Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3358/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 345,15 AZN kredit borcunun və 30 AZN ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 15007-3234/054884 nömrəli paykart kredit müqaviləsinə və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 30 noyabr 2020-ci il tarixinədək illik 25 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 700.00 AZN məbləğində istehlak kredit xətti açılmışdır. xx.xx.2015-ci il tarixli, 15007-3234/054884 nömrəli paykart kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavə üzrə bank qarşısında öhdəliklərini icra etməyən Cavabdeh xx.xx.2022-ci il tarixinə 345,15 AZN əsas kredit borcu borclu qalmaqdadır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, ödənişlərinin 2 ildir ki, ödənildiyini, əsas məbləğ 345 manat olduğu halda edilən ödənişlər nəticəsində bitmədiyini, ödədiyi məbləğin hamısının faiz borcuna silindiyini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə təqdim edərək, işə iştirakları olmadan baxılmasını və təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan xx.xx.2015-ci il tarixli, 15007-3234/054884 nömrəli paykart kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavədən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 30 noyabr 2020-ci il tarixinədək illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 700.00 AZN məbləğində istehlak kredit xətti açılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh vaxtı keçmiş kreditinin qalığı 345,15 manat təşkil edir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli kredit borcunun faizlərini və penyanın hesablanması haqqında arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 345,15 manat məbləğində əsas kredit borcu vardır. Mülki işin materiallarında olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli 0340 nömrəli pretenziyadan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdar edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6234 saylı 20 sentyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15007-3234/054884 nömrəli paykart kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh arayış məlumatı müddətinə, yəni xx.xx.2022-ci il tarixinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: - əsas borc üzrə - 345,15 manat; - faiz borcu üzrə - 0,00 manat; - cərimə borcu üzrə - 151,86 manat. Ekspert rəyində, həmçinin, qeyd edilir ki, hesabdan çıxarışlar məlumatından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15007-3234/054884 nömrəli paykart kredit müqaviləsi üzrə müqavilə müddətindən sonra ödənişlər olması müəyyən edilir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 15007-3234/054884 nömrəli paykart kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavəyə əsasən, iddiaçı tərəfindən cavabdeh üçün 30 noyabr 2020-ci il tarixinədək illik 25% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 700.00 AZN məbləğində istehlak kredit xətti açılmışdır. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, 15007-3234/054884 nömrəli paykart kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavə üzrə bank qarşısında öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş, nəticədə onun xx.xx.2022-ci il tarixinə iddiaçıya 345,15 manat məbləğində əsas kredit borcu yaranmışdır. Qeyd edilənlər işdə olan xx.xx.2015-ci il tarixli, 15007-3234/054884 nömrəli paykart kredit müqaviləsi və həmin müqaviləyə 1 saylı Əlavə, maliyyə arayışı, ekspert rəyi ilə və digər sənədlərlə təsdiqlənir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 445.2 və 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün 30 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 345,15 manat məbləğində kredit borcunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119cu maddəsinə əsasən, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 30 noyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə 345,15 manat məbləğində kredit borcunun əvəzi alınaraq İddiaçı ASC-yə ödənilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 (yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3358/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3358/2022
10.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver