Məhkəmə qərarları › İş №e-2(006)-3269/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3269/2023

20.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3269/2023 20.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2018-ci il tarixli 161-xx.xx.2018-003012 saylı Kredit müqaviləsinə əsasən əsas borc üzrə 4269.61 AZN, faiz borcu üzrə 3690.17 AZN olmaqla, cəmi 7959.78 AZN borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 99.95 AZN dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Yasamal filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 161-xx.xx.2018-003012 saylı kredit müqaviləsinə əsasən ona 52 ay müddətinə illik 25 faiz dərcəsi ilə 5000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. Yuxarıda adı çəkilən xx.xx.2018-ci il tarixli, 161xx.xx.2018-003012 saylı Kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə cavabdehin əsas borc üzrə 4269.61 AZN, faiz borcu üzrə 3690.17 AZN olmaqla, cəmi 7959.78 AZN borcu mövcuddur. Eyni zamanda, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 99.59 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2023-cü il tarixində 6-2-22/2-11075/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. İddiaçı "xxxx" ASC iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh əsas borc üzrə 4269.61 AZN, faiz borcu üzrə 3774.97 AZN olmaqla, cəmi 8044.58 AZN borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 109.13 AZN dövlət rüsumunun və 0,80 (səksən qəpik) AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbinin həcminin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh əsas borc üzrə 4269.61 AZN, müqavilə müddətində ödənilməmiş (illik 25% olmaqla) faiz borcu üzrə 3557.93 AZN, müqavilə müddətindən sonra ödənilməmiş (illik 5% olmaqla) faiz borcu üzrə 217.04 AZN olmaqla, cəmi 3774.97 AZN faiz borcu, ümumilikdə 8044.58 AZN borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 109.13 AZN dövlət rüsumunun və 0,80 (səksən qəpik) manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, ekspert rəyini nəzərdən keçirib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: xx.xx.2018-ci il tarixli 161-xx.xx.2018-003012 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh istehlak məqsədləri üçün 52 ay müddətinə illik 25 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit vermiş, Cavabdeh krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin müddətinin xx.xx.2022-ci il tarixində bitməsi qeyd edilmişdir. xx.xx.2019-cu il tarixli, 14/A4092 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 4844.70 manat (əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 575.09 manat) borc məbləği barədə notariusun icra qeydinin aparılacağı haqqında xəbərdar edilmişdir. xx.xx.2020-ci il tarixli 8İ-975 nömrəli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 161-11.06 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 4907 manat 38 qəpik (dörd min doqquz yüz yeddi manat, otuz səkkiz qəpik), ödənilmiş 20 (iyirmi manat) manat dövlət rüsumu olmaqla, cəmi 4927 manat 38 qəpik (dörd min doqquz yüz iyirmi yeddi manat, otuz səkkiz qəpik) pul tutulması nəzərdə tutulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4573/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddianın təmin edilməsi, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 4927,38 (dörd min doqquz yüz iyirmi yeddi manat otuz səkkiz qəpik) manat pulun tutulmasına dair Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən aparılmış 24 yanvar 2020-ci il tarixli 8İ-975 saylı qeyd ilə reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi, iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1531/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4573/2022 saylı iş üzrə 06 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2018-ci il tarixli müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə: xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-yə əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 3557.93 manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər 132.24 manat, cəmi ödənilməmiş faizlər 3690.17 manat olmaqla, cəmi 7959.78 manat məbləğində borcu və 99.59 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidmət haqqına görə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixinə "xxxx" ASC-yə əsas borc üzrə 4269.61 manat, faiz borcu üzrə 3557.93 manat, müqavilə müddətindən sonra ödənilməmiş faizlər 217.04 manat, cəmi ödənilməmiş faizlər 3774.97 manat olmaqla, cəmi 8044.58 manat məbləğində borcu və 9.54 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu, 0,40 manat bank xidmət haqqına görə borcu yaranmışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 99.59 manat və 9.54 manat olmaqla, cəmi 109.13 manat dövlət rüsumu və 2 dəfə 0.40 manat bank xidmət haqqı olmaqla, cəmi 109.93 manat pul ödənilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə “cavabdehin vəkili-nümayəndəsinin vəsatəti təmin edilərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, ekspert qarşısında “1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi (səhifə №: 11) üzrə iş materiallarında olan hesabdan çıxarışlar (səhifə №: 14) nəzərə alınmaqla Cavabdeh xx.xx.2020-ci il tarixə ödənilməmiş borcu mövcuddurmu? Mövcud olduğu təqdirdə həmin tarixə əsas və faiz borcu nə qədər təşkil edir? 2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi (səhifə №: 11) üzrə iş materiallarında olan hesabdan çıxarışlar (səhifə №: 14) nəzərə alınmaqla Cavabdeh müqavilənin müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə ödənilməmiş borcu mövcuddurmu? Mövcud olduğu təqdirdə xx.xx.2022-ci il tarixə əsas və faiz borcu nə qədər təşkil edir?” məzmununda suallar qoyulmuş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Ekspert rəyi təqdim olunduğundan, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli 9/6550 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış, xx.xx.2018-ci il tarixli, 161-xx.xx.2018-003012 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2018-ci il tarixli, 161-xx.xx.2018-003012 saylı kredit müqaviləsi üzrə 15 yanvar 2020-ci il və 11 oktyabr 2022-ci il tarixlərə banka olan borcu aşağıədakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2020-ci il tarixə (sualda qeyd edilən tarixə): əsas kredit borcu – 4.309,32 manat, faiz borcu – 601,40 manat; xx.xx.2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): əsas kredit borcu – 4.309,32 manat, faiz borcu – 3.552,09 manat. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə 52 ay müddətinə illik 25 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında icra etmədiyindən iddiaçıya borcu yaranmışdır. xx.xx.2019-cu ildə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, bundan sonra xx.xx.2020-ci ildə notarius tərəfindən 8İ-975 nömrəli icra qeydi aparılaraq cavabdehdən iddiaçının xeyrinə müqaviləyə əsasən vaxtında ödənilməmiş 4907 manat 38 qəpik və 20 manat dövlət rüsumu olmaqla, cəmi 4927 manat 38 qəpik pul tutulması nəzərdə tutulmuşdur. Həmin icra qeydi Cavabdeh tərəfindən mübahisələndirilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə icra qeydinin ləğv edilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə isə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı tərəfindən cavabdehə yenidən borcun ödənilməsi barədə xx.xx.2023-cü il tarixli bildiriş göndərilmiş, lakin cavabdeh borcunu ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı əsas borc üzrə 4269.61 manat, müqavilə müddətində ödənilməmiş (illik 25% olmaqla) faiz borcu üzrə 3557.93 manat, müqavilə müddətindən sonra ödənilməmiş (illik 5% olmaqla) faiz borcu üzrə 217.04 manat olmaqla, cəmi 8044.58 manat, dövlət rüsumu və bank xidmət haqqı kimi ödənilmiş 109.13 manat və 0.80 manat məbləğlərində pul vəsaitlərinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılması məqsədilə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, aparılmış ekspertiza tədqiqatının nəticəsində müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2018-ci il tarixli müqavilə üzrə iddiaçıya xx.xx.2020-ci il tarixə, yəni xx.xx.2019-cu ildə verilmiş xəbərdarlıqda borcun ödənilməsi üçün təyin edilmiş 20 gün müddətinin sonunda 4.309,32 manat əsas, 601,40 manat faiz borcu; müqavilədə göstərilmiş müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə isə 4.309,32 manat əsas, 3.552,09 manat faiz borcu yaranmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış və cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Mülki qanunvericiliyin normalarına müvafiq olaraq məhkəmə tərəfindən cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Məhkəmə iddia tələbinin “4269.61 manat məbləğində əsas borcun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, cavabdehin müqavilə üzrə öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddiaçıya 4269.61 manat məbləğində əsas borcunun yaranması halı işdə olan mötəbər sübutlarla öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin “3557.93 manat məbləğində müqavilə müddətində ödənilməmiş (illik 25% olmaqla) faiz borcunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı burada müqavilə müddəti dedikdə müqavilə ilə müəyyənləşdirilmiş xx.xx.2022-ci il tarixə illik 25 % ilə hesablanmaqla yaranmış faiz borcunun cavabdehdən tutulmasını tələb etsə də, məhkəmə hesab edir ki, müqavilə həmin tarixədək qüvvədə olmadığından, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, müqaviləyə məhz iddiaçının müraciəti əsasında notarius tərəfindən icra qeydinin aparıldığı xx.xx.2020-ci ildə xitam verilmişdir. İddiaçı cavabdehin öz öhdəliyini əhəmiyyətli dərəcədə pozması səbəbindən müqavilə üzrə yaranmış bütün borcu tələb etməklə müqaviləyə xitam vermə niyyətini ifadə edərək, qanunvericiliklə ona verilən hüququndan istifadə etmişdir. Aparılmış icra qeydi üzrə icraata başlanılması müqaviləyə xitam verilməsinin aşkar göstəricisidir. İcra qeydinin cavabdeh tərəfindən mübahisələndirilərək, tərtib edilməsinin qanunauyğun olmamasının müəyyən edilməsi səbəbindən məhkəmə qaydasında ləğv edilməsi iddiaçının müqaviləyə xitam verilməsi ilə bağlı iradə ifadəsinə təsir edə bilməz. İş materiallarından da görünür ki, iddiaçı icra qeydinin ləğv edilməsinə dair yekun məhkəmə aktı qanuni qüvvəsini aldıqdan dərhal sonra yenidən cavabdehə borcun ödənilməsi ilə bağlı bildiriş göndərmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilə ilə müəyyən edilmiş illik 25 %-lə hesablanmış faiz borcunun iddiaçının iradəsinə əsasən müqaviləyə xitam verilən xx.xx.2020-ci ilədək cavabdehdən tutulması hissəsində tələb əsaslıdır. Ekspert tərəfindən verilmiş rəydə olan məbləğlər əsas götürülməklə, sadə hesablama yolu ilə müəyyən edilir ki, cavabdehin xx.xx.2020-ci ilə iddiaçıya 628,31 manat məbləğində borcu yaranmışdır [601,40 manat (xx.xx.2020-ci ilə olan faiz borcu) + 9 gün * 2,99 manat (hər günə düşən faiz məbləği)]. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli və müqavilə müddətinə görə 628,31 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “217.04 manat məbləğində müqavilə müddətindən sonra ödənilməmiş (illik 5% olmaqla) faiz borcunun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2020-ci ildə müqaviləyə xitam verilməsindən etibarən cavabdeh tərəfindən qaytarılmayan borcun gecikdirilməsinə görə iddiaçının həmin məbləğə illik 5%-lə hesablanmış borcu tələb etməsi əsaslıdır. Buna görə də məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 421-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1-ci maddəsinə müvafiq olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.7-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə: Nəzəriyyədə “xitam” həm əqdlərin hüquqi nəticələrinin, həm də əqdlərlə bağlı olmayan istənilən hüquqi faktın aradan qalxması hallarını əhatə edən ümumi anlayış kimi qeyd edilir. “Ləğvetmə” isə xitam anlayışının tərkibinə daxil olan xüsusi bir hal olmaqla, əqddən irəli gələn hüquqi münasibətlərin qarşılıqlı razılaşma yolu ilə deyil, məhz birtərəfli qaydada aradan qaldırılması, yəni xitam verilməsi hallarını ehtiva edir. Göründüyü kimi, müqavilənin ləğv edilməsi xitam anlayışı ilə əhatə olduğu halda, müqavilənin xitam edilməsi heç də hər zaman onun ləğv edilməsi anlamına gəlmir. Müqavilənin birtərəfli qaydada aradan qaldırılmasının ümumi əsasları Mülki Məcəllənin 421.2 və 422.1-ci maddələrində müəyyən edilmişdir. Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Göründüyü kimi, müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) aşağıda göstərilən əsaslardan birinin mövcud olduğu halda mümkündür: – digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (məsələn, Mülki Məcəllənin 719.7-ci maddəsində müəyyən edildiyi kimi); – Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda (məsələn, Mülki Məcəllənin 786.1-ci maddəsində göstərilən hal). Əlavə olaraq o da vurğulanmalıdır ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 421.2-ci maddəsinin birinci cümləsindən “məhkəmənin qərarına əsasən” müddəası çıxarılmaqla, ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsi müəyyən edilmişdir ki, bu da müvafiq münasibətlərin hüquqi tənzimlənməsinin əsas prinsiplərindən irəli gəlmişdir. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4.269,61 (dörd min iki yüz altmış doqquz manat altmış bir qəpik) manat əsas, 628.31 (altı yüz iyirmi səkkiz manat otuz bir qəpik) manat faiz, 217,04 (iki yüz on yeddi manat dörd qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 5114,96 (beş min bir yüz on dörd manat doxsan altı qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi və 0.80 (səksən qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat pulun 96 (doxsan altı) manat hissəsi Cavabdeh, qalan 54 (əlli dörd) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.269,61 (dörd min iki yüz altmış doqquz manat altmış bir qəpik) manat əsas, 628.31 (altı yüz iyirmi səkkiz manat otuz bir qəpik) manat faiz, 217,04 (iki yüz on yeddi manat dörd qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 5114,96 (beş min bir yüz on dörd manat doxsan altı qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi və 0.80 (səksən qəpik) manat bank xidmət haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyərinin 96 (doxsan altı) manat hissəsi Cavabdeh, qalan 54 (əlli dörd) manat hissəsi isə iddiaçı "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar