Məhkəmə qərarları › İş №e-2(006)-3206/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3206/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3206/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi ilə İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “limitin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “limitin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq kart vasitəsilə nağd və nağdsız ödənişlər üzrə tətbiq edilən 1 AZN limitinin aradan qaldırılması, başqa sözlə, limitlərin kredit rəsmiləşdirilməsi zamanı - xx.xx.2021-ci il tarixinə mövcud olan limitlər çərçivəsində tətbiq edilməsi, kredit xətti üzrə hesabdan kart iştirakı olmadan belə ödəniş tapşırıqlarının icra edilməsinə dair bank tərəfindən öhdəlik götürülməsi və xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının icra edilməsi, həmçinin, məhdudiyyətlərinlimitlərin tətbiq edildiyi tarixdən etibarən xx.xx.2021-ci il tarixindən limitlərin əvvəlki vəziyyətinə (xx.xx.2021-ci il tarixində mövcud olan) qaytarıldığı dövr üzrə Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2022-ci il tarixli uçot dərəcəsi (7,75%) əsas götürülməklə hər gün üzrə 1.62 AZN olmaqla, iddia ərizəsinin təqdim olunması gününə 323.27 AZN (7500*7.75%/365) faiz məbləğinin və məhkəməyə müraciət etmək məqsədilə ödədiyi 30 AZN dövlət rüsumunun İddiaçı bank hesabına (AZ03VTBA**********4865AZN001) geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə təqdim edərək, məhkəməyə müraciət etmək məqsədilə ödədiyi 100 AZN dövlət rüsumunun bank hesabına (AZ03VTBA**********4865AZN001) geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, kart üzrə limitlərin tətbiq edildiyi tarixdən limitlərin əvvəlki vəziyyətinə qaytarılması tarixinə qədər, müddət üzrə kart limitləri aradan qaldırıldığı tarixdən 19 aprel 2021-ci il tarixli 314865-OVR-12793 saylı “kredit xətti müqaviləsi” və 19 aprel 2021-ci il tarixli İİD_AZN-314865-03 saylı “kart hesabı müqaviləsi” üzrə şərtlərin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində yenidən “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2022cil tarixinə hesabında 7600 AZN vəsaitin olmasına dair arayışın təqdim edilməsi ilə əlaqədar ödədiyi 5 AZN vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəməyə gəlməmiş, xx.xx.2022-ci il tarixində “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, xx.xx.2022-ci il tarixində Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə aralarında olan mübahisənin məhkəmədən kənar qaydada həll olunmasına dair razılıq əldə edildiyini və bu səbəbdən iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. İddiaçı tərəfindən təqdim edilmiş qəbzlərdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1 və 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməsi qanunazidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməli, eyni zamanda, iddiaçıya eyni cavabdehə qarşı, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi izah olunmalıdır. Həmçinin, iddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 130 manat məbləğində pul ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5, 191.1, 261.0.4, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “limitin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 130 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar