Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3273/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Şirinov Əli Hafiz oğlunun katibliyi, İddiaçı LPO İddiaçı1 ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 iştirakları ilə İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)240719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 7.692,37 (yeddi min altı yüz doxsan iki manat 37 qəpik) manat məbləğində borcun – bundan 7.648,42 (yeddi min altı yüz qırx səkkiz manat 42 qəpik) manat əsas borcun və 43,95 (qırx üç manat 95 qəpik) manat müqavilə müddəti üçün hesablanmış faiz borcunun və iş üzrə ödənilmiş 96.92 (doxsan altı manat 92 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 birgə qaydada tutularaq ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin Həzi Aslanov filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına müvafiq olararaq bağlanmış 24 iyul 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)240719-01nömrəli kredit müqaviləsinə əsasən 20 oktyabr 2014-cü il tarixli 23-4201 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borc məbləğinin restrukturizasiyası məqsədilə Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 7.723,29 (yeddi min yeddi yüz iyirmi üç manat 29 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə bank arasında 24 iyul 2019-cu il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Bu müqavilələrinin 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borc alan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1, 2.4 və 3-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına və 12 yanvar 2024-cü il tarixli **********049 nömrəli bildirişlə isə yazılı qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər kredit borcunun banka ödənilməsi üçün heç bir tədbir görməmiş və xx.xx.2023-ci il tarixdə isə banka 50 (əlli) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişlər tam dayandırılmışlar. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 24 iyul 2019cu il tarixli MBNP ***-*******FİMSA(B)240719-01 nömrəli kredit müqaviləsi üzrə 8 yanvar 2024-cü il tarixə banka ödənilməmiş cəmi 7.692,37 (yeddi min altı yüz doxsan iki manat 37 qəpik) manat məbləğində borcu vardır. Bundan 7.648,42 (yeddi min altı yüz qırx səkkiz manat 42 qəpik) manatı əsas borc və 43,95 (qırx üç manat 95 qəpik) manatı isə müqavilə müddəti üçün hesablanmış faiz borcu təşkil edir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı1 ASC-nin (ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirdi ki, bankdan kredit götürmüşdür, sadəcə ödəmək üçün ona möhlət lazımdır.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini mülki işin materialları və ekspert rəyi ilə birgə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:lar
7. LPO İddiaçı1 ASC (Kredit verən) ilə Cavabdeh1 (kredit alan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******FİMSA(B)240719-01 nömrəli güzəştli şərtlərlə kreditin verilməsinə dair Kredit müqaviləsindən görünür ki, Kredit verən Kredit alana “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” isə krediti qəbul edib, bu müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri Kredit verənə ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən X5 filialı ilə imzalanmış 20 oktyabr 2014-cü il tarixli, 23-4201 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün istifadə edəcəkdir. Güzəştli şərtlərlə verilən kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Kredit alana Kredit verən tərəfindən illik faiz dərəcəsi 1 (bir) faiz olmaqla, 5 (beş) il müddətinə ( 1 (bir) il güzəşt müddəti tətbiq edilməklə) verilən kredit başa düşülür. Kreditin illik faiz dərəcəsi 1 faizdən, kreditin müddəti isə 60 aydan çox olmayan müddətə müəyyənləşdirilir. Bu müqavilə üzrə Kredit alana 7223,29 manat məbləğində güzəştli kredit verilir.
8. LPO İddiaçı1 ASC (Bank) ilə Cavabdeh3 (Zamin) və Cavabdeh1 (Borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******FİMSA(B)240719-01/ZM/1 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin Bank qarşısında Borcalanın xx.xx.2019-cu il tarixli ***- *******FİMSA(B)240719-01 saylı Kredit (Kredit xətti) Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür.
9. LPO İddiaçı1 ASC (Bank) ilə Cavabdeh2 (Zamin) və Cavabdeh1 (Borcalan) arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******FİMSA(B)240719-01/ZM/2 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin Bank qarşısında Borcalanın xx.xx.2019-cu il tarixli ***- *******FİMSA(B)240719-01 saylı Kredit (Kredit xətti) Müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürür.
10. LPO İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, onlara xx.xx.2024-cü il tarixinə müqavilə üzrə yaranmış 7648,42 manat əsas, 43,95 manat faiz olmaqla, cəmi 7692,37 manat məbləğində borcun ödənilməsinin 3 gün ərzində təmin edilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.
11. 31.01.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə xx.xx.2019-cu il tarixli ***-*******FİMSA(B)240719-01 saylı kredit müqaviləsi üzrə 7648,42 manat əsas, 43,95 manat faiz olmaqla, cəmi 7692,37 manat məbləğində borcu vardır.
12. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bğlməsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə xx.xx.2025-ci il tarixdə 96,92 manat dövlət rüsumu ödənilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/4930 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2019-cu il tarixli, 240719-01 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 xx.xx.2024-cü il tarixə əsas borcu 7645,13 manat, faiz borcu 42,05 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən xx.xx.2024-cü il tarixdən sonra 200 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin, ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2024-cü il tarixə göstərildiyindən 200 manat məbləğində ödəniş nəzərə alınmamışdır.
14. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekpsertiza təqdiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir.
15. İş materiallarına Cavabdeh1 hesabından çıxarışları da əlavə edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
18. Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı LPO İddiaçı1 ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli ***-*******FİMSA(B)240719-01 nömrəli kredit müqaviləsinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 23-4201 nömrəli kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədilə bank tərəfindən ona 60 ay müddətinə, illik 1 % ödəmək şərtilə 7723,29 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi eyni tarixdə bağlanmış zaminlik müqavilələrinə görə, hazırkı iş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 bank qarşısında yaranmış öhdəliyinin tam icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımağa razılıq vermişdirlər.
19. Verilmiş kreditlər üzrə ödənişlər vaxtlı-vaxtında ödənmədiyindən, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 3 iş günü müddətində borcun ödənilməsi ilə bağlı borcalan və zaminlərə rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin borc yenə də tam məbləğdə ödənilməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
c) Məhkəmənin mövqeyi:
16. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit və zaminlik müqavilələrindən yaranan hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri icra etmiş, cavabdehlər isə öz öhdəliklərini tam və vaxtında icra etməmişlər. Mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququ olmuşdur.
17. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə əsaslanaraq, iddiaçının müqavilə üzrə yaranmış bütün borcun ödənilməsinin tələb olunması barədə cavabdehə pretenziya verməsi ilə həmin pretenziyada göstərilən müddətin – yəni, 3 günün sonuna onlar arasında olan müqavilə münasibətlərinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına görə iddiaçının məhz pretenziyada qeyd olunan tarixə - 15 yanvar 2024-cü ilə yaranmış əsas və faiz borcunu tələb etməyə hüququ olmuşdur. Hazırkı işdən isə müəyyən edilir ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya göndərərək tam məbləğdə ödəmək üçün 3 gün vaxt müəyyən etsə də, iddia ərizəsi ilə daha əvvəlki tarixə - xx.xx.2024-cü il tarixədək yaranmış borcu ondan tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, pretenziya müddətinin sonuna nəzərə alınması iddia tələbindən kənara çıxmaqla nəticələnəcəyindən, məhz xx.xx.2024-cü il tarixədək yaranmış borc cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
18. Məhkəmə araşdırması zamanı təqdim edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə (iddiaçının tələb etdiyi tarixə) əsas borcu 7645,13 manat, faiz borcu 42,05 manat təşkil edir. Məhkəmə tərəfindən ekspertin rəyinin mötəbər sayılmaması üçün heç bir əsas müəyyən edilməmişdir.
19. Cavabdehin qeyd olunan tarixdən sonra 200 manat olmaqla məbləğində ödəniş etməsi müəyyən edildiyindən, ödənilmiş məbləğin əvvəlcə faizlərin silinməsinə yönəlməli olması barədə qanunvericiliyin tələbi nəzərə alındıqda, ödəniş edilən 200 manat məbləğdən ekspert rəyində göstərilən 42,05 manat faiz borcu (200 – 42,05 = 157,95) silinməlidir. Daha sonra qalan məbləğ əsas borcdan çıxılmalıdır (7645,13 – 157,95 = 7487,18). Belə olan halda iddia tələbi qismən təmin edilməli, cavabdehdən tələb edilən əsas borc məbləği – 7487,18 manat məbləğində pul alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
d) Tətbiq edilən hüquq və gəlinən nəticə:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 432.4. Əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 445.2. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, eləcə də icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 740.1-740.2. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı: Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddənin tətbiqi tərəflər arasında sinallagmatic öhdəliklərin mövcud olması ilə şərtlənir və tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Mülki Məcəllənin öhdəliyin icrasından imtinanı nəzərdə tutan 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Müqavilənin qüvvədə olma müddətinin bitməsi anından sonrakı dövr üçün müqavilə münasibətlərinə xitam verilsə də, bu ana qədər yaranmış olan hüquq və öhdəliklər və bunların pozulmasının hüquqi nəticələri birbaşa müqavilə münasibətlərinin hüquqi rejimindən irəli gəlir. Belə ki, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən, müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Qeyd edilməlidir ki, kredit müqaviləsində ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və annuitet ödənişlərin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsini, kreditin müddəti isə annuitet ödənişlərinin müddətini nəzərdə tutur. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarında da formalaşdırdığı hüquqi mövqeyə görə, müqavilənin qüvvədə olma müddətinin bitməsi müqavilə tərəflərinin qarşılıqlı hüquqi bağlılığının bitməsi anlamına gəlmir. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 115.0.1. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 7.487,18 (yeddi min dörd yüz səksən yeddi manat on səkkiz qəpik) manat məbləğində pul alınaraq iddiaçı LPO İddiaçı1 ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
24. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 94 (doxsan dörd) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı LPO İddiaçı1 ASC-yə verilməli, qalan hissəsi iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 97 (doxsan yeddi) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada, qalan 3 (üç) manat hissəsi isə iddiaçı LPO İddiaçı1 ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 7.487,18 (yeddi min dörd yüz səksən yeddi manat on səkkiz qəpik) manat məbləğində pul alınaraq LPO İddiaçı1 ASC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 94 (doxsan dörd) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada alınaraq LPO İddiaçı1 ASC-yə verilsin, dövlət rüsumunun qalan hissəsi LPO İddiaçı1 ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (bir yüz) manat məbləğində pulun 3 (üç) manat hissəsi LPO İddiaçı1 ASC-dən, qalan 97 (doxsan yeddi) manat hissəsi isə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova