Məhkəmə qərarları › İş №e-2(006)-321/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-321/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-321/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 İldırım oğluna və Cavabdeh2 İldırım oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər X2 və Cavabdeh1 İldırım oğluna qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 7362.87 ABŞ dolları-bundan 2939.87 ABŞ dolları əsas, 808.82 ABŞ dolları faiz, 3183.27 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 430.91 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 127.55 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh1 arasında bağlanmış 10009485 nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 32% dərəcəsi ilə 6350 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən X3 ilə Bank arasında 10009485-ZM nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 4067/15 saylı Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 5773.40 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək uzadılmışdır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən Kredit restrukturizasiya edilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6028.85 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********877 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 7362.87 ABŞ dolları təşkil edir. Bundan 2939.87 ABŞ dolları əsas, 808.82 ABŞ dolları faiz, 3183.27 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 430.91 ABŞ dolları faiz borcu təşkil edir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavadehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2939.87 ABŞ dolları əsas, 808.82 ABŞ dolları faiz, 3183.27 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 430.91 ABŞ dolları faiz borcu olmaqla, ümumilkdə 7362.87 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 127.55 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehləin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 İldırım oğlu arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 24 ay müddətinə, illik 33.135 % hesabı ilə 6350 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli əlavə saziş №4067-15-dən görünür ki, kreditorun borcalan verdiyi kreditin qalıq məbləği 5773.4 ABŞ dolları təşkil edir. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək təyin edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh1 İldırım oğlu arasında bağlanmış ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə saziş № 02-dən görünür ki, borcalanın restrukturizasiya edilmiş qalıq 3436.71 ABŞ dolları əsas borc, 2137.97 ABŞ dolları faiz borcu və 454.17 ABŞ dolları cərimə borcu müəyyən edilməklə kreditin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmışdır. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh2 İldırım oğlu və borcalan Cavabdeh1 İldırım oğlu arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ********* saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə saziş № 02 ilə borcalanın kreditor qarşısında öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyətin zaminin öz üzərinə götürməsi haqqında bağlanmışdır. Həmin müqavilənin 2.2-ci bəndində kreditin qaytarılma müddətinin xx.xx.2020-ci il tarixədək təşkil etməsi göstərilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə zamin Cavabdeh2 İldırım oğlu və borcalan Cavabdeh1 İldırım oğlu arasında xx.xx.2017-ci il tarixdə bağlanmış ********* saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli əlavə saziş № 02-dən görünür ki, zamin əlavə saziş üzrə də öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 İldırım oğlunun xx.xx.2023-cü il tarixə 2939.87 ABŞ dolları əsas, 808.82 ABŞ dolları faiz, 3183.27 ABŞ dolları cərimə, illik 5%lə hesablanmış 430.91 ABŞ dolları faiz məbləği borcu vardır. İş materiallarında olan LPO İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış xx.xx.2023-cü il tarili bildirişdən görünür ki, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 127.55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1189/2024 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 İldırım oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi uzrə banka ödənilməli olan kredit borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə 2 955,14 ABŞ dolları, faiz borcu üzrə 444.49 ABŞ dolları, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5% dərəcəsilə faiz borcu 425,62 ABŞ dolları təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 İldırım oğlu kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Digər Cavabdeh2 İldırım oğlunun (zamin) mülki məsuliyyətini araşdıraraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İddiaçı cavabdehlərdən xx.xx.2023-cü il tarixə olan borcu tələb etsə də, məhkəmə məhkəmə-mühasibatlıq ekspertizası qərardadında qoyduğu suallarda borcun xx.xx.2020ci il tarixinə (müqavilə müddətinin bitdiyi tarix) hesablanmaqla müəyyən edilməsini Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən, Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Məhkəmə cavabdehlərdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməli, bu müqavilə üzrə hesablanmış əsas borc tələb edilən borcdan yüksək olduğundan iddiaçı tərəfindən tələb edilən miqdarda, faiz borcu ekspert rəyində göstərildiyi kimi tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə qismən təmin edilməklə, cavabdehlərdən 2939.87 ABŞ dolları əsas, faiz borcuna görə 444.49 ABŞ dolları iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 2939.87 ABŞ dolları məbləğində əsas borca münasibətdə 3183.27 ABŞ dolları dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlərdən iddiaçının xeyrinə 100 ABŞ dolları dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə iddia tələbinin əsas borca illik 5 faizlə hesablanmış 430.91 ABŞ dolları faiz borcunun tutulmasına münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 445.1-ci və 445.2-ci maddələrinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi halları borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Qeyd olunan mülki qanunvericiliyin müddəalarından görünür ki, borclu vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməli, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni zamanda borclu tərəfindən pul məbləğinin ödənilməsini gecikdirilməsi halında, əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, kreditorun borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ nəzərdə tutulmuşdur. Odur ki, qeyd edilən hissədə də iddia qismən təmin edilməklə, cavabdehdən gecikdirilmiş vaxt üçün ekspert rəyi ilə müəyyən edilən məbləğdə-425.62 ABŞ dolları faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, cavabdeh iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması üçün dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, ödənilmiş dövlət rüsumu da cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə əsasən, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh1 İldırım oğluna borc verilən pul vəsaiti qaytarılmalı olan mülkiyyət kimi çıxış etdiyindən və borcun ABŞ dolları qaytarılması barədə tərəflər arasında yazılı şərt olmadığından, hazırda Cavabdeh1 İldırım oğlu tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 İldırım oğlundan və Cavabdeh2 İldırım oğlundan 2939.87 ABŞ dolları əsas, 444.49 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 425.62 ABŞ dolları faiz borcu ödəniş günü qüvvədə olan manatla məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 127.55 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 İldırım oğlundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 İldırım oğlundan və Cavabdeh2 İldırım oğlundan müştərək qaydada 2939.87 ABŞ dolları əsas, 444.49 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, müqavilə müddəti bitdikdən sonra hesablanmış 425.62 ABŞ dolları faiz borcu ödəniş günü qüvvədə olan manatla məzənnədə Azərbaycan Respublikası Manatı ilə və dövlət rüsumuna görə ödənilmiş 127.55 manat tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat Cavabdeh1 İldırım oğlundan alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (VÖEN **********, müxbir hesab AZ41NABZ********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar