Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3338/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh2 ASC arasında bağlanmış 27 noyabr 2014-cü il tarixli 2847 saylı kredit sazişinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq onunla yeni müqavilənin bağlanmasının cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh kimi qeyd olunmuş Əmanətlərin Sığortalanması Fondunun cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kimi qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ASC ilə bağlanmış 27 noyabr 2014-ci il tarixli 2847 saylı (Müştərilərə Kreditləşmə və Xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirən) Kredit Sazişinə əsasən, bank ona illik 27 faiz dərəcəsi ilə 12 ay müddətinə ödənilməsi şərti ilə 1.000 manat məbləğində kredit vəsaiti vermişdir. O, 2015-ci il tarixinə kimi kredit ödənişlərini vaxtında etmiş, lakin sonradan ödənişlərində gecikmələr yaranmışdır. Kreditin aylıq ödənişlərinin gecikməsinə səbəb iş yerinin bağlanması və işsiz qalması olmuşdur. Kredit ödənişləri gecikmə etdiyinə görə mütəmadi olaraq ona və ailə üzvlərinə bankın Problemli kreditlərlə iş şöbəsindən əməkdaşların zəngləri başlamışdır. Onu məhkəməyə verəcəkləri, barəsində daha ciddi tədbirlərin görüləcəyi bildirilmişdir. Belə ki, onunla cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 526,09 manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış, lakin Cavabdeh2 ASC tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilməmişdir. Hesab edir ki, iddiaçı kimi onun kredit öhdəliklərinin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməsinə baxmayaraq, cavabdeh tərəfindən ona kreditin restrukturizasiya olunması üçün banka müraciət etməsi barədə bildiriş göndərilmədiyindən iddiası təmin edilməlidir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatsa da, fərmanın icra olunması ilə əlaqədar mövcud təcrübədə bütün restrukturizasiya olunmalı kreditlərin halhazırkı günədək tam restrukturizasiya olunmadığı məlumdur. Mübahisəli kredit müqaviləsinin vaxtında restrukturizasiya olunmaması barədə ona heç bir məlumat verilməməsi hüquqlarının pozulması ilə nəticələnmişdir. Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra əsas borcu ödəyəcəyini banka bildirmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə ilə müraciət edərək, iddianı qəbul etmədiklərini bildirmiş, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - xx.xx.2014-cü il tarixli 2847 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Cavabdeh2 ASC-nin Əməliyyat İdarəsi filialı tərəfindən İddiaçı 12 ay müddətinə Visa Classic tipli kart təqdim etmişdir. Bank tərəfindən buraxılmış kartın bankın mülkiyyəti olduğu qeyd edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixədək kredit xətti açılmışdır. - 18.12.2015-ci il tarixli 01 saylı əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 2847 saylı kredit kartın verilməsi və istifadəsi üzrə müqavilənin şərtlərinə dəyişiklik edilmiş, müqavilə kredit müqaviləsi adlandırılmış, İddiaçı 18 ay müddətinə illik 27 faiz ödənilməsi şərti ilə 1.000 manat məbləğində kredit verildiyi təsbit olunmuşdur. - 08.05.2025-ci il tarixdə çap olunmuş problemli kreditlərin kompensasiyasına dair məlumatdan (çıxarışdan) görünür ki, İddiaçı kredit müqaviləsi üzrə LPO Cavabdeh2 ASCyə olan 526,09 manat əsas kredit borcu restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında göstərilmişdir. - LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 11 fevral 2025-ci il tarixli 12-5/2-Ə-33xx-xx-2254/2025 saylı məktubundan görünür ki, İddiaçı kredit öhdəliyinin restrukturizasiya olunması barədə ərizəsi ilə əlaqədar məktubuna ləğv prosesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən baxılmışdır. Bildirilmişdir ki, məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Sözügedən Fərmanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatdığının nəzərə alınması xahiş olunmuşdur. Eləcə də, yuxarıda qeyd olunanların nəzərə alınaraq, elektron portal və restrukturizasiya ilə əlaqədar əlavə suallar yaranacağı təqdirdə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etməsi tövsiyə olunmuşdur. Araşdırılmış iş materiallarından göründüyü kimi, hazırda iddiaçıya aid qalıq borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. İşdə olan sənədlərdən göründüyü kimi, yuxarıda adı çəkilən Fərmana əsasən iddiaçının bankla bağladığı kredit müqaviləsi üzrə borcuna kompensasiya məbləği hesablanmış (30,24 manat) və iddiaçının kredit borcundan (556,33 manat) silinmiş, 526,09 manat borc qalmışdır. Lakin ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanaraq aidiyyəti banklara təqdim olunmuş siyahıda iddiaçı ilə Cavabdeh2 ASC arasında imzalanmış kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya edilməsi göstərilməmişdir. Halbuki, onun adı, eləcə də restrukturizasiya edilməsi təklif olunan məbləğ həmin siyahıda göstərilməli idi. İddiaçı da ona restrukturizasiya edilməsi təklif edilən məbləğlə tanış olaraq, banka müvafiq qaydada müraciət etməli idi. İddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin həmin siyahıda göstərilməməsi, iddiaçını vaxtında aidiyyəti üzrə rəsmi şəkildə müraciət etmək hüququndan məhrum etmişdir. Məhkəmə qeyd olunan halı Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl olunmaması kimi qiymətləndirərək hesab edir ki, iddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin müvafiq siyahıda göstərilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Həmin Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. 17 yanvar 2025-ci il tarixdə verilmiş MV seriyalı 01381 saylı vəsiqədən görünür ki, iddiaçı Əfqanıstan müharibəsi veteranı olmaqla, dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2847 saylı kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi və İddiaçı ilə yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2847 saylı kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi və İddiaçı ilə yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3338/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3338/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver