Məhkəmə qərarları › İş №e-2(006)-312/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-312/2025

26.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-312/2025 26.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 6.912,74 (altı min doqquz yüz on iki manat 74 qəpik) manat bundan 2.610,78 (iki min altı yüz on Manat 78 qəpik) manat əsas, 1.982,88 (bir min doqquz yüz səksən iki manat 88 qəpik) manat faiz, 1.943,96 (bir min doqquz yüz qırx üç manat 96 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 375,12 (üç yüz yetmiş beş manat 12 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 89,13 (səksən doqquz manat 13 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia əriəzsində qeyd edilən halları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış 1280/14 nömrəli Kredit Kartın Verilməsi və İstifadəsi üzrə Müqaviləyə əsasən cavabdeh üçün xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək 4.000 (dörd min) Manat məbləğində kredit xətti açılmışdır. Daha sonra tərəflər arasında Kredit Kartın Verilməsi və İstifadəsi üzrə Müqaviləyə əsasən Əlavə Saziş bağlanmış və kreditin müddəti xx.xx.2021ci il tarixədək uzadılmışdır. Hazırda Bank tərəfindən Kredit Kartın Verilməsi və İstifadəsi üzrə Müqaviləyə əsasən tərəflər arasında bağlanmış Əlavə Sazişlərin və onlara əlavə edilmiş sənədlərin məhkəməyə təqdim edilməməsinin səbəbi İddiaçı ASC-nin lisenziyasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 22 dekabr 2017-ci il tarixli 49 saylı qərarı ilə ləğv edildikdən və müflis elan edildikdən sonra filialların bağlanması və filiallarda olan sənədlərin məhv edilməsi, itirilməsi və ya korlanması olmuşdur. Müqaviləyə əsasən müştəri kredit xətti üzrə ödənişləri gecikdirdikdə, o cümlədən hesablanmış faizləri, cəriməni və ya komissiya haqlarını vaxtında ödəmədikdə Bank yaranan borc məbləğini bu Müqavilənin 3.7-ci maddəsində göstərilən digər təminat hesabına Banka qaytarılmasını təmin etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 6.912,74 (altı min doqquz yüz on iki Manat 74 qəpik) Manat təşkil edir. Bundan 2.610,78 (iki min altı yüz on Manat 78 qəpik) Manat əsas, 1.982,88 (bir min doqquz yüz səksən iki Manat 88 qəpik) Manat faiz, 1.943,96 (bir min doqquz yüz qırx üç Manat 96 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 375,12 (üç yüz yetmiş beş Manat 12 qəpik) Manat faiz borcu təşkil edir. İddia müddətinin tətbiqi barədə ərizənin əsaslandırıldığı hallar: Cavabdeh ilə "xxxx" ASC arasında imzalanmış kredit kartından istifadəyə dair müqavilə üzrə iddia müddəti ötmüşdür. Belə ki, iş materiallarında olan sənədlərdən göründüyü kimi, kredit xətti müqaviləsi xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixə kimi bağlanmışdır. O, öhdəliklərini xx.xx.2015-ci il tarixə kimi icra etməli idi, lakin öhdəliklərini üzrlü səbəblərdən icra edə bilməmiş və həmin xx.xx.2015-ci il tarixdən də hüquqlarının pozulduğu iddiaçıya məlum olmaqla iddia müddətinin axımı başladı. Həmçinin, onunla bank arasında kredit müqaviləsinin müddətinin uzadılması barədə hər hansı əlavə saziş də imzalanmamışdır, iddiaçının bu barədə iddiada göstərdikləri həqiqətə uyğun deyildir və göründüyü kimi, iddiaçı istinad etdiyi halı sübut edən hər hansı sənədi də məhkəməyə təqdim edə bilməmişdir. İstər kredit müqaviləsinin müddətini, istərsə də hesabdan çıxarış üzrə müddətləri götürdükdə iddiaçının AR Mülki Məcəlləsinin 373-cü maddəsində nəzərdə tutulmuş üç illik iddia müddətini ötürdüyü açıq-aşkar görünür. Yuxarıda qeyd edilənləri və AR Mülki Məcəlləsinin 373-375-ci maddələrini rəhbər tutaraq, mülki iş üzrə iddia tələbinə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyib, ərizə təqdim edərək hazırkı tələbə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, yekun məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: xx.xx.2014-cü il tarixli 1280/14 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə 4000 manat məbləğində kredit xətti açılmışdır. **********395 saylı xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh LPO İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 2610 manat 78 qəpik (iki min altı yüz on manat yetmiş səkkiz qəpik) əsas borc, 1982 manat 88 qəpik (bir min doqquz yüz səksən iki manat səksən səkkiz qəpik) faiz, 1943 manat 96 qəpik (bir min doqquz yüz qırz üç manat doxsan altı qəpik) cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 375 manat 12 qəpik (üç yüz yetmiş beş manat on iki qəpik) faiz olmaqla, cəmi 6912 (altı min doqquz yüz on iki) manat məbləğində borcunun olması qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, LPO İddiaçı ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 89.13 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/7089 saylı ekspert rəyinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ekspeert qarşısında qoyulmuş sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. xx.xx.2025-ci il tarixli ekspertiza xərclərinə dair bilıdirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə (hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş redaksiya) Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 376. İddia müddətinin əlavə tələblərə tətbiqi Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarları “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. ... Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərar: “ ... Mülki Məcəllənin 376-cı maddəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddətinin keçdiyi təsbit edilmişdir. Əsas tələb üzrə iddia müddətinin keçməsi səbəbindən onun məcburi icrası mümkün olmadığından, bu tələblə bağlı olan girov və ipotekaya da məcburi tutmanın yönəldilməsi istisna edilmişdir. Beləliklə, əlavə öhdəlik kimi ipoteka müstəqil deyil, əsas öhdəlikdən asılıdır və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxırsa, bu halda əsas öhdəliyin təminatı olan ipoteka üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanı itirilmiş olur.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərar: “... iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. ... Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları “Stanyo Belçikaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli Qərar: “Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.” “Stubbings və başqaları Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli Qərar: “İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni, hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır” Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1280/14 saylı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə 4000 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Müəyyən edilmişdir ki, tərəflər arasında 12 ay müddətinə bağlanmış kredit kartının verilməsi və istifadəsi üzrə xx.xx.2014-cü il tarixli müqavilənin müddəti xx.xx.2015-ci ildə bitmişdir. İddiaçı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2015-ci il tarixdən üç illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmək imkanına xx.xx.2018-ci il tarixədək malik olmuşdur. İddiaçı cavabdehə qarşı müqavilə üzrə müəyyən edilmiş 3 illik tələb etmə müddəti ərzində öhdəliyin icrasını tələb etmə hüququndan istifadə etmək imkanına xx.xx.2018-ci il tarixədək malik olsa da, hazırkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir. Belə olan halda, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. İddiaçı iddia ərizəsində sözügedən müqavilənin xx.xx.2021-ci il tarixinədək uzadılmasına dair əlavə saziş bağlandığını bildirsə də, müvafiq sazişi məhkəməyə təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sübut etmək vəzifəsinə uyğun olaraq, iddiaçı kredit müqaviləsinin müddətinin uzadılmasını təsdiq edən Əlavə Sazişi məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı həmin sübutu məhkəməyə təqdim etməmiş və MPM-in 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin cavabdeh də bildirmişdir ki, onunla belə bir Saziş bağlanılmamış, göstərilən müddətə uzadılma həyata keçirilməmişdir. İddiaçı öz dəlillərini əsaslandırmaq üçün sübutları təqdim edə bilmədiyi halda, cavabdeh üzərində əks dəlilləri əsaslandırmaq üçün sübut təqdim etmək öhdəliyinin müəyyən edilməsi, ilk növbədə, tərəflərin bərabərliyi prinsipinə, ümumiyyətlə MPM-də əks etdirilmiş ədalət mühakiməsinin prinsiplərinə sığışmır. (AR Ali Məhkəməsinin Kommersiya Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-2(102)- 575/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı) Bu baxımdan, tərəflər arasında kredit müqaviləsinin müddətinin uzadılması sübut olunmadığına görə xx.xx.2015-ci il tarixdən sonra tərəflər arasında MM-in 386.1-ci maddəsinin tələbləri baxımından öhdəlik münasibətlərinin yaranması öz təsdiqini tapmır. Odur ki, məhkəmə əsas, faiz və cərimə borcunun müqavilədən irəli gələn tələb olduğunu nəzərə alaraq, həmin tələblərə münasibətdə iddia müddtini tətbiq edərək rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının tələb etdiyi illik 5% pul tələbi ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunan faizi tələb etmə hüququ qanundan irəli gəlir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilən faiz əslində pul məbləğinin ödənilməsini gecikdirən borclunun gecikdirmə nəticəsində vurduğu zərərin əvəzinin ödənilməsi məqsədilə kreditorun tələb etdiyi pul kompensasiyasıdır. Həmin maddənin dispozisiyasından da görünür ki, norma ilə nəzərdə tutulan hüquqi nəticənin gerçəkləşməsi borclunun pul məbləğinin (kredit müqaviləsi üzrə borcunun) ödənilməsini gecikdirməsindən, yəni, əsas müqavilə tələbi üzrə öhdəliyin icrasından asılıdır. Başqa sözlə, borclu Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə əsas borc öhdəliyinin icrası hər hansı (iş üzrə iddia müddətinin keçməsi) səbəbdən tələb edilə bilmirsə, o halda iddiaçı eyni (iş üzrə iddia müddətinin keçməsi) əsası ilə həmin tələbə əlavə və ondan bilavasitə asılı olan zərərin əvəzinin ödənilməsini də tələb edə bilməz. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunu intizamlandırmaq, pul məbləğinin ödənilməsini gecikdirdikdə, kreditorun hər bir halda ondan gecikdirilmiş vaxt üçün minimum illik beş faiz həddində zərər tələb edə biləcəyini əvvəlcədən nəzərinə çatdıraraq, onu daha ağır sanksiyalardan çəkindirmək funksiyası daşıyır. Məhkəmə bu qaydada nəticəyə gələrkən Mülki Məcəllənin 554.3-cü maddəsinin də Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında verilən şərh rəhbər tutulmaqla təfsir edilməli olduğunu xüsusi qeyd edir. Həmçinin, sözügedən nəticə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında əlavə (müstəqil olmayan) öhdəliklərin əsas öhdəliklərdən asılılığı və əsas öhdəlik üzrə pozulmuş hüquqların məhkəmə qaydasında bərpası imkanı məhkəmə tərəfindən Mülki Məcəllənin 375.2-ci maddəsi tətbiq edilərək aradan qalxarsa, bu halda əsas öhdəliyin təminatı olan əlavə hüquqlar üzrə də pozulmuş hüquqların məhkəmə qaydasında müdafiə imkanının itirilmiş olması barədə hüquqi mövqeyinə uyğundur. Bu anlamda, məhkəmə həmin hissədə də iddia tələbinin iddia müddəti tətbiq edilməklə rədd edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar