manat cərimə və ödənilmiş dövlət rüsumunun 110 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Aparılmış ekspertizası tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 1283,25 manat məbləğində ödənişlər edildiyindən, məhkəmə həmin ödənişlərin əsas borcdan çıxılaraq yerdə qalan məbləğin cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını məqsədəuyğun hesab edir. Eləcə də, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 10 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 11.145,26 manat əsas borc, 159,30 manat faiz, 10 manat cərimə və ödənilmiş dövlət rüsumunun 110 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış ekspertizası tədqiqatının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar