Məhkəmə qərarları › İş №e-2(006)-330/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-330/2025

07.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-330/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən, fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun bərpa edilməsi, ona məxsus həmin fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun yerləşdiyi torpaq sahəsinin ərazisində söküntü, qazıntı və tikinti işlərinin aparılmasının Cavabdeh MMC-yə qadağan edilməsi, eləcə də Cavabdeh MMC tərəfindən ona məxsus fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolundan onun və ailə üzvlərinin istifadəsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən,fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinin **********91-10301 reyestr nömrəli,xx.xx.2021-ci il tarixli çıxarışı və **********91-10301 reyestr nömrəli,xx.xx.2021-ci il tarixli texniki pasportu var.18 mart 2023-cü il tarixdə saat-12 radələrində Cavabdeh MMC-nin icraçı direktoru X2 göstərişi əsasında ağır texnika ilə ona məxsus həmin fərdi yaşayış evi sökülərək məhv edilmişdir. Müraciəti əsasında Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, sonradan cinayət işi CM-nin 186.2.1-ci maddəsindən CM-nin 186.2.1 və 308.1-ci maddələrinə tövsif edilmiş,hazırda cinayət işi üzrə Nəsimi rayon prokurorluğunda istintaq davam etdirilir. Qeyd edir ki, aradan bir neçə ay keçdikdən sonra şəxsi vəsaiti əsasında 18 mart 2023-cü il tarixdə Cavabdeh MMC-nin icraçı direktoru X2 göstərişi ilə sökülərək məhv edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini yenidən tikərək yaşayış üçün yararlı vəziyyətə salmışdır və ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Lakin Cavabdeh MMC tərəfindən fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolu qazılıb dağıdılaraq yararsız hala salınmış,həmin avtomobil və piyada yolunun asfalt örtüyü qaşınaraq başqa yerə daşınmış, həmin avtomobil və piyada yolunun yerləşdiyi torpaq sahəsində Cavabdeh MMC tərəfindən dərin çuxur qazılmaqla fərdi yaşayış evinə gedən avtomobil və piyada yolunun tam bağlanmasına bir neçə dəfə cəhd edilmişdir. Hazırda Cavabdeh MMC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə gedən avtomobil və piyada yolunun yerləşdiyi torpaq sahəsinin ərazisində ağır texnika ilə dərin çuxur qazılmaqla avtomobil və piyada yolunun tam bağlanması ilə bağlı hazırlıq işləri görülmüş, bir neçə dəfə həmin qazıntı işlərinin davam etdirilməsinə cəhd edilmiş, həmin fərdi yaşayış evinə onun və ailə üzvlərinin giriş-çıxışına mane yaradılmışdır. Qeyd edir ki, Cavabdeh MMC-nin rəhbərliyi bu yolla onu və ailə üzvlərini həmin fərdi yaşayış evini tərk etməyə və dəyərindən dəfələrlə ucuz qiymətə onlara satmağa məcbur edir. Onlar Cavabdeh MMC-nin icraçı direktoru X6 ilə görüşüb bu münaqişəni danışıqlar yolu ilə həll etməyə çalışsalar da, cavabdeh onlara qarşı kobud rəftar edərək, onları münaqişəyə çəkməyə cəhd edərək şər və böhtan ataraq polisə şikayət edib tutduracağı ilə hədə qorxu gəlmişdir. Həmçinin, Cavabdeh MMC-nin icraçı direktoru X6 və qeyrilərinin qanunsuz əməlləri ilə bağlı dəfələrlə yuxarı orqanlara və hüquq-mühafizə orqanlarına müraciətlər etsələrdə, heç bir tədbir görülməmişdir. Qeyd edir ki, Cavabdeh MMC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun yerləşdiyi torpaq sahəsinin ərazisində söküntü, qazıntı və tikinti işlərinin aparılması yolverilməzdir. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə dəqiqləşmə ilə mürciət edərək, Cavabdeh MMC tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun bərpa edilməsi, iddiaçıya məxsus həmin fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun yerləşdiyi torpaq sahəsinin ərazisində söküntü, qazıntı və tikinti işlərinin aparılmasının Cavabdeh MMC-yə qadağan edilməsi, eləcə də Cavabdeh MMC tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolundan özünün və ailə üzvlərinin,yəni X9,X5,X7,X10,X3,X8 və X4 istifadəsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi X9 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Əmlak X1 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 sylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş texniki pasportdan görünür ki, ünvan 1 ünvanında yerləşən (reyestr nömrəsi: **********91-10301) fərdi yaşayış evi İddiaçı məxsusdur. - Bakı İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(112)-839/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdehin xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamı iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında fərdi yaşayış evinin altındakı 0,02183 ha torpaq sahəsinə aid hissədə etibarsız hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2- 1(103)-2711/2024 nömrəli qərarı ilə üçüncü şəxs Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-480/2025 saylı qərdadı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024-cü il tarixli, 2-1(103)-2711/2024 nömrəli qərarından üçüncü şəxs Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayətinin mümkün sayılmaması qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6959 saylı, xx.xx.2024-cü il tarixli tikinti-texniki ekspertizasının rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan evə yaxın ərazidə aparılan qazıntı işləri nəticəsində həmin evə gedən avtomobil və piyada yollarının faktiki olaraq qazıldığı müəyyən edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 13-cü maddəsinin İİİ hissəsinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; - 6.3-cü maddəsinə əsasən dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər; - 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; - 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; - 18-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir; - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir; - 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; - 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. - 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. - 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. - 1098.3-cü maddəsinə əsasən məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkiyyət hüququ əsasında iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi də daxil olmaqla, ümumilikdə 4,2258 ha torpaq sahəsi həmin ərazidə mövcud yaşayış və qeyri-yaşayış bina və qurğuları sökülməklə, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisi üçün Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli, 51 nömrəli sərəncamına əsasən üçüncü şəxs Cavabdeh MMC-yə icarəyə verilmişdir. Məhkəmə qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(112)- 839/2024 nömrəli qanuni qüvvəsini almış qərarı ilə qəbul edilmiş sərəncamın (iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair hissədə) iddiaçının mülkiyyət hüququna müdaxilə olması və bu müdaxiləyə nə mülkiyyətdən istifadəyə nəzarət məqsədi daşıyan qanunvericilik sisteminin tərkib hissəsi kimi, nə də mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipinin işığında deyil, mülkiyyətdən məhrumetmə kimi qiymət verilmişdir. Məhkəmənin qərarına əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt – sərəncam iddiaçının mülkiyyətində olan torpaq sahəsinə münasibətdə müvafiq səlahiyyət olmadan qəbul edildiyinə görə, iddiaçıya aid hissədə etibarsız inzibati akt kimi sayılmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak X1 yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 sylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmasına baxmayaraq, cavabdeh mübahisəli ərazidə tikinti və digər fəaliyyətlər həyata keçirməyə başlamış, bununla da iddiaçının həmin ərazidən istifadə imkanlarını faktiki olaraq məhdudlaşdırmışdır. Məhkəmənin qərardadı ilə hazırki iş üzrə xx.xx.2024-cü il tarixində tikinti-texniki ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6959 saylı, xx.xx.2024-cü il tarixli rəyi ilə iddiaçının mülkiyyətində olan evə yaxın ərazidə aparılan qazıntı işləri nəticəsində həmin evə gedən avtomobil və piyada yollarının faktiki olaraq qazıldığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri iddiaçının İddiaçı məxsus əmlakdan sərbəst və maneəsiz istifadə etmək hüququnu pozmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına da ziddir. Hazırda mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi istisnasız olaraq iddiaçının mülkiyyətindədir və həmin əraziyə hər hansı hüquqi və ya fiziki şəxsin razılıq olmadan müdaxilə etməsi qanunsuz maneə hesab olunmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun yerləşdiyi torpaq sahəsinin ərazisində söküntü, qazıntı və tikinti işlərinin aparılması Cavabdeh MMC-yə qadağan edilməli, iddiaçıya məxsus fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun bərpa edilməsi, həmin avtomobil və piyada yolundan iddiaçının və ailə üzvlərinin, yəni X9,X5,X7,X10, X3, X8 və X4 istifadəsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun yerləşdiyi torpaq sahəsinin ərazisində söküntü, qazıntı və tikinti işlərinin aparılması Cavabdeh MMC-yə qadağan edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə xidmət edən avtomobil və piyada yolunun bərpa edilməsi, həmin avtomobil və piyada yolundan iddiaçının və ailə üzvlərinin, yəni X9,X5,X7,X10, X3, X8 və X4 istifadəsinə yaradılan maneənin aradan qaldırılması vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar