Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3310/2024 13.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və qeyri yaşayış sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və qeyri yaşayış sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə bağlanmış icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqı olaraq ödənilməyən 10.500 (on min beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və xüsusi mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.3kv/m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçının mülkiyyət və sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkil və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini qismən – icarə haqqının ödənilməsi hissəsində qəbul edib, digər hissələrdə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməzdən əvvəl mübahisənin məhkəmədən kənar həll edilməsi qaydasına riayət olunmamışdır. Məhkəmə icraatı gedişində iddiaçının nümayəndəsi müvafiq pretenziya ilə qarşı tərəfə müraciət edilməsinin təsdiq olunduğunu hesab etdiyi məktubu məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, qarşı tərəfə bu qaydada məktubun göndərilməsi pretenziya qaydasına riayət edilmiş kimi qiymətləndiirilə bilməz. Belə ki, Mülki Məcəllənin “müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası”nı müəyyən edən 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci ildə bağlanmış icarə müqaviləsinin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İşdən görünür ki, ərizədə müvafiq ərizənin (pretenziyanın) xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə göndərilməsi göstərilsə də, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qəbzində müraciətin xx.xx.2024-cü il tarixdə - məhkəmənin üçüncü hazırlıq iclasından sonra göndərildiyi müəyyən edilir. Bu da qanunla, eləcə də tərəflər arasındakı müqavilədə nəzərdə tutulmuş qaydada pretenziya qaydasına riayət edilməsi ilə bağlı tələbə əməl edilməsi qənaətinə gəlməyə əsas vermir. Ona görə də məhkəmə qeyd edir ki, hazırda tərəflər arasında olan mübahisənin pretenziya qaydasında həll edilməsi imkanı mövcud olduğundan, yəni işin baxılması zamanı iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll olunması imkanı tükənmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı icarə müqaviləsinin ləğv edilməsi, icarə haqqının ödənilməsi və qeyri yaşayış sahəsinin boşaldılaraq qaytarılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3310/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3310/2024
13.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver