Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-318/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5059 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə 17 may 2024, cümə tarixinə "xxxx" KB ASC-yə 5059 AZN əsas,937,17 AZN faiz, 13,14 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6009,31 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçının tələbi: Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5059 AZN əsas, 937,17 AZN faiz, 13,14 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6009,31 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 80,50 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd təqdim olunmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, krediti pandemiya dövründə götürmüşdür və vaxtlı-vaxtında ödənişlərini edirdi. Sonradan ailə vəziyyəti ilə əlaqədar ödənişləri edə bilməmişdir. Ona vaxt verdilər ki, ödənişləri etsin. Bank əməkdaşı onu aldadaraq bildirmişdir ki, “bura imza çək, borcu qrafikə salacayıq, ödəyəcəksən”. Onu aldadaraq çağırmışdılar. İmza çəkib evə gələndən sonra görmüşdür ki, 3800 manatdan çox faiz yazıblar. O, faizi bilməmişdir, bilsə idi, razılıq verməzdi. Blank göndərdilər, baxdı ki, 10000 manata yaxın borc var. Tərəflər yekun məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər: İddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5059 manat məbləğində kredit verilmişdir. "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, BANK/PİKMD/1191487 nömrəli maliyyə arayışına əsasən Cavabdeh "xxxx" KB ASC-yə xx.xx.2024-cü il tarixə 5059 (beş min əlli doqquz) manat əsas, 937,17 manat faiz, 13,14 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 6009,31 manat məbləğində borcu vardır. "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanan bildirişdən görünür ki, Cavabdeh banka olan 5059 (beş min əlli doqquz) manat əsas, 471,94 manat faiz, 7,10 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5538,04 manat məbləğində borcunu tam olaraq 3 iş günü müddətinə ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 80,10 manat məbləğində dövlət rüsumu və xidmət haqqı ödəmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10610 nömrəli ekspert rəyinə əsasən, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdehnun xx.xx.2024-cü il tarixə banka olan borcu - əsas borc üzrə 5059,00 manat, faiz borcu üzrə 470,13 manat təşkil edir. Ekspertiza xərcinə dair bildirişə əsasən aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minir. (dərc edilmə tarixi 31 mart 2023-cü il) Tərəflər arasında hüquq münasibətləri xx.xx.2023-cü il tarixdə, yəni Mülki Məcəlləyə edilmiş müvafiq dəyişikliklərdən əvvəl yarandığından Mülki Məcəllənin həmin dövrdə qüvvədə olan redaksiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (əvvəlki redaksiya) 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. (əvvəlki redaksiya)
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (əvvəlki redaksiya)
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Göründüyü kimi, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, cavabdeh kredit və hesablanmış faizləri ödəlməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı bank qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh tərəfindən müqavilə üzrə borcun ödənilməsi tam təmin edilmədiyindən iddiaçı tərəfindən ona bildiriş göndərilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş üzrə cavabdeh tərəfindən hesablanmış faiz borcunun məbləği mübahisələndirildiyindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/10610 nömrəli ekspert rəyinə əsasən, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdehnun xx.xx.2024-cü il tarixə banka olan borcu əsas borc üzrə 5059 (beş min əlli doqquz) manat, faiz borcu üzrə 470,13 (dörd yüz yetmiş manat on üç qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın faiz borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, faiz borcu ekspert rəyində göstərilən həddə - cavabdehə pretenziya göndərilən tarixə uyğun hesablanmış məbləğ həddində tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə müqavilə üzrə yaranmış bütün borcun ödənilməsi ilə müqaviləyə xitam verilməsinin tələb olunması, yəni iddiaçının pretenziya edərək cavabdehə xəbərdarlıq müddəti verməsi və cavabdehin bu müddət ərzində hərəkətsiz qalmasından sonra müddətin bitməsi ilə onlar arasında olan müqavilə münasibətləri iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz həmin tarixədək yaranmış faiz borcunu tələb etməyə hüququ olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, cavabdehdən 470,13 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, cərimə məbləğinin 5 manata qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5059 (beş min əlli doqquz) manat əsas borc, 470,13 (dörd yüz yetmiş manat on üç qəpik) manat məbləğində faiz borcu, 5 manat cərimə olmaqla, cəmi 5534,13 (beş min beş yüz otuz dörd manat on üç qəpik) manat məbləğində borc iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 80,10 manat dövlət rüsumunun 70 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Həmçinin, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5059 (beş min əlli doqquz) manat əsas borc, 470,13 (dörd yüz yetmiş manat on üç qəpik) manat məbləğində faiz borcu, 5 manat cərimə, cəmi 5534,13 (beş min beş yüz otuz dörd manat on üç qəpik) manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Həbibə Miriyeva