Məhkəmə qərarları › İş №e-2(006)-3253/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3253/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3253/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Ziyaddin oğlunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh Ziyaddin oğluna qarşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh Ziyaddin oğluna qarşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilməklə xx.xx.2020-ci il tarixdə 3M-2132 № ilə qeydə alınmış kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən, cavabdeh xx.xx.2021-ci il tarixə kimi iddiaçıdan borca aldığı 10000 manat məbləğində pulu qaytarmalı idi. Lakin o, bu günə kimi borcunu qaytarmamışdır. Borcun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi şəkildə xəbərdarlıq edilsə də, o bugünə kimi borcunu ödəməmişdir. Ona görə də iddiaçı bu barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki Cavabdeh 10000 manat məbləğində iddiaçıya borclu olduğu pulu qaytarmayaraq əsassız varlanaraq qazanc əldə etmişdir. İddiaçı isə əmlakından məhrum olmaqla, ağır maddi duruma düşmüşdür. Göstərilənlərə əsasən tərəflər arasında Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilməklə xx.xx.2020-ci il tarixdə 3M-2132 № ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 10000 manat məbləğində pulun və 120 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, tərəflər arasında Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilməklə xx.xx.2020-ci il tarixdə 3M-2132 № ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 10000 manat məbləğində əsas məbləğin, faiz olaraq iki ilə 1000 manat, ümumi olaraq 11000 manat məbləğ pulun və 120 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, tərəflər arasında Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilməklə xx.xx.2020-ci il tarixdə 3M-2132 № ilə qeydə alınmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən 8300 manat məbləğində əsas məbləğin, faiz olaraq iki ilə 830 manat, ümumi olaraq 9130 manat məbləğ pulun və 120 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Ziyaddin oğlunun nümayəndəsi X2 iddia tələbinə etiraz etməyərək, bildirmişdir ki, iddiaçı onların qonşusudur. Həqiqətən də, iddiaçı onun oğluna ilk dəfə 5000 manat, sonra 3200 manat, daha sonra isə 1700 manat olmaqla borca pul vermişdir. Onlar bu borca görə hər ay ona 500 manat pul ödəyirdilər. Sonradan pandemiya ilə əlaqədar onun işləri yaxşı getmədi və bir müddət ona pul ödəyə bilmədilər. 2021-ci ilin oktyabr ayından başlayaraq yenidən ona hər ay 500 manat verməyə başladılar. Lakin hal-hazırda həmin borcun geri qalanını tam şəkildə ödəməyə imkanı yoxdur. Aybaay 300 manat olmaqla ödəyə bilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Ziyaddin oğlu ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 43 saylı notariat kontorunun xüsusi notariusu E.B.Qurbanov tərəfindən təsdiq edilmiş 13 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Əliyev X5 Elmir Ziyaddin oğluna 10.000 manat borc pul vermişdir. Həmin müqavilənin 2-ci bəndinə əsasən “borc alan” krediti xx.xx.2021-ci il tarixədək “borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Əsaslandırıcı hissə: Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 10.000 manat məbləğində borc pul vermiş, cavabdeh həmin pul məbləğini müqavilədə nəzərdə tutulmuş vaxtda qaytarmağı öz üzərinə öhdəlik götürməsinə baxmayaraq, həmin tarixdən xeyli müddət keçmiş, lakin cavabdeh öhdəliyini tam icra etməyərək, borcun az hissəsini ödəyərək, qalan borcu iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada tam şəkildə ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Ziyaddin oğlundan 8300 (səkkiz min üç yüz) manat əsas borc, 830 (səkkiz yüz otuz) manat faiz borcu və 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9250 (doqquz min iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Ziyaddin oğlundan 8300 (səkkiz min üç yüz) manat əsas borc, 830 (səkkiz yüz otuz) manat faiz borcu və 120 (bir yüz iyirmi) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 9250 (doqquz min iki yüz əlli) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar