Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-332/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit üzrə borc tələbi və sairə tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 0104072AZN82215 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,303.74 manat əsas borc, 1,620.49 manat faiz borcu, 2,229.06 manat cərimə borcu olmaqla, cəmi 9,153.29 manatı məbləğində borcun; 41010AZNFK********** saylı kart hesabına əsasən overdraft əməliyyatı üzrə 283.52 manat əsas borc, 83.93 manat cərimə borcu olmaqla, cəmi 367.45 manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 116 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X3 xx.xx.2020-ci il tarixli 1.1.3 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə GTC-15795İB/2019 saylı Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsinin imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri qəbul edir. Sonradan tərəflər arasında X6 çərçivəsində 0104072AZN82215 saylı xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə forması imzalanmış, Bank tərəfindən Borcalana xx.xx.2025-ci il tarixədək illik faiz dərəcəsi 21%, illik cərimə faizi 180% olmaqla, 8 000 manat məbləğində istehlak xərcləri məqsədilə işçi krediti verilmişdir. Lakin borcalan həmin kredit üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icrа еtməmişdir. Krеditin müəyyənləşdirilən qаydаdа ödənilməsini həyata keçirmədiyi günlərin sayı 422 gün, 41010AZNFK********** saylı kart hesabı üzrə 442 gün təşkil edir. Qeyd olunanlara əsasən Bank tərəfindən Borcalana xəbərdarlıq məktubu göndərilmiş və Bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəliyi: 0104072AZN82215 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5,303.74 manat əsas borc, 1,620.49 manat faiz borcu, 2,229.06 manat cərimə borcu olmaqla, cəmi 9,153.29 manatı təşkil edir, gecikmə günü: 422. 41010AZNFK********** saylı kart hesabına əsasən overdraft əməliyyatı üzrə 283.52 manat əsas borc, 83.93 manat cərimə borcu olmaqla, cəmi 367.45 manat təşkil edir, gecikmə günü: 422. X4 əsasən Kreditin və faizlərin ödənilməsi Müştəri tərəfindən 3 aydan artıq müddətə gecikdirildikdə, Kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə və ya Kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı Bankın əsaslı ehtimalları yarandıqda Bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya Kredit məbləğini vaxtından əvvəl Müştəridən tələb edə bilər. Eyni zamanda ÜŞT-nin Bank xidmətlərinin göstərilməsi ilə bağlı tərəflərin hüquq və vəziflərinə dair hissəsinə əsasən Bankın qüvvədə olan tariflərində nəzərdə tutulmuş müvafiq xidmət haqqını Banka ödəmək müştərinin vəzifəsidir. Bundan başqa ÜŞT-nin Ödəniş Kartı bölməsi üzrə Karta dair ümumi məlumatlar bölməsində qeyd edilir ki, Kart üzrə texniki overdraft, yəni Hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə Bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. X3 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1)kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Eyni zamanda X4 əsasən Müştəri tərəfindən Müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək Bankın hüququdur. İddiaçı ASC iddia ərizəsinin məhkəmə icraatına qəbul olunması üçün 116 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmuna uyğun izahat verdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən etiraf etməklə cərimə borcunun silinməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixl fiziki şəxslərin maliyyələşdirilməsi üzrə sifariş ərizəsindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 8000 manat krediti 48 ay müddətinə ödəmək şərtilə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə 0104072AZN82215 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 5303.74 manat əsas, 1620.49 manat faiz, 2229.06 manat cərimə, 9153.29 manat borcu vardır. 41010AZNFK********** saylı kart hesabına əsasən overdraft əməliyyatı üzrə 283.52 manat əsas, 83.93 manat cərimə borcu olmaqla, cəmi 367.45 manat təşkil edir. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, bank ona borcun qaytarılması barədə xəbərdarlıq etmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 116 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0104072AZN82215 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən olunur. O cümlədən: xx.xx.2024-cü il tarixə (sualda soruşulan tarixə): əsas borc üzrə 5277.47 manat, faiz borcu üzrə 1345.31 manat, overdraft borcu üzrə 283.52 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. İddiaçı ASC sözügedən ekspert rəyi ilə razılaşmadığından, məhkəmə tərəfindən əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 0104072AZN82215 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2024-cü il tarixə banka olan borc xx.xx.2024-cü il tarixə əsas borc üzrə 2745.91 manat, faiz borcu üzrə 2744.81 manat. xx.xx.2025-ci il tarixli ekspertiza təyini haqında qərarın 2-ci sualında qeyd olunanlara (cavabdeh tərəfindən ödənilmiş bütün ödənişlərin ilk olaraq faiz borcuna yerdə qalan hissəsinin əsas və cərimə hissəsinə silinməsi) cavab olaraq bildirilmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən təyin edilmiş ilkin ekspertizada verilmiş 9/8173 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində hazırki sualda qeyd olunmuş nüans üzrə müvafiq hesablamalar aparılmış və aşağıdakı nəticəyə gəlinmişdir. xx.xx.2024-cü il tarixə (sualda sorusulan tarixə): əsas borc üzrə 5.277,47 manat; faiz borcu üzrə 1.345,31 manat. Ekspert qarşısında qoyulmuş üçüncü suala cavab olaraq bildirilir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarışlardan göründüyü kimi, faiz və əsas borcla yanaşı hesablanmış cərimə məbləğləri üzrə də silinmələr aparılmışdır. Bununla bağlı isə qeyd edilir ki, qanunvericilikdə (MM-nin 432.4 və s.) silinmə ardıcıllığı faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına cəriməyə silinmə nəzərdə tutulmamışdır). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə cavabdehdən tutulmalı olan əsas və faiz borcunun məbləğini müəyyən edərkən ekspert rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəy sübut kimi qəbul edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehdən əsas borca görə 5277.47 manat, faiz borcuna görə 1345.31 manat iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 5277.47 manat məbləğində əsas borca münasibətdə Cavabdeh 2229.06 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 200 manat dəbbə (cərimə) pulu tutulmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iş üzrə cavabdehdən 5277.47 manat əsas, 1345.31 manat faiz, 200 manat cərimə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin overdraft əməliyyatı üzrə 283.52 manat və 83.93 manat cərimə borcunun tutulması hissəsinə münasibətdə eyd edir ki, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, cavbadeh kart vasitəsi ilə cavabdeh tərəfindən aparılan əməliyyat zamanı texniki overdraft nəticəsində, yəni istinad olunan kart hesabında olan vəsaitdən artıq məbləğdə əməliyyat aparılmışdır. Texniki overdraft nəticəsindən artıq məbləğdə aparılan əməliyyat ekspert hesablamaları ilə də 283.52 manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə iddiaçıdan cavabdehin xeyrinə 92 manat tutulmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin (200 manatın) 100 manat hissəsi cavabdehdən, digər 100 manat hissəsi iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5277.47 manat əsas, 1345.31 manat faiz, 200 manat cərimə, overdraft əməliyyatı üzrə 283.52 manat, 83.93 manat cərimə, olmaqla cəmi 7190.23 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 92 manat iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin (200 manatın) 100 manat hissəsi cavabdehdən, digər 100 manat hissəsi isə iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5277.47 manat əsas, 1345.31 manat faiz, 200 manat cərimə, overdraft əməliyyatı üzrə 283.52 manat, 83.93 manat cərimə, olmaqla cəmi 7190.23 manat manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 92 manat tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manat hissəsi Cavabdeh, digər 100 manat hissəsi isə İddiaçı ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-332/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-332/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver