Məhkəmə qərarları › İş №e-2(006)-3151/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3151/2024

17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3151/2024 17.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli, FN-00198-01-/22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 10405.17 manat əsas borc, 275.71 manat faiz borcu, 127.42 manat dəbbə borcu olmaqla, ümumilikdə 10808.3 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 123 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Bank "xxxx" ASC MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli, FN-00198-01- /22A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 8408.3 manat əsas borcun, iddia qaldırılması üçün ödənilmiş 123 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli, FN-00198-01- /22A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 13500 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüş və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 idida tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunmuş: - Bank "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 14 noyabr 2022-ci il tarixli, FN- 00198-01-/22A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Z.Əlyəsovnaya aylıq faiz dərəcəsi 18% оlmaqla, 48 ay müddətinə ödənilməsi şərti ilə 13.500 manat məbləğində kredit verilmişdir. - 07 may 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 14 noyabr 2022-ci il tarixli, FN-00198-01-/22A saylı kredit müqaviləsi üzrə Bank "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə 10405,17 manat əsas, 275,71 manat faiz, 127,42 manat cərimə olmaqla, cəmi 10808,3 manat borcunun olması qeyd edilmişdir. - Bank "xxxx" ASC-nin Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişinə əsasən Z.Əlyəsovnadan banka olan borcun ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv olunacağı və borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. - məhkəmənin qərardadı əsasında daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 oktyabr 2024-cü il tarixli 5966/2024 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 14 noyabr 2022-ci il tarixli, FN-00198-01-/22A saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh iddiaçı Bank "xxxx" ASCyə olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2024-cü il tarixə (sualda göstərilən tarixə) 10588,74 manat - əsas borc üzrə - 10320,41 manat; - faiz borcu üzrə - 268,33 manat. - Bank "xxxx" ASC-nin təqdim etdiyi mədaxil qəbzlərə əsasən Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə 1600 manat, xx.xx.2024-cü il tarixdə 800 manat məbləğində ödəniş həyata keçirilmişdir. - 30 oktyabr 2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 14 noyabr 2022-ci il tarixli, FN-00198-01-/22A saylı kredit müqaviləsi üzrə Bank "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə əsas borcu 8408,3 manat təşkil etməklə, faiz və cərimə borcunun isə olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Beləliklə iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə Bank "xxxx" ASC-dən 13.500 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Nəticədə bank məhkəməyə müraciət edib borcun ödənilməsini tələb etmək məcburiyyətində qalmışdır. İşin araşdırılması zamanı məhkəmə tərəfindən cavabdehin banka olan borc məbləğinin müəyyən edilməsindən ötrü məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və cavabdehin əsas və faiz borcunu əks etdirən rəy daxil olmuşdur. Lakin rəy daxil olduqdan sonra da cavabdeh tərəfindən ödənişlər həyata keçirildiyi üçün bank iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edib, cavabdehin banka olan yalnız əsas borcun ödənilməsini xahiş etmişdir. Belə olan halda iddia tələbi təmin edilərək, qalıq qalmış əsas borc cavabdehdən bankın xeyrinə ödənilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 123 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı isə qeyd edilməlidir ki, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin lazımınca icra edilməməsi nəticəsində bankın məhkəməyə müraciət etməli olması nəzərə alınıb, ödənilmiş dövlət rüsumu cavabdehdən bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 8.408,3 manat əsas borc, ödənilmiş 123 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" ASCyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 8.408,3 manat əsas borc, ödənilmiş 123 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar