Məhkəmə qərarları › İş №e-2(006)-3297/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3297/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3297/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Bədəlov Nurəddin Natiq oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlu ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 51 nömrəli Notariat Kontorunda xx.xx.2023-cü il tarixdə bağladıqları “Kredit müqaviləsi” üzrə cavabdeh tərəfindən ödənilməmiş 20000 (iyirmi min) manat pulun və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 150 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh oğlu arasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 51 nömrəli Notariat Kontorunda xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqaviləsi əsasında iddiaçı cavabdehə 20000 (iyirmi min) manat pul vəsaitini notariusun depozit hesabı vasitəsilə borc vermiş, cavabdeh isə həmin məbləği, yəni 20000 (iyirmi min) manat pul vəsaitini iddiaçıya xx.xx.2023-cü il tarixədək notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin həmin vaxtdan 34 (otuz dörd) gün keçsə də, cavabdeh öz öhdəliyini yerinə yetirməmiş, yəni iddiaçıya borclu olduğu 20000 (iyirmi min) manat pul vəsaitini qaytarmamışdır. İddiaçı cavabdehə etdiyi şifahi və yazılı müraciətlərdən sonra da cavabdeh öz öhdəliyini yerinə yetirmədiyinə görə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. xx.xx.2023-cü il tarixli hazırlıq iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına və iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılması barədə ərizənin nəzərə alınmamasını xahiş etdi. Məhz cavabdehin müxtəlif bəhanələrlə məhkəmə iclaslarına gəlmədiyinə görə qiyabi qətnamə çıxarılmasına etiraz etdiyini bildirdi. İddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdeh tərəfindən ödəniş edilmədiyini qeyd edib, iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri 51 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq olunmuş 3M- 1445 reyestr nömrəli xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 20000 manat 00 qəpik (iyirmi min manat sıfır qəpik) məbləğində pulu faizsiz notariusun bankda açılmış depozit hesabı vasitəsilə borc vermiş, Cavabdeh isə krediti xx.xx.2023cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı “xx.xx.2023-cü il tarixli məktuba əsasən” təyinatı ilə 20000 manat məbləğində pulu notariusun depozit hesabına mədaxil etmişdir. Mübahisənin məhkəməyə qədər həll edilməsinə dair xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borc öhdəliyini tam şəkildə 10 gün ərzində könüllü olaraq icra etməsini Cavabdeh təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsinə görə 150 (bir yüz əlli) manat məbləğində rüsum ödəmişdir (qəbzin nömrəsi: **********). Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı 20000 manat məbləğində pulu faizsiz olaraq cavabdehə vermiş, cavabdeh krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirərək cavabdehə borc pul vermiş, lakin cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmiş, kredit müqaviləsində göstərilən müddətdə borcu geri qaytarmamışdır. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilir, buna görə də məhkəmə hesab edir ki, o, hərəkətsizliyinin təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1-740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 20000 (iyirmi min) manat pul alınaraq İddiaçı ödənilməlidir. İddia təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 20000 (iyirmi min) manat pul və 150 (bir yüz əlli) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar