Məhkəmə qərarları › İş №e-2(006)-331/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-331/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-331/2024 14.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təsviri hissə:

1. İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 4821,96 manat məbləğində kredit xətti açılmışdır. Müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə kredit borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 28 avqust 2023, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 4821,96 AZN əsas, 1246,57 AZN faiz, 46,79 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6115,32 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 4821,96 AZN əsas, 1246,57 AZN faiz, 46,79 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6115,32 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 81,56 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. İş üzrə iddiaçının nümayəndəsi və vəkili X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron vasitəsilə xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında qeyd etmişdir ki, o, iddiaçı bankdan həqiqətən müqavilə bağlayaraq, kredit götürmüşdür. Maddi imkanı olmadığından krediti vaxtlı-vaxtında ödəyə bilməmişdir. Hazırda işsizdir, sağlamlığı ilə bağlı ciddi problemləri var. Bu səbəbdən maddi imkanı krediti ödəməyə imkan vermir. Himayəsində 3 azyaşlı övladı var. Odur ki, göstərilənlərə əsasən faiz borcunun silinməsini və əsas borcu hissə-hissə ödəməyi üçün ona şərait yaradılmasını xahiş etmişdir.

5. Məhkəmə cavabdehin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4732sADJ/21 kredit müqaviləsinə əsasən Bank cavabdehə 60 ay müddətinə illik 29% ödəmək şərtilə 4821,96 manat məbləğində kredit xətti ayırmağı və ssuda hesabı açmağı, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh ödəməli olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun Banka borcu yaranmışdır. Hazırda iddiaçı müqavilə üzrə yaranmış borcun tutulmasını tələb edir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında olan "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4732sADJ/21 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Kommersiya Bankı ASC Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% ödəmək şərtilə 4821,96 manat məbləğində kredit xətti ayırmağı və ssuda hesabı açmağı, borcalan Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

9. Mülki işin materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə "xxxx" Kommersiya Bankı ASC-yə 4732sADJ/21 saylı kredit müqaviləsi üzrə 4821,96 AZN (dörd min səkkiz yüz iyirmi bir manat, doxsan altı qəpik) əsas, 1246,57 AZN (min iki yüz qırx altı manat, əlli yeddi qəpik) faiz, 46,79 AZN (qırx altı manat, yetmiş doqquz qəpik) cərimə, 0 AZN (sıfır) komisyon haqqı borcu olmaqla, cəmi 6115,32 AZN (altı min yüz on beş manat, otuz iki qəpik) borcu yaranmışdır.

10. Mülki işin materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş bildirişdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixinə 4821,96 manat əsas, 717,15 manat faiz, 13,38 manat cərimə, cəmi 5552,49 manat borcu yaranmışdır.

11. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 9/219 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 12 aprel 2021-ci il tarixli, 4732sADJ/21 saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" KB ASC-yə sualda qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə olan borcu 7.251,39 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 6.349,12 manat, faiz borcu üzrə 902,28 manat. Aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat təşkil edir.

12. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 81,56 manat məbləğində dövlət rüsumu ödənilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. İddianın hüquqi əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

16. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

17. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

18. Həmin Məcəllənin 739-cu maddəsinə (köhnə redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

19. Məhkəmə qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

20. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, bank cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 4821,96 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqe (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır). Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə 12 aprel 2021-ci il tarixli, 4732sADJ/21 saylı kredit xətti müqaviləsinə əsasən borc məbləği cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan (əqdin ləğv edilməsi barədə iradə ifadəsinin bildirilməsi ilə bağlı) hesablanmalıdır.

22. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixə xx.xx.2021-ci il tarixli kredit xətti müqaviləsi üzrə əsas borcu 6349,12 manat təşkil edir.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqavilə üzrə əsas borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz.

25. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit xətti müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

26. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin 12 aprel 2021-ci il tarixli, 4732sADJ/21 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə faiz borcunun 902,28 manat olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.

27. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir.

28. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

29. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

32. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və cavabdehdən bankın xeyrinə 12 aprel 2021-ci il tarixli, 4732sADJ/21 saylı kredit xətti müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə 902,28 manat faiz borcu tutulmalıdır.

34. Azərbaycan Respublikası Mülki Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər.

35. Məhkəmə iddia tələbinin 12 aprel 2021-ci il tarixli, 4732sADJ/21 saylı kredit xətti müqaviləsi üzrə yaranmış 46,79 manat cərimənin tutulması hissəsi üzrə qeyd edir ki, kredit müqaviləsi üzrə götürülmüş kredit məbləğinin və ödənilməmiş qalmış əsas və faiz borcunun miqdarını, həmçinin tələb olunan dəbbə pulun həmin məbləğlərə münasibətdə tənasüb olmasını nəzərə alaraq, iddia tələbi həmin hissədə təmin edilməlidir.

36. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia borcun tutulması hissəsində əsaslıdır və qismən təmin edilərək, Cavabdeh 12 aprel 2021-ci il tarixli, 4732sADJ/21 saylı kredit xətti müqaviləsinə əsasən 4821,96 AZN (dörd min səkkiz yüz iyirmi bir manat, doxsan altı qəpik) əsas, 902,28 AZN (doqquz yüz iki manat, iyirmi səkkiz qəpik) faiz, 46,79 AZN (qırx altı manat, yetmiş doqquz qəpik) cərimə olmaqla, cəmi 5771,03 AZN (beş min yeddi yüz yetmiş bir manat, üç qəpik) borc alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir.

37. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 81,56 AZN-nin 77,71 AZN-i Cavabdeh tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməlidir.

39. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12 aprel 2021-ci il tarixli, 4732sADJ/21 saylı kredit xətti müqaviləsinə əsasən 4821,96 AZN (dörd min səkkiz yüz iyirmi bir manat, doxsan altı qəpik) əsas, 902,28 AZN (doqquz yüz iki manat, iyirmi səkkiz qəpik) faiz, 46,79 AZN (qırx altı manat, yetmiş doqquz qəpik) cərimə olmaqla, cəmi 5771,03 AZN (beş min yeddi yüz yetmiş bir manat, üç qəpik) borc iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulmalı, eyni zamanda iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 81,56 AZN-nin (səksən bir manat, əlli altı qəpik) 77,71 AZN-i (yetmiş yeddi manat, yetmiş bir qəpik) Cavabdeh tutularaq "xxxx" Kommersiya Bankı ASCnin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

40. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 AZN (bir yüz) məbləğinin iddia tələbi qismən təmin edildiyindən 94 AZN-i (doxsan dörd manat) Cavabdeh, digər hissəsi 6 AZN-i (altı manat) isə iddiaçıdan tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

45. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 12 aprel 2021-ci il tarixli, 4732sADJ/21 saylı kredit xətti müqaviləsinə əsasən 4821,96 AZN (dörd min səkkiz yüz iyirmi bir manat, doxsan altı qəpik) əsas, 902,28 AZN (doqquz yüz iki manat, iyirmi səkkiz qəpik) faiz, 46,79 AZN (qırx altı manat, yetmiş doqquz qəpik) cərimə olmaqla, cəmi 5771,03 AZN (beş min yeddi yüz yetmiş bir manat, üç qəpik) borc iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 81,56 AZN-nin (səksən bir manat, əlli altı qəpik) 77,71 AZN-i (yetmiş yeddi manat, yetmiş bir qəpik) Cavabdeh tutularaq "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 AZN (bir yüz) məbləğin 94 AZN-i (doxsan dörd manat) Cavabdeh, digər hissəsi 6 AZN-i (altı manat) isə iddiaçı "xxxx" Kommersiya Bankı ASC-dən tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar