Məhkəmə qərarları › İş №e-2(006)-3163/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3163/2025

14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3163/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin iclas-protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi icraata qəbul edilmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-286/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmişdir. Həmin hökmdən apellyasiya protesti verilmiş, xx.xx.2024-cü il tarixdə iddiaçı Şirvan Apellyasiya Məhkəməsinin axtarış qərarına uyğun olaraq Rusiya Federasiyası tərəfindən həbs edilib, müəyyən müddət Rusiya Federasiyasında saxlandıqdan sonra Bakı 3 saylı Təcridxanasında saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(106)-25/2024 saylı qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)- 286/2023 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış və iddiaçı həbsdən azad edilmişdir. Həmin qərardan kassasiya protesti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(102)-835/2025 saylı qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(106)-25/2024 saylı qərarı dəyişdirilməddən saxlanılmışdır. Həmin iş üzrə iddiaçıya CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə ittiham verilmişdir ona görə ki, guya iddiaçı istintaqa məlum olmayan vaxtda və mənbəədə satış məqsədi və tamah niyyəti ilə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin cinayət hadisəsi üzrə o, 08 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonu ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq həmin vaxtdan həbs edilmişdir. Barəsində ittiham aktı tərtib edilərək təqsirləndirilən şəxs kimi məhkəməyə verilmişdir. xx.xx.2023-cü il tarixdə həbsdən azad edilmiş, istintaq orqanı tərəfindən qanunsuz olaraq uzun müddət həbsdə və qətimkan tədbirinin təsiri altında saxlanılmışdır. 1 il 03 ay 29 gün əsassız olaraq İstintaq Təcridxanasında saxlanılmışdır. Bu müddət ərzində polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmış, ona fiziki zor tətbiq edilməsi nəticəsində sağlamlığının uzun müdət pozulmasına səbəb olubdur. Həbsdən buraxıldıqdan sonra uzun müddət müalicələr almış və sağlamlığına ciddi şəkildə ziyan dəymişdir. Belə ki, iddiaçı Rusiya Federasiyasının Leninqrad vilayətində mülicələr almışdır. Həmin müalicələr ona 5000 manata başa gəlmişdir. İstintaq təcridxanasında saxlanıldığı 08 ay 06 gün, sonradan isə saxlandığı 07 ay 23 gün ərzində valideynləri yanına gəlib-getmiş, siqaret və sair ərzaq məhsulları almışlar, yol xərci də nəzərə alınmaqla bütün bunlar təxminən 5000 manata başa gəlmişdir. Eyni zamanda iddiaçı kənd təsərrüfatı, maldarlıqla, mal-qara satışı ilə məşğul olmuşdur. Özünə məxsus sahədə əkinlə məşğul olurdu və xeyli mal-qara saxlayırdı. İddiaçı həbsdə olduğu müddətdə torpaq sahəsində əkin işləri aparılmamış, malqara isə baxımsız qaldığından ölmüşlər. İstintaq orqanının təqsiri üzündən ona 35.000 manat ziyan dəymişdir. Göstərilənlərə əsasən qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməyi üçün mənəvi ziyan olaraq 20.000 manat, qətimkan tədbiri kimi həbsdə saxlanılmağı müddətdə məşğul olduğu kənd təsərrüfatı sahəsində ona dəymiş ziyana görə ödənilməli olan 35.000 manat, müalicələri üçün xərclənmiş 5000 manat, istintaq təcridxanasında saxlanıldığı müddətdə ona ərzaq, gigenik vasitələr, siqaret və sair məhsulların alınması üçün xərclənmiş 5000 manat, cəmi 65.000 manat məbləğində pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 3.Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi etiraz təqdim edərək, İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi”nə dair iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı hüquqmühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin başlanılmasını və həbsdə saxlanılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş ziyana görə maddi ziyanın əvəzi olaraq 45.500 manat, mənəvi ziyanın əvəzi olaraq 10.000 manat pulun Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. İddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsində qeyd edilən tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir. Həmçinin, iddiaçının işsiz qaldığı dövr ilə əlaqədar olaraq hansı həcmdə gəlir əldə etdiyini, cinayət məsuliyyətinə cəlb olunduğuna görə gəlirinin hansı həcmindən məhrum olmasına dair mötəbər sübutlar işə əlavə edilmiş sənədlərdə mövcud deyildir. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində maddi və mənəvi ziyana məruz qalmasını əsaslandırdığı hallarla bağlı sənədlər təqdim edilmədiyindən iddia əsassız hesab olunmalıdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliti tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 5.Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçıya Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə AR Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilmiş, daha sonra dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, bunun nəticəsində iddiaçı Rusiya Federasiyasında olduğuna görə orada saxlanılmışdır. Ümumilikdə o, təqribən 16 ay qanunsuz həbsdə saxlanılmışdır. İddiaçı Rusiya Federasiyasında ay yarım müalicə almışdır. Odur ki, qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə suallara cavab olaraq kənd təsərrüfatı ilə məşğul olanların vergidən azad olduqlarını, ona görə vergi ilə bağlı bir sübut təqdim edə bilmədiyini, həmçinin satış qaimələrinin də olmadığını, iddiaçının Rusiya Federasiyasında müalicə almasına səbəb kimi döyüldüyünə görə ayaqlarının tutulduğunu, hətta həbsdən azad olduqdan sonra belə onun gəzməkdə çətinlik çəkdiyini, lakin hazırda sübut olmadığını bildirmişdir. 6.Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və müstəqil tələb irəli sürməyən üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 7.Məhkəmə iddiaçının nümayəndəsi-vəkilinin izahatını və çıxışını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-286/2023 saylı hökmünə əsasən 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin 04 fevral 2023-cü il tarixli qərarı ilə həbsdə saxlama müddəti 02 ay müddətə, yəni 08 aprel 2023-cü il tarixədək uzadılmış və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan və Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı cinayətin törədilməsinə aidiyyəti olmadığına və təqsirliliyi sübuta yetirilmədiyinə görə AR CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilmişdir. 9.Mülki işin materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(106)-25/2024 saylı qərarına əsasən apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraət hökmü dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 10.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-835/2025 saylı qərarına əsasən kassasiya protesti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 11.Mülki işin materiallarında olan Bakı İstintaq Təcridxanası tərəfindən verilən 14 iyun 2023-cü il tarixli, 5100 nömrəli Arayışa əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanılmış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə cinayət əməli sübuta yetirilmədiyinə görə bəraət verilərək barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək Bakı İstintaq Təcridxanasında həbsdən azad olunub. 12.Mülki işin materiallarında olan 25 sentyabr 2024-cü il tarixli, 21 nömrəli Arayışdan görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cəza çəkmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək azad olunmuşdur. 13.Mülki işin materiallarında olan Leninqrad vilayətinin Gatçina şəhər məhkəməsinin həbs müddətinin uzadılmasına dair xx.xx.2024-cü il tarixli qətnaməsinin Azərbaycan dilinə tərcümə edilmiş surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı İddiaçı həbs müddəti 04 ay 21 gün, cəmi 06 ay 00 gün, yəni 15 avqust 2024-cü il tarixədək uzadılmışdır. 14.Mülki işin materiallarında olan vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixli ərizəyə əsasən iddiaçının fəaliyyəti xx.xx.2025-ci il tarixdən xx.xx.2125-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. 15.Mülki işin materiallarında olan 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilən 20 iyun 2025-ci il tarixli uçota dair arayışdan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilir ki, xx.xx.2016-cı il tarixdən vergi orqanında vergi ödəyicisi kimi uçotda olması barədə məlumat aşkar edilmişdir. Fəaliyyəti xx.xx.2016cı il tarixdən xx.xx.2018-ci il tarixədək aktiv olmuş, təqdim etdiyi müvafiq arayışlara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək dayandırılmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək aktiv olmuş, xx.xx.2025-ci il tarixdən xx.xx.2125-ci il tarixədək dayandırılmışdır. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutulmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri sübuta yetirilmədiyindən, ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmiş və barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri ləğv edilərək, dərhal həbsdən azad edilmişdir. 17.Müəyyən edilmişdir ki, bundan sonra iddiaçı Rusiya Federasiyasına getmiş, barəsində çıxan bəraət hökmündən apellyasiya protesti verildiyi üçün Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli axtarış qərarına əsasən xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyasının müvafiq orqanı tərəfindən saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilmiş, bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmış və iddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək azad edilmişdir. Sonda Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarına əsasən isə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 18.Hazırda iddiaçı, qanunsuz olaraq həbs edildiyi üçün ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 20.000 manat, fiziki zorakılığa məruz qaldığına görə çəkdiyi müalicə xərcinin əvəzi olaraq 5.000 manat, həbsdə saxlanıldığı müddətdə ona ərzaq, siqaret və s. alınması üçün çəkilən xərcin əvəzi olaraq 5.000 manat, eləcə də həbsdə saxlanıldığı müddətdə kənd təsərrüfatı ilə məşğul ola bilmədiyi üçün ona dəyən maddi ziyanın əvəzi kimi isə 35.000 manat olmaqla, ümumilikdə 65.000 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 56.0, 56.0.5-ci maddələrinə əsasən qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 57.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir; 58.2-ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 58.3-cü maddəsinə əsasən bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. 20.«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096, 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 22.«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. 23.«Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxudqadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır 24.İddiaçı barəsində ilk dəfə 08 oktyabr 2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, daha sonra 16 fevral 2024-cü il tarixdən 25 sentyabr 2024-cü il tarixədək müddətə, yəni ümumilikdə 15 ay 15 gün müddətinə qanunsuz olaraq cinayət işi üzrə icraat aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır. 25.İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı, hüquq-mühafizə orqanlarının qanunsuz hərəkətləri ilə bağlı 45.000 manat (35.000 manat kənd təsərrüfatı sahəsində dəymiş ziyan, müalicə xərci kimi 5.000 manat, ərzaq, siqaret və s. alınması üçün xərclənmiş 5.000) maddi zərərə məruz qaldığını iddia etsə də, o, bu zərərin real olmasını (kənd təsərrüfatı sahəsində konkret qazancının, müalicəyə, həmçinin ərzaq, siqaret və s. tələbatlara dair qəbzlərin olmasını) sübuta yetirməmişdir. Xüsusilə qeyd edilməlidir ki, məhkəmə tərəfindən maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Maddi zərər tələbi üzrə araşdırma aparılarkən şəxsin ehtimal edilən deyil, məhz real zərər və əldən çıxmış fayda qismində zərərə məruz qalması halı müəyyənləşdirilməli, habelə həmin zərərin məbləği mülahizə əsasında və ya ağlabatan həddə deyil, yalnız buna dair təsdiqedici sübutlar əsasında tutulmalıdır. Qeyd olunan sübutların iddiaçı tərəfindən təqdim edilməməsi isə məhkəmənin maddi zərərlə bağlı iddianı rədd etməsi üçün əsas hesab olunur. Belə ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. 26.İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, 16 aya yaxın müddət ərzində iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində 08 oktyabr 2022-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli bəraət hökmü ilə ləğv edilmiş, iddiaçı dərhal həbsdən azad edilmiş, daha sonra xarici dövlətin ərazisində olduğu üçün barəsində axtarış qərarı qəbul edilərək, barəsində yenidən xx.xx.2024-cü il tarixdə seçilmiş həbs qətimkan tədbiri Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ləğv edilmiş və həbsdən azad edilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. 27.Odur ki, iddiaçıya barəsində qanunsuz aparılan cinayət işi üzrə və prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı mənəvi zərər dəyməsi aşkardır. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. İddiaçıya dəymiş mənəvi zərərə görə tələb olunan məbləğdə deyil, 16.000 (on altı min) manat həcmində kompensasiya ödənilməsini məhkəmə ağlabatan və ədalətli hesab edir. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 16.000 (on altı min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir. 28.Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 16.000 (on altı min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir 29.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 31.Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 32.Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 33.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 16.000 (on altı min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar