Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3136/2025 12.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin həcminin artırılması tələbinə dair" iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "aliment məbləğinin həcminin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahlarından olan 22 dekabr 2008-ci il təvəllüdlü X8 və 03 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Yasamal Rayon Məhkəməsinin 2-(004)-7209/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsində tutulan alimentin miqdarı dəyişdirilərək, 22 dekabr 2008-ci il tarixdə anadan olmuş X8 və 03 dekabr 2013-cü ildə anadan olmuş X1 üçün hər ay hər uşaq üçün sonrakı illər üzrə artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,625 misli həddində (400x0.625=250 manat) sabit pul məbləğində alimentin və həmçinin mediasiya arayışının əldə edilməsi üçün tərəfindən ödənilən 50 manat rüsum pulunun cavabdehdən alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə birgə nikahlarından 22 dekabr 2008-ci il təvəllüdlü X9 və 03 dekabr 2013-cü il təvəllüdlü X10 anadan olmuşdur. Cavabdehlə nikahları Nəsimi Rayon Məhkəməsinin 2(006)-449/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikah pozularkən uşaqlar atalarının himayəsinə verilsə də daha sonra tərəfindən uşaq tələbinə dair məhkəməyə müraciət edilmiş və Yasamal Rayon Məhkəməsinin 15 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək uşaqların cavabdehin himayəsindən alınaraq ona verilməsi qət edilmişdir. Sonradan tərəfindən alimentin təyin edilməsi tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edilib və Yasamal Rayon Məhkəməsinin 2-(004)-7209/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə-iddia tələbi qismən təmin edilərək 22 dekabr 2008-ci il təvəllüdlü X9 və 03 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi saxlanılmalarına görə hər ay Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Cavabdeh hal-hazırda ona 2 uşaq üçün rəsmi gəlirlərinin 1/3 hissə olan 267 manat aliment ödəyir. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş cavabdehin qazancın (başqa gəlirlərin) 1/3 (üçdə bir) hissəsi olan 267 manatla indiki çətin dövürdə uşaqların gündəlik tələbatını, geyimini, sağlamlığını, maddi təminatını, təhsil xərcləri və digər xərclərinin ödənilməsi üçün kifayət etmir. Məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra keçən müddətdə ərzaq və gündəlik təlabat mallarının, o cümlədən kommnal xidmətlərin qiymətləri xeyli bahalaşmışdır, yaşayış minimumu uşaqlar üçün dəyişmişdir. Uşaqlar böyüdükcə tələbatları artsa da, buna cavabdeh olan Cavabdeh uşaqlara qarşı demək olar ki, heç bir diqqət və qayğı göstərmir. Hazırkı dövrdə uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatını ödəməkdə tək qadın olaraq çox çətinliklərlə-üzləşir. Musayev- Samir Məhəmmətf oğlu isə məhkəmə qətnaməsi itə müəyyən edilmiş alimenti ödəməklə öz valideylik borcunu bitmi hesab edir. Bundan əlavə oğlu kollecdə ödənişli əsaslarla oxuyur, lakin cavabdeh illik ödənişlə bağlı heç bir maddi köməklik göstərmir. Göründüyü kimi məhkəmə qətnaməsi ilə aliment qət edildikdən keçən müddətdə şərait dəyişmiş, qət edilmiş alimentin miqdarı uşağın qanunla müəyyən edilmiş minimum həddə saxlanılması üçün kifayət etmir. Ölkə üzrə 2025-ci il üzrə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-cü ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. Tərəfindən aralarındakı mübahisənin Mediasiya ilə həlli təklif edilmiş və mübahisə üzrə xx.xx.2025-ci il tarixdə ilkin mediasiya prosesi keçirilmiş, lakin cavabdehlə razılıq əldə edilməməsi səbəbidən əlavə mediasiya prosesi baş tutmamış yaranmış mübahisənin həlli üçün tərəfindən məhkəmədə iddia tələbi ilə çıxış etmək zərurəti yaranmışdır. Bununla bağlı mediator X14 tərəfindən müvafiq arayış verilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 22 dekabr 2008-ci il təvəllüdlü X9 və 03 dekabr 2013-cü il təvəllüdlü X10 adlı övladları dünyaya gəlmişdir. Nəsimi Rayon Məhkəməsinin 2(006)-449/2016 saylı, xx.xx.2016-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş, Yasamal Rayon Məhkəməsinin qətnaməsinin 2(004)-7209/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 22 dekabr 2008-ci il təvəllüdlü X9 və 03 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək uşaqları üçün ödənilən alimentin artırılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir. b) Mülki işin materialları: İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 240161 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 230521 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X3 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasmal rayon Məhkəməsinin 2(004)-7209/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsi ilə 22 dekabr 2008-ci il təvəllüdlü X8 və 03 dekabr 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay Cavabdeh qazancın və başqa gəlirlərin 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi və alimentin tutulmasının 13 noyabr 2019-cu il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 280400 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X6 qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/18/2025-00219 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 15:30-da keçirilən ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat məbləğ və 10 manat poçt xərci iddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi 1 saylı Xidmət və Əməliyyat Mərkəzi tərəfindən verilmiş 183 №-li, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh həqiqətən xx.xx.2013-cü ildən Bakı şəhəri Zakir Məmmədov adına 103 nömrəli tam orta ümumtəhsil məktəbində Fiziki Tərbiyə müəlimi vəzifəsində işləyir və onun aylıq əmək haqqı 996.33 manatdır. İş materiallarında olan 1 saylı Bakı Dost Mərkəzi tətəfindən verilmiş 29 may 2025-ci il tarixli arayışdan görünür ki, X6 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən işsiz kimi qeydiyyatdadır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə övladlarının olması, uşağın iddiaçının yanında qalması, onun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Qeyd edilən müddəalardan göründüyü kimi, qanun valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsini imperativ qaydada tələb edir. Bir-birindən ayrı yaşayan valideynlər isə bu vəzifələrini, başlıca olaraq uşaq yetkinlik yaşına çatanadək aliment ödəməklə yerinə yetirmiş olurlar. İddiaçı hazırkı iddia ilə əvvəlki məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin məbləğinin artırılmasını tələb edir və iddiasının əsas dəlili kimi qeyd edir ki, təyin edilmiş aliment uşaqların daimi artan zəruri maddi ehtiyaclarını ödəmək üçün yetərli deyil. Məhkəmə iddiaçının göstərdiyi dəlililə bağlı qeyd edir ki, alimentin sonradan dəyişdirilməsinin qanuni əsasları Ailə Məcəlləsinin 112.1.-ci maddəsində müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilən müddəadan da görünür ki, qanun məhkəmə tərəfindən alimentin müəyyən edildikdən sonra onun miqdarının dəyişməsinin zərurliyini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində baş vermiş dəyişikliklə şərtləndirilmişdir. Göstərilən müddəada birbaşa nəzərdə tutulmasa da, lakin uşaq hüquqları ilə bağlı digər qanunvericilik müddəalarında uşaqların maddi təminatının ən azı minimum yaşayış səviyyəsində artıq olmasını müəyyən etmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Nəzərə alınmalıdır ki, tərəflərin doğulmuş uşağın saxlanılması üçün alimentin miqdarının artırılması barədə sonuncu qətnamə qəbul edildikdən sonra, yəni 2019-cu il tarixdən bəri uşaqların saxlanması üçün minumum xərclər artırılmış və “Yaşayış minimumu haqqında” “Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il qərarında göstərilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə hesab edir ki, uşaqlar üçün müəyyən edilmiş illik yaşayış minimumunun artırılması alimentin məbləğinin dəyişdirilməsinin mütləq şərti kimi nəzərdə tutulmasa da, uşaq hüquqlarını qoruyan digər qanunvercilik müddəaları nəzərə alınmaqla, həmin xərclərinin artırılması alimentin məbləğinin də dəyişdirilməsini zəruri edir. Eyni zamanda, uşaqların maddi təminatlarının mümkün qədər yüksək saxlanılması onların fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və ləyaqətli həyat şəraitində inkişaf etməsini şərtləndirən amillərdən biridir. Bütün bunlar nəzərə alınmaqla, məhkəmə hesab edir ki, uşaqların saxlanması üçün əvvəl müəyyən edilmiş alimentin onların artmış minimal xərclərinə uyğunlaşdırılması da alimentin məbləğinin artırılması kimi nəzərə alına bilər. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, tərəflərin anadan olmuş uşaqlarının saxlanılması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilsə də, uşağın saxlanması üçün müəyyən edilmiş minimum xərclərin artırılması nəzərə alınmaqla, hazırda həmin aliment onun maddi tələbatlarının ödənilməsi üçün yetərli hesab edilə bilməz. Nəzərə alınmalıdır ki, artan xərclər nisbətində əvvəl müəyyən edilmiş aliment cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını da tam əhatə etmir. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etməsə də, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Odur ki, əvvəlki məhkəmə qətnaməsi ilə hər ay Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulduqdan sonra bir uşağın saxlanması üçün qanunla müəyyən edilmiş minimum xərcin məbləğinin bir neçə dəfə artırılaraq 2025-ci il üzrə 246 manata çatdırıldığını, uşağın saxlanılması üçün minimum yaşayış təminatının təmin edilməsinin zəruri olmasını, habelə uşağın maddi təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanılmasını məhkəmə nəzərə alaraq, iddiaçının hazırkı iddia tələbi məhkəməyə müraciət etməsini haqlı hesab edir. Məhkəmə bir daha qeyd edir ki, alimentin tutulmasının əsas məqsədi uşaqların maddi təminatının, tərəflərin maddi vəziyyəti və digər hallar nəzərə alınmaqla, yüksək səviyyədə saxlanılması, habelə onların hüquq və mənafelərinin qorunmasına xidmət edir. Valideynin uşaqları saxlamaq vəzifəsi isə həm Konstitusiyada, həm Ailə Məcəlləsində, həm də uşaq hüquqları haqqında yerli və beynəlxalq qanunlarda imperativ qaydada nəzərdə tutulmuşdur. Lakin, maddi durumu imkan verdiyi halda, uşağın saxlanılması üçün valideyndən tutulan alimentin məbləği məhkəmə tərəfindən elə həddə müəyyən edilməlidir ki, bu valideynin uşağı saxlamaq vəzifəsinə, habelə uşaqların sağlamlığına, onların psixi, fiziki, mənəvi inkişafına dair məsuliyyət həddinə də mütənasib olsun. Ailə Məcəllənin 78.2-ci maddəsi də müəyyən edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Lakin məhkəmə onu da qeyd edir ki, cavabdehin hazırda rəsmi nikahından yetkinlik yaşına çatmamış xx.xx.2019-cu il təvəllüdlü X12 adında övladı vardır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə alimentin ödəmələrinin miqdarını müəyyənləşdirən halların dəyişdiyini və və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmaması qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə qarşısında cavabdehin ikinci nikahından yetkinlik yaşına çatmamış uşağının olmasını və həmin uşağın hüquqlarının və təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması baxımından cavabdehin gəlirinin aliment ödənişləri üçün az olmasını nəzərə alınması zərurəti də yaranmışdır. Belə ki, hazırda rəsmi nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X7 gələcəkdə aliment alma hüququnun yarana bilməsini nəzərə alaraq, qeyd edirik ki, vətəndaş E.R.Müsayevaya münasibətdə AR Ailə Məcəlləsinin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə onların valideynlərindən məhkəmə tərəfindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulması norması tətbiq oluna bilər. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, 1 saylı Bakı Dost Mərkəzi tətəfindən verilmiş 29 may 2025-ci il tarixli arayışı ilə X2 işsiz kimi qeydiyyatda olması da müəyyən edilmişdir. Belə ki, cavabdehin 996.33 manat məbləğində olan aylıq əmək haqqından tutmaların gəlirinin 70 faizindən çox olmamasını və digər nikahından olan övladı X7 gələcəkdə valideyninin aylıq qazancından dörddə bir hissəsi miqdarda aliment tutulması hüququnu nəzərə alaraq, aylıq əmək haqqından hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq hesab olunur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Belə olan halda, məhkəmə ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, lakin cavabdehin hazırda rəsmi nikahından olan xx.xx.2019-cu il təvəllüdlü X7 olduğunu da nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Yasamal Rayon Məhkəməsinin 2(004)-7209/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən mediasiya arayışının əldə edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği cəmi 89 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 1068 manat (89x12=1068) müəyyən edildiyindən «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən cavabdehdən dövlət mədaxilinə 30.68 manat məbləğində dövlət rüsumu alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-7209/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən mediasiya arayışının əldə edilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30.68 (otuz manat, altmış səkkiz qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3136/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3136/2025
12.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver