Məhkəmə qərarları › İş №e-2(006)-3303/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3303/2024

15.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3303/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X12 oğlunun katibliyi, İddiaçı LPO QSC "xxxx" KB-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı LPO QSC "xxxx" KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO QSC "xxxx" KB Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Axundov Fazil Nazim oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli KMFŞ ********** saylı kredit müqaviləsi üzrə onun hüquqi varisi Cavabdeh 1710,90 (bir min yeddi yüz on manat, doxsan qəpik) manat məbləğində əsas borc, 2605,62 (iki min altı yüz beş manat altmış iki qəpik) manat məbləğində faiz borcu, 1745,22 (bir min yeddi yüz qırx beş manat, iyirmi iki qəpik) manat məbləğində cərimə borcu, 1136,16 (bir min yüz otuz altı manat, on altı qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 7197,90 (yeddi min yüz doxsa yeddi manat, doxsan qəpik) manat məbləğində pulun və 91,98 (doxsan bir manat, doxsan səkkiz qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə Axundov Fazil Nazim oğlu arasında xx.xx.2008-ci il tarixində kredit verilməsi haqqında KMFŞ ********** saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Axundov Fazil Nazim oğluna illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. X14 Nazim oğlu öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun 12 may 2023-cü il tarixinə Banka 1710,90 (bir min yeddi yüz on manat, 90 qəpik) manat məbləğində əsas borc, 2605,62 (iki min altı yüz beş manat, 62 qəpik) manat məbləğində faiz borcu, 1745,22 (bir min yeddi yüz qırx beş manat, 22 qəpik) manat məbləğində cərimə borcu, 1136,16 (bir min yüz otuz altı manat, 16 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 7197,90 (yeddi min yüz doxsa yeddi manat, 90 qəpik) manat məbləğində borcu qalmışdır. İddiaçı LPO QSC "xxxx" KB yaranmış borc tələbinə dair Axundov Fazil Nazim oğluna qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, iş üzrə cavabdeh Axundov Fazil Nazim oğlu xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-2978/2023 saylı qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı tərəfindən hüquqi varisinin müəyyən edilməsi üçün Bakı şəhəri 29 saylı Notariat ofisinə müraciət edilmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2014-cü il tarixdə V-09 saylı reystrlə rəsmiləşdirilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2013-cü il tarixdə vəfat etmiş Axundov Fazil Nazim oğlunun vərəsəsi arvadı Cavabdehdır. Vəfat etmiş Axundov Fazil Nazim oğlunun vərəsəsi Cavabdeh xx.xx.2024-cü il tarixli **********984 bildiriş məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq Cavabdeh banka olan borcu ödəməmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iş üzrə iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO QSC "xxxx" KB-nin nümayəndəsi X2 iddianı müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini və iddia müddətinin tətbiq edilməsinə dair ərizəni nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara iddia ərizəsi ilə birlikdə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: QSC "xxxx" Kommersiya Bankı ilə Axundov Fazil Nazim oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli KMFŞ ********** saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana istehlak tələbatlarının ödənilməsi üçün 24 ay müddətinə, illik 24 % ödəmək şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kreditin ödənilməli olduğu son tarix xx.xx.2010-cu ildir. QSC "xxxx" Kommersiya Bankı ilə X9 arasında bağlanmış xx.xx.2008-ci il tarixli **********/01 saylı zaminlik müqaviləsindən görünür ki, X9 borclu Axundov Fazil Nazim oğlunun bank qarşısında həmin tarixli kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. QSC "xxxx" Kommersiya Bankı ilə X11 arasında bağlanmış xx.xx.2008-ci il tarixli **********/02 saylı zaminlik müqaviləsindən görünür ki, X11 borclu Axundov Fazil Nazim oğlunun bank qarşısında həmin tarixli kredit müqaviləsi üzrə öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2014-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş – X4 vərəsəsi arvadı – Cavabdehdır – mirasda payı mirasın 100 %-dən (tam) ibarətdir. Barəsində şəhadətnamə verilən miras əmlak mərhum X7 məxsus olmuş Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 137 nömrəli binada yerləşən 65 nömrəli mənzildən (yaşayış sahəsi – 42,0 kv.m; ümumi sahəsi – 64,71 kv.m; otaqların sayı – 3) ibarətdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-6887/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, iddiaçı QSC "xxxx" KB-nin cavabdehlər Axundov Fazil Nazim oğluna, X10 və X6 qarşı “əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə iddia tələbinin cavabdeh Axundov Fazil Nazim oğluna qarşı olan hissəsində münasibətdə icraata xitam verilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-6887/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadından görünür ki, iddiaçı QSC "xxxx" KB-nin cavabdehlər X10 və X6 qarşı “əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4498/2016 nömrəli, xx.xx.2016cı il tarixli qərarından görünür ki, ərizənin təmin edilməsi, QSC "xxxx" Kommersiya Bankının müflis elan edilməsi və iflas proseduruna başlanması, Əmanətlərin Sığortalanması Fondunun QSC "xxxx" Kommersiya Bankının ləğvedicisi təyin edilməsi qərara alınmışdır. QSC "xxxx" KB-də Axundov Fazil Nazim oğlunun adına olan hesabdan xx.xx.2009xx.xx.2023-cü il dövləri əhatə edən çıxarışdan görünür ki, sonuncu dəfə xx.xx.2012-ci il tarixdə 40 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Axundov Fazil Nazim oğlunun xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə banka 1710,90 manat əsas, 2605,62 manat faiz, 1745,22 manat cərimə, 1136,16 manat gecikdirilmiş vaxta görə hesablanan faiz borcu olmaqla, cəmi 7197,90 manat məbləğində borcu yaranmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2978/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Axundov Fazil Nazim oğluna, X10 və X6 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair ərizəsi ilə bağlı mülki iş cavabdeh Axundov Fazil Nazim oğluna aid hissəsində (2013-cü ildə ölməsi səbəbindən) icraata xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2978/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X10 və X6 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Ləğv prosesində olan "xxxx" Kommersiya Bankı QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Axundov Fazil Nazim oğlunun hüquqi varisi Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, ona Axundov Fazil Nazim oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunun 3 gün müddətində banka ödənilməsi, əks təqdirdə bununla bağlı məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 92 (doxsan iki) manat rüsum ödənilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil ilkin olaraq Axundov Nazim Həbib oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 29 saylı DNK-nın 2V/1-97 reyestr nömrəli xx.xx.2003-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzil Axundov Fazil Nazim oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 29 saylı DNK-nın 2V-01/255 reyestr nömrəli xx.xx.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən mənzil Cavabdeh adına qeydiyyatdan keçmişdir. 1 saylı ASAN Xidmət mərkəzinin notariusu tərəfindən təsdiqlənmiş 4Ə-1721 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən qeyd edilən mənzil X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, QSC "xxxx" KB ilə Axundov Fazil Nazim oğlu arasında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən Fazil Axundova 24 ay müddətinə, illik 24 % ödəmək şərtilə 5.000 manat məbləğində kredit verilmiş, sonuncu ödənişin tarixinin xx.xx.2010-cu il olması müəyyənləşdirilmiş, müqavilə üzrə öhdəliklərin təminatı kimi X11 və X9 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqavilə üzrə sonuncu dəfə xx.xx.2012-ci il tarixdə 40 manat məbləğində ödəniş edilmiş, Fazil Axundov xx.xx.2013-cü ildə vəfat etmiş, xx.xx.2014-cü ildə Cavabdeh (arvadı) qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra xx.xx.2016-cı ildə bank Fazil Axundov və zaminlərinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qərardadı ilə bankın Fazil Axundova qarşı iddia tələbi üzrə icraata xitam verilmiş, xx.xx.2016-cı il tarixli qərardadı ilə isə zaminlərə qarşı olan iddia tələbi baxılmamış saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə bank müflis elan edilərək, iflas proseduruna başlanılmış, banka ləğvedici təyin edilmişdir. Bundan sonra bankın ləğvedicisi yenidən xx.xx.2023-cü ildə Fazil Axundov və zaminlərinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Fazil Axundova qarşı iddia tələbi üzrə icraata xitam verilmiş, eyni tarixli qətnaməsi ilə isə ləğvedicinin zaminlərə qarşı iddia tələbi rədd edilmişdir. Bankın ləğvedicisi xx.xx.2024cü il tarixdə Fazil Axundovun vərəsəsi – hazırkı iş üzrə Cavabdeh borcun ödənilməsi ilə bağlı bildiriş göndərmiş, nəhayət, bank xx.xx.2024-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı Fazil Axundov ilə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun onun vərəsəsi olan cavabdehdən tutularaq bankın xeyrinə ödənilməsini; cavabdeh isə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə qeyd edir ki, bankla Fazil Axundov arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, bank müqavilə üzrə öhdəliyini tam yerinə yetirsə də, Fazil Axundov öhdəliyini lazımınca yerinə yetirməmiş, nəticədə müqavilə üzrə banka borcu yaranmışdır. Deməli, iddia tələbi əsaslıdır. Lakin cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən, tələb üzrə iddia müddətinin ötürülübötürülməməsi məsələsinin araşdırılmasına zərurət yaranmış və məhkəmə belə qənaətə gəlmişdir ki, hazırki iddia ərizəsi bu cür tələblər üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ötürüldükdən sonra məhkəməyə təqdim edildiyindən, iddia təmin edilməməlidir. Belə ki, müqavilə xx.xx.2008-ci il tarixdə 24 ay müddətinə bağlanılmış, yəni müqavilənin müddəti xx.xx.2010-cu ildə başa çatmış, xx.xx.2012-ci ildə müqavilə üzrə sonuncu dəfə ödəniş edilmiş, deməli, xx.xx.2012-ci ildən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə müvafiq olaraq 3 illik iddia müddətinin axımı başlanmış, lakin xx.xx.2015-ci ilədək nə cavabdeh tərəfindən ödəniş edilməsi, nə iddiaçı tərəfindən həmin borcun məhkəmə qaydasında tələb edilməsi, nə də iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olan hər hansı hal müəyyən edilməmişdir. Burada qeyd edilməsi zəruridir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklər olduğundan, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilməməsi, bu öhdəliklərin miras qoyanın vərəsələri tərəfindən icra edilməli olması barədə qanunvericiliyin göstərişini (Mülki Məcəllənin 558 və 1153-cü maddələri) və Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli Qərarındakı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, Fazil Axundovun ölümü iddia müddətinin axımına təsir etməmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunur ki, bank Fazil Axundova qarşı iddia ərizəsi ilə xx.xx.2016-cı ildə məhkəməyə müraciət edən zaman iddia müddətini artıq ötürmüş, Fazil Axundovun 2013cü ildə ölməsi müəyyən edildiyindən, həmin tələb üzrə icraata xitam verilmişdir. Bank həmin vaxtdan 7 il sonra Fazil Axundova qarşı tələblə bir daha məhkəməyə müraciət etmiş, bu dəfə də həmin tələb üzrə icraata xitam verilmişdir. Yalnız bundan 1 ilə yaxın, iddia müddəti bitəndən (xx.xx.2015-ci ildən) isə 9 ilə yaxın müddət keçəndən sonra bank Fazil Axundovun vərəsəsinə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildikdən sonra isə iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair hər hansı sübut və müddətin bərpa edilməsinə dair ərizə məhkəməyə təqdim edilməmişdir. Məhkəmə bankın hərəkətlərini hüquqdan sui-istifadə kimi qiymətləndirərək, hesab edir ki, yuxarıda göstərilənlər iddia tələbinin təmin edilməsini istisna etməklə, iddia müddətinin tətbiqi ilə iddianın rədd edilməsi zərurətini meydana çıxarır. Məhkəmə öz mövqeyini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375-ci maddəsinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-377.2-ci maddələrinə müvafiq olaraq, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 378-ci maddəsinə görə, öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. 380-ci maddəsinə görə, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2 və 445.2.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə görə, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mərkəzi X8 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki: İddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına göstərilmişdir ki: Məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları yuxarıda istinad edilmiş hüquq normaları ilə müqayisəli şəkildə araşdıraraq və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırki iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə verildiyindən və cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edildiyindən iddiaçı LPO QSC "xxxx" KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı LPO QSC "xxxx" KB-nin Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar