Məhkəmə qərarları › İş №e-2(006)-3107/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3107/2022

13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3107/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 584 saylı müqaviləyə əsasən, “Hyundai Elantra” markalı **-SN-*** dövlət nişanlı nəqliyyat vasitəsi üçün 1585 manat icarə haqqı və ödənilmiş 36 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barəsində qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, İddiaçı MMC ilə xx.xx.2021-ci il tarixli 584 saylı müqaviləyə əsasən, “Hyundai Elantra” markalı **-SN-*** dövlət nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək günlük 35 (otuz beş) manat ümumi 1585 (min beş yüz səksən beş) manat olmaq şərti ilə icarəyə vermişdir və nəticədə 120 (yüz iyirmi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 1585 (min beş yüz səksən beş) manat borcu ödənilməmiş saxlamışdır. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunsa da, cavabdeh hər dəfəsində borcun ödnilməsindən yayınmışdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, xx.xx.2021-ci il tarixli 584 saylı icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı MMC (icarəyə verən) “Hyundai Elantra” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı nəqiliyyat vasitəsini Cavabdeh istifadəsinə xx.xx.2021-ci il tarixdən – xx.xx.2021-ci il tarixədək verməyi, Cavabdeh isə (icarəçi) icarəyə verilmiş nəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən edilmiş məbləği İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür.. xx.xx.2021-ci il tarixli təhvil-təslim aktına əsasən icarə müqaviləsi üzrə «Hyundai Elantra» markalı, **-SN-*** dövlət nişanlı nəqiliyyat vasitəsi tam qüsursuz halda Cavabdeh təhvil verilmişdir. xx.xx.2022-ci il tarixli pritenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№17100) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən icarə müqaviləsinə əsasən, icarəyə verən (iddiaçı) icarə müqaviləsinin predmetini icarəçiyə (cavabdehə) verməyi, icarəçi isə müqavilədə nəzərdə tutulan qaydada günlük icarə haqqını icarəyə verənə (iddiaçıya) ödəməyi öz öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı icarə müqaviləsi üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni «Hyundai Elantra» markalı, **-SN-*** dövlət nişanlı nəqiliyyat vasitəsini tam qüsursuz halda Cavabdeh təhvil versə də, cavabdeh icarə müqaviləsinin şərtlərini pozaraq müvafiq ödənişləri həyata keçirməmiş və nəticədə onun xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən 1.585 manat məbləğində borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra – MM) 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qeyd edir ki, müqavilə üzrə nəqliyyat vasitəsinin istifadə üçün yaralı vəziyyətdə icarəçiyə təhvil verilməsi halının məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi cavabdeh üzərinə düşür. Beləliklə məhkəmə, icarə haqqının ödənilməsinə dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin pulun iddiaçıya ödənilməsini təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqının vaxtlı-vaxtında icarə verənə ödənilməsi halı öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən icarə müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuş, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən yaranmış borc üzrə 1585 manat borc və dövlət rüsumu kimi ödənilmiş 36 manat, cəmi 1621 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. İcarə haqqı olaraq 1.585 manat və dövlət rüsumu kimi ödənilmiş 36 manat, cəmi 1.621 (bir min altı yüz iyirmi bir) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar