Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3207/2024 27.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh BabayevaAytək Elçin qızından "xxxx" əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 113 manat 52 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 243 manat 92 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: "xxxx" əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual Şurasının 15 dekabr 2022-ci il tarixli UPO-001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyriyaşayış sahələrinə kabel xətləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. 93 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi cavabdehə məxsusdur. Belə ki, xx.xx.2010-cu il tarixdə həmin ünvanda yaşayan X7 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil "xxxx" xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2017-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2017-ci il tarixində borcsuz ilə şəbəkədən ayrılmışdır. xx.xx.2017-ci il tarixdə "xxxx" hüquq firmasının və "xxxx" kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 6756 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvanın kabel televiziyası şəbəkəsindən ayrıldığı xx.xx.2017-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2017-ci il tarixə qədər olan müddət 344 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərər 113 manat 52 qəpik təşkil edir. Bundan əlavə, İddiaçı MMC"xxxx" hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 100 (yüz) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Cavabdehin etirazı: İddiaçı tərəfindən göstərilən Bakı ş., ünvan 3 ünvanında yerləşən mənzildə iddia ərizəsində də qeyd olunduğu kimi cavabdeh və anası X8 qeydiyyatda olub. xx.xx.2010-cu il tarixdə anası X8 iləİddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil "xxxx" xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşlar və son ödəməni xx.xx.2017-ci il tarixinədək etmiş və xx.xx.2017-ci il tarixində borcsuz formada şəbəkədən ayrılmışlar. Şəbəkədən ayrılma səbəbləri onun 2016-cı ilin noyabr ayında X2 ilə ailə həyatı quraraq Xırdalan şəhəri, H. Əliyev prospekti 11 ünvanda yerləşən və həyat yoldaşına məxsus olan mənzilə köçməyi (nikah haqqında şəhadətnamə əlavə edilir) və anasının işlə əlaqədar olaraq Şamaxı şəhərinə köçməsi və orada yerləşən X1 əmək fəaliyyətinə davam etməsi olub. 2017-ci ildən ildən sonra Bakı ş., ünvan 3 ünvanında yerləşən mənzildə yaşayış olmamışdır. Məhkəmə tərəfindən Azərişıq ASC-yə həmin ünvanda yerləşən mənzilin elektrik enerji sərfiyyatı ilə bağlı sorğu olunarsa həmin mənzildə 2017-ci ildən sonra elektrik enerji sərfiyyatının da olmadığı həqiqətən müəyyən oluna bilər. Əlavə olaraq onu da bildirir ki, anası X8 2015-ci ilin iyulundan 2021-ci ilin dekabr ayınadək X1 işləmiş və həmin rəsədxananın nəzdində yerləşən Yusif Məmmədəliyev qəsəbəsində də yaşamışdır. Bununla bağlı iş və yaşayış yerindən alınmışdır. Bundan əlavə KATV tərəfindən 2019-cu ildə anası X5 eyni iddia ilə müraciət olunmuş və xəttə qanunsuz qoşulma ilə əlaqədar cərimə olunması bildirilmişdir. Anası iş və faktiki yaşayış yerindən arayış alaraq KATV-ə təqdim etmişdir (həmin arayışın surətini əlavə edilir). Həmin arayış təqdim olunduqdan sonra KATV tərəfindən cərimənin ləğv olunacağı barədə anasına məlumat verilmiş və problemin aradan qalxdığı bildirilmişdir. Lakin indi yenidən KATV tərəfindən eyni məsələ barədə məhkəməyə iddia ərizəsi ilə əsassız olaraq müraciət olunmuşdur. Qeyd olunan Bakı ş., ünvan 3 ünvanında yerləşən mənzil 2022-ci ildə satılmış və artıq onlara məxsus deyil. Lakin bildirir ki həmin binada və qonşuluqda yerləşən binalarda KATV-nin eyni formada insanları əsassız və qanunsuz olaraq cərimələmək istəkləri və fəaliyyətlərinin nəticəsində bir neçə sakinə maddi və mənəvi ziyan dəyib. Belə ki, KATV-yə onların göstərdikləri kabel televiziyası xidmətinin dayandırılması üçün müraciət edən sakinlər KATV-nin əməkdaşları tərəfindən dələduzluq hallarına məruz qalıblar. Sakinlər xidmətin dayandırılması müraciətini etdikdən qısa müddət sonra həmin şirkətin əməkdaşları qəsdən xidmətdən istifadəni dayandırmış əməkdaşların xətlərini özbaşına şəkildə xəttə qoşaraq sonradan öz əməkdaşlarını “monitorinq” adı altında yoxlamaya göndrərək həmin xəttə qoşulma hallarını aktlaşdırıb sonradan sakinləri cəimələmək və məhkəməyə verməklə hədələyirlər. Bu özbaşınalıqlar ilə bağlı artıq bir neçə dəfə ölkə başçısı cənab prezident İlham Əliyevə, Rabitə və Yüksək Texnologiyalar nazirliyinə və hüquq mühafizə orqanlarına dəfələrlə şikayətlər olunub. Odur ki, yuxarıda qeyd etdiyi faktları nəzərə alaraq iddianın əsassız hesab olunmasını və təmin etməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia ərizəsini qəbul etməyərək, etirazda göstərilənlərə uyğun izahat verərək, iddianən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 93 saylı MKİS tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən Cavabdeh Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixli arayışa əsasən xx.xx.2010-cu il tarixdə həmin ünvanda yaşayan X8 ilə İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil "xxxx" xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2017-ci il tarixinədək etmiş və həmin ünvan xx.xx.2017-ci il tarixində borcsuz ilə şəbəkədən ayrılmışdır. "xxxx" hüquq firmasının və "xxxx" əməkdaşlarının iştirakı ilə tərtib olunmuş İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında xx.xx.2017-ci il tarixli, 6756 nömrəli aktın surətindən görünür ki, həmin tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək küç.,ev 92 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 61 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuş, bununla əlaqədar aktın tərtib olunmasında mənzilin sakinin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısı döydükdə qapını açan olmamışdır. N.X6 Rəsədxanasının 17 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 rayon ərazisində olan Yusif Məmmədəliyev qəsəbəsində yerləşən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1 xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər kargüzar vəzifəsində işləmişdir və Yusif Məmmədəliyev qəsəbəsində yerləşən xidməti mənzildə yaşamışdır və mənzilə aid komunal xərcləri bu illər ərzində ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırda İddiaçı MMC-nin iddiasını əsaslandırdığı “KATV1”-in və iddiaçının tərəfdaşı olan "xxxx" MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2017-ci il tarixli akt hüquqi cəhətdən düzgün və əsaslı olmamaqla yanaşı, qüsurlu tərtib edilmişdir. Belə ki, həmin aktın doğruluğu yalnız maraqlı şəxslərin, yəni İddiaçı MMC (“KATV1”) ilə "xxxx" MMC-nin nümayəndələri tərəfindən təsdiq edilmiş, aktın tərtib edilməsi zamanı iş üzrə maraqlı olmayan digər hal şahidləri, eləcə də aktın tərtib edilməsi ilə maraqlarına toxunulan cavabdeh iştirak etməmişdir. Bundan əlavə, iddiaçı cavabdehin ona məxsus kabel şəbəkəsinə xx.xx.2017-ci il tarixində (7 il əvvəl) qanunsuz qoşulmasını iddia etsə də, məhkəmə araşdırması zamanı bu hal sübuta yetirilməmişdir. Belə ki, İddiaçı MMC Cavabdeh ona məxsus kabel şəbəkəsinə qoşulmasının məhkəməyə təqdim edilmiş aktın surəti ilə sübuta yetirilməsini iddia etsə də, məhkəmə bu sübutu iddiaçının baş verməsini iddia etdiyi deliktdə cavabdehin təqsirini müəyyən edəcək mötəbər sübut növü kimi qəbul etmir. Cavabdehin iştirakı olmadan 7 il əvvəl tərtib edilən akt iddiaçının iddia tələbində istinad etdiyi halların sübuta yetirilməsi üçün mötəbər, təkzib olunmaz sübut kimi qəbul edilə bilməz. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddiaçının iddia tələbi qanunamüvafiq qaydada sübuta yetirilmədiyindən və əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241- 244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3207/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3207/2024
27.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver