Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3372/2024 02.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10.000 manat məbləğində maddi ziyanın, dövlət rüsumu üçün ödənilmiş 120 manat məbləğində pulun cəmi 10.120 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsinin (vəkilinin) yazılı vəsatəti əsasında Cavabdeh2 əlavə cavabdeh qismində işə cəlb olunmuşdur. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı 08 may 1992-ci il tarixdə Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı məcburi köçkündür. Bakı şəhəri Nəsimi rayonu, A.Əliyev küçəsi bina 7A mənzil 29-da ailəsi ilə bilrikdə müvəqqəti məskunlaşmışlar. X4 1992-ci il 08 may tarixində Şuşa əməliyyatı zamanı mina partlaması nəticəsində sol çanaq sümüyü nahiyəsindən və sol tazo-bel oynaqdan, sağ dirsək oynağındakı yumşaq toxumalarından çoxnömrəli qəlpə yaraları almış, habelə bədəninin müxtəlif hissələrində kiçik qəlpə yaraları almışdır. Bundan sonra Nəsimi rayonu, A.Əliyev küçəsi bina 7A mənzil 29-da məskunlaşmışlar, onlar orada məskunlaşanda ev yaşayış üçün tam yararsız olub, əmisi və atası Azər Məhərrəmov öz şəxsi vəsaitləri hesabına evi yaşanacaq vəziyyətə gətirmişlər, qapılar, pəncərələr və evin təmirini etmişlər. Müəyyən vaxtdan sonra əmisinin ailə tərkibi genişləndiyi üçün, məcburi köçkün kimi başqa yerdə məskunlaşmışlar. Əmisigil ordan köçdükdən sonra atası, anası, qardaşı və özü orada yaşamağa başlamışlar. xx.xx.2013-cü il tarixdə atası – X22 vəgfat etmiş, bundan sonra 10 il ərzində həmin mənzildə yaşamışlar. xx.xx.2021-ci il tarixdə anası X10 Covid19 xəstəliyindən vəfat etmişdir, onlar qardaşıyla azyaşlı olduqlarından nənələri onları himayəyə götürmüş, Ağdam rayonuna köçməli olmuşlar, belə ki, azyaşlı olduqlarından həmin mənzildə tək yaşaya bilməzdilər. Amma ayda 3-4 dəfə həmin mənzilə gəlirdilər, evin təmizliyi ilə məşğul oldurdular və orada həmin vaxt orada yaşayırdılar. 2024-cü ilin yanvar ayının əvvəlində mənzilə gəldikdə, görmüşdür ki, mənzilin qapısı qırılıb, evin içində fəhlələr işləyir, divarlar sökülüb, hər yeri söküblər. Onlara məxsus olan əmlaklar mənzildə ola-ola, mənzildə təmir işləri aparıblar və onlar əşyalarını, mebellərini məhv etmişlər. Onlar evdə olmadığı vaxt, xx.xx.2023-cü il tarixdə Nəsimi rayon icra şöbəsinin icra məmurları və Cavabdeh2, qapını qanunsuz olaraq sındırmış, belə ki, onların əlində qapının məcburi açılması ilə bağlı məhkəmə qərarı olmalı idi. Evə onların iştirakı olmadan daxil olmuşlar, sonradan isə mənzildə olan əşyalarını dağıdılmış və sındırılmışdır. Mənzilin normal vəziyyətə gətirilməsi üçün, 1993-cü ildən etibarən mərhum ata və anası xeyli miqdarda xərc çəkmişlər, lakin onlara heç bir yaşayış yeri verilmədən küçəyə atılmışlar. Hal-hazırda qalmağa evləri yoxdur, onlara məxsus olan əmlaklar dağıdılmış və onlara heç bir kompensasiya verilməmişdir. Ailəliklə orda məskunlaşdıqdan sonra, evin təmirinə xeyli miqdarda vəsait mərhum atası və anası tərəfindən xərclənmişdir, belə ki, mənzildə təmir işlərinə divar kağızlarının vurulması, mətbəx mebelinin quraşdırılması, hamam, tualet və digər hissələrin təmirinə çəkilən xərclər olmuşdur. Bundan əlavə lüsturlar və digər avadanlıqlarda tərəfimizdən quraşdırılmışdır, lakin cavabdeh tərəfindən onların etdiyi təmir dağıdılmış və bunun nəticəsində onlara heç bir məbləğ ödənilməmişdir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən də onlara aid əşyaların dağıdıldığı müəyyən olunur. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində ona 10.000 (on min) manat məbləğində maddi ziyan dəymişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, özü kirayədə yaşayır. Evinə girib yaşaya bilmir. Evdə televizor, soyuducu və yorğandöşək vardı. Hamısını evin damına yığıblar. Dəfələrlə iddiaçı tərəfə müraciət etsələr də, əşyaları gəlib götürən olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək izahatında bildirdi ki, 8 aydır ki, iddiaçıya məxsus əşyaları evin damına yığıblar. Dəfələrlə iddiaçı tərəfə müraciət etsələr də, əşyaları gəlib götürən olmamışdır. Qalan əşyalar lazımsız əşyalardır. Məhkəmə iclasında iştirak edən şahid X23 ifadəsində bildirmişdir ki, iddiaçının anasının xalası qızıdır. 2013-cü ildə iddiaçının atası vəfat etmişdir. Sonra tez-tez həmin evə gedib-gəliblər. 2021-ci ildə xalası qızı vəfat etmişdir. Ondan sonra uşaqları nənəsi Ağdam rayonuna aparmışdır. İddiaçı demək olar ki, ayda 1 dəfə Bakı şəhərinə gəlirdi və birlikdə həmin evə gedib təmizlik işləri görüdülər. Mübahisəli mənzili iddiaçının atası təmir etdirmişdir. Evin əvvəlki vəziyyəti yaxşı vəziyyətdə olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid X30 ifadəsində bildirmişdir ki, iddiaçının anasının xalasıdır. O evə həmişə gəlib-gediblər. Evi iddiaçının atası təmir etdirmişdi. Evin əvvəlki vəziyyətini görməmişdir, amma evdə təmir gedərkən görmüşdür. Cavabdehlər evi almaq üçün 26.000 manat pul təklif etmişdirlər. İddiaçı evə gedəndə görüb ki, əşyaların hamısını çölə torpağın üstünə atılıb. Evi sökmüşdülər, toz-torpaq hamısı əşyaların üstünə tökülmüşdü. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Yasamal RPİ tərəfindən verilmiş AZE seriyal 03034339 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 rayonu Qaybalı kəndində qeydiyyatda olmuşdur. Nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X14 arasındakı nikah xx.xx.2002-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «Məhərrəmova» soyadı verilmişdir. Şuşa Rayon Qeydiyuat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 604517 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Şuşa Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 214167 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Şuşa Rayon İcra Hakimiyəti Başçısının arayışının surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsindəki 7 A nömrəli evin 29 nömrəli mənzilində X7 həyat yoldaşı X8, oğlu X24, qızı X11, X15, qardaşı arvadı X10, qardaşı qızı X6 və qardaşı oğlu X27 məskunlaşmışlar. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-8505/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdehlər X2 və qeyrilərinə qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək, cavabdehlər X8, X24, X12, X15 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 7 A nömrəli evin 29 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-8505/2017 nömrəli icra vərəqəsinin surətindən görünür ki, cavabdehlər X8, X24, X12, X15 və X3 Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 7 A nömrəli evin 29 nömrəli mənzilindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin 3-36/2- 3630/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı və xx.xx.2006-cı il təvəllüdlü X27 barəsində Komitənin elektron məlumat bazasında məcburi köçkün kimi müraciətdə qeyd edilən ünvanda qeydiyyatda olmaları və məcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinət aldıqları öz əksini tapsada, onlara məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi barədə heç bir qeyd aşkar edilmədi. Bakı şəhəri üzrə Təhsil İdarəsinin Arif Vəliyev adına 258 nömrəli tam orta məktəbinin 29 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X27 xx.xx.2022-ci il tarixli 97 nömrəli əmrlə məktəbin şagird kontingentindən çıxarılıb, şagirdlərin yerdəyişməsi elektron sisteminin ərizəsi əsasında Ağdam rayon Hacıməmmədli kənd orta məktəbində təhsilini davam etdirilir. Bakı Şəhəri Nəsimi Rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarnın surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)- 8505/2017 nömrəli qətnaməsi üzrə icra vərəqəi tələbkar Cavabdeh1 xx.xx.2024-cü il tarixli ərizə ilə şöbəyə müraciət edərək, qonşuların şikayəti əsasında (qonşulara su getmiş) özünə məxsus evə girdiyini, mənzilin hazırda onun istifadəsində olduğunu bildirərək icra sənədinin icrasına xitam verilməsini xahiş etdiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Bakı şəhəri Nəsimi rayonu, A.Əliyev küçəsi bina 7a mənzil 29 Cavabdeh2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin 3-36-3/2- 3581/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şuşa şəhərinin Qaybalı kəndindən məcburi köçkünlər - X16 və həyat yoldaşı X17 ailə üzvləri ilə birgə 1997-ci ildə (adlarına açılmış kart qeydiyyatı) Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində yerləşən 7A nömrəli evin 29 nömrəli mənzilində məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamış və hər hansı bir mənzillə təmin olunması təklif olunmamışdır. X16 2005-ci ildə, həyat yoldaşı X25 2008-ci ildə, övladı X18 2017-ci ildə, övladı X22 2013-cü ildə, gəlini X10 isə 2021 -ci ildə vəfat etmişlər. Ailə üzvlərindən mərhum X7 həyat yoldaşı X8 ailəsi ilə birgə 2011 -ci ildən sözügedən mənzildən çıxmış və Nərimanov rayon ərazisində müvəqqəti məskunlaşıb yaşayırlar. Lakin, mərhum X13 övladları - İddiaçı və X1 mənzildə qalıb yaşamağa davam ediblər. Zəbt mənzildə faktiki yaşayan İddiaçı qardaşı X27 ilə birgə 2023- cü ilin noyabr-dekabr aylarında evdə olmadıqları zamanı, evin sahibi Cavabdeh1 tərəfindən özbaşına mənzilin zamoku sındırılmış və mənzilə daxil olaraq, evin əşyalarını bayıra çıxarmışdır. Hər iki valideynlərini itirmiş 2006-cı təvəllüdlü X27 və 2004-cü təvəllüdlü İddiaçı hazırda Ağdam rayonunun Əfətli kəndində yaşayan nənəsi ilə birgə qalırlar. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq Şuşa rayonunun şəhər və kəndlərindən olan məcburi köçkün ailələrinin mərhələli şəkildə köçürülməsi zamanı X19 və İddiaçı qeydiyyatda olduğu öz doğma yurduna köçürülməsi həyata keçiriləcək. Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsinin 3-36-3/2- 2853/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Qaçqınların və X21 üzrə Dövlət Komitəsində olan məlumata əsasən məktubda adı çəkilən vətəndaş İddiaçı 2004-cü il 23 oktyabr tarixdən ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla həmin ünvanda faktiki olaraq məskunlaşmışdır. İcra işində olan: Bakı Qarnizonu Mənzil İstismar Hissəsinin 5 nömrəli Mənzil İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 335 nömrəli arayışından görünür ki, Bakı şəhəri Nəsimi rayonu, A.Əliyev küçəsi bina 7A, 29 saylı mənzildə qonşuların verdikləri məlumata görə 6-7 aydır ki, yaşayış yoxdur. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, A.Əliyev küçəsi bina 7A, 29 saylı mənzilə mülkiyyətçi Cavabdeh2 müraciəti əsasında ünvana baxış keçirilməsi üçün gəldikdə mənzilin qapısını açan olmamışdır. Mənzilin yan qonşularının sözlərinə görə uzun müddətdir ki, həmin mənzildə yaşayan yoxdur. Arada həmin mənzilə bir cavan oğlanın gəlib-getdiyini bildirdilər. Həmin oğlanın X9 olduğu müəyyən olundu. Eyni zamanda aşağıdakı mərtəbədə yaşayan qonşular bildiridlər ki, həmin ünvana yaşayış yoxdur, mənzilin eyvanından divar kərpicləri tökülür və həyətdə saxlanılan maşınlarına ziyan vurur, sakinlərə isə təhlükəli anlar yaşadır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarı: Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarı: Sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şuşa şəhərinin Qaybalı kəndindən məcburi köçkünlər – iddiaçının babası X16 və onun arvadı X17 ailə üzvləri ilə birgə 1997-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, A.Əliyev küçəsində yerləşən 7A nömrəli evin 29 nömrəli mənzilində məskunlaşmış, məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamış və hər hansı bir mənzillə təmin olunması təklif olunmamışdır. X16 2005-ci ildə, həyat yoldaşı X25 2008-ci ildə, övladı X18 2017-ci ildə, övladı (iddiaçının atası) X22 2013-cü ildə, gəlini (iddiaçının anası) X10 isə 2021-ci ildə vəfat etmişlər. İddiaçının valideynləri (Azər Məhərrəmov və Şahnaz Məhərrəmova) vəfat etdikdən sonra iddiaçı qardaşı ilə birlikdə azyaşlı olduqlarından nənələri onları himayəyə götürmüş, 2021-ci ildən Ağdam rayonuna köçərək orada yaşamağa davam etmişlər. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-8505/2017 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdehlər X2 və qeyrilərinə qarşı evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək, cavabdehlər X8, X24, X12, X15 və (hazırkı iş üzrə iddiaçının anası) X3 Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsi, 7A nömrəli evin 29 nömrəli mənzilindən çıxarılması qət edilmiş və qanuni qüvvəsini alaraq icraya yönəldilmiş, həmin qətnaməyə əsasən verilmiş xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən 29 nömrəli mənzil xx.xx.2023-cü il tarixdən Cavabdeh2 xüsusi müllkiyyətindədir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(006)-8505/2017 nömrəli icra sənədi üzrə icra işi araşdırılarkən məlum oldu ki, icra sənədinin icrası ilə bağlı xx.xx.2020-ci il tarixdə icra predmeti olan Bakı şəhəri Nəsimi rayonu, A.Əliyev küçəsi bina 7A, 29 saylı mənzilə icra məmuru tərəfindən baxış keçirilmiş, həmin mənzildə X10, uşaqları X27 və İddiaçı yaşadığı müəyyən olunmuş, mənzildə yaşayanlar dövlət tərəfindən mənzillə təmin olunan kimi evi boşaldaraq tələbkara təhvil verəcəklərini və bununla bağlı aidiyyəti qurumlara müraciət edəcəklərini bildirmişlər. Bununla bağlı akt tərtib olunmuşdur. İşdən görünür ki, iddia tələbi kimi 10.000 manat maddi ziyanın ödənilməsi iki əsasla tələb olunur: 1. mənzildə məskunlaşdıqdan sonra onun normal vəziyyətə gətirilməsi üçün, 1993-cü ildən etibarən iddiaçının mərhum atası və əmisinin evin təmirinə çəkdikləri xərclərin qaytarılması, 2. İddiaçıya məxsus əmlaklar mənzildə ola-ola mənzildə təmir işlərinin aparılması nəticəsində əşyalarının, mebellərinin məhv edilməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçının hazırkı maddi ziyan tələbinin qanuni əsasını təşkil edə biləcək normaların dispoziya şərtlərinin ödənildiyini sübuta yetirmək vəzifəsi onun üzərinə düşür. Çünki, qeyd edildiyi kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. İddiaçı ərizəsində iddiasının qanuni əsası kimi Mülki Məcəllənin 21, 1096, 1097, 1115-ci maddələrinə istinad etmişdir. Qeyd olunmalıdır ki, həmin normalara əsasən vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdeh tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Lakin hazırkı iş üzrə sadalanan hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddianın əsası kimi (təmir xərclərinə münasibətdə) Mülki Məcəllənin 157.7-ci maddəsi çıxış edə bilər ki, iddianın təmin edilməsi üçün həmin maddənin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, baxılan iddianın təmin olunması üçün iddiaçının vicdanlı sahib olması, onun tərəfindən mənzilin təmirinə xərcin çəkilməsi sübut olunmalıdır. Hazırkı halda həmin dispozitiv şərtlərinin ödənilməsi müəyyən edilmir. Bu baxımdan da iddianı təmin etmək üçün əsas yoxdur. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız şahidlərin məhkəmə iclasında iştiraklarını təmin etməklə iddiasını sübut etməyə çalışmışdır. Təqdim olunan şahidlər məhkəmədə dindirilmişdir. Lakin onlar tərəfindən iddia tələbində irəli sürülən hallar barədə mötəbər sübut və ya məlumat məhkəməyə təqdim edilməmişdir. Eləcə də, məhkəmə iclası gedişində müəyyən edildi ki, ifadə verən şəxslərdən Sənəm Əliyevanın cavabdehlərlə arasında münasibətlər gərgin olmaqla mübahisələri hüquq-mühafizə orqanında (şahidin bildirdiyinə görə 20-ci polis bölməsində) araşdırılmışdır. Belə olan halda, həmin şəxslərin verdiyi məlumatlar məhkəmədə kifayət qədər şübhə doğurduğu üçün məhkəmə şahid ifadələrinə tənqidi yanaşaraq, hazırkı iş üzrə mötəbər sübut kimi qəbul etmir. Bundan başqa hazırki halda istər xərcin çəkilməsi, istərsə də ziyan vurulması faktının (halının) şahid ifadələri ilə təsdiq olunması istisna olunur. Belə ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi həm iddia ərizəsində, həm də şahidlərin veridkləri ifadələrdə mənzilin iddiaçının atası (iddia ərizəsində həm də əmisi) tərəfindən 1993-cü ildə xərc çəkilərək təmir edildiyi, məhz onlar tərəfindən mənzilin yaşamaq üçün yararlı hala gətirildiyi qeyd olunur. Məhkəmə qeyd edir ki, birincisi, iddiaçı atası və əmisinin 31 il əvvəl təmir üçün çəkdiyini iddia etdiyi xərcləri tələb etmək üçün subyektiv hüquqa malik deyildir. Hətta onlar həmin mənzildə məskunlaşdıqları zaman mənzilin özlərinə məxsus olmadığını, məskunlaşmanın müvəqqəti olmasını dərk edərək iddia edildiyi kimi özləri üçün təmir edərək orada yaşamışlar. İddiaçının bildirdiyinə görə təmirin 1993-cü ildə edildiyi nəzərə alınsa, iddiaçının ailəsi 2021-ci ilədək (iddiaçının anası ölənədək) 28 il, iddiaçı özü isə, onun 2004-cü ildə doğulduğu nəzərə alınaraq 17 il həmin təmirdən (yaxşılaşdırmalardan) faydalanaraq orada yaşamışlar. Hazırda isə uzun illərdən sonra həmin xərclərin cavabdehlərdən tələb edilməsinin hər hansı qanuni və subyektiv əsası yoxdur.Göstərilənlərə əsasən məhkəmə iddianı həmin hissədə əsassız sayaraq rədd edilməsini məqsədəmüvafiq hesab edir. İddia tələbinin “iddiaçıya məxsus əşyaların məhv edilməsi ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, cavabdehlər tərəfindən iddiaçıya məxsus və fotoşəkillərdə əks olunmuş əmlakların ayrılaraq saxlandığı bildirilərək, iddiaçı tərəfə həmin əmlakları götürməsi məhkəmə iclasında təklif olunsa da, iddiaçı tərəf passivlik göstərməklə əmlaklarını götürməkdən yayınmışdır ki, bu da Müılki Məcəllənin 184 və 185-ci maddələrinin tətbiqi üçün zəmin yaradır. Belə ki, Mülki Məcəllənin 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. Görünən odur ki, iddiaçı özünə məxsus əmlakları götürməkdən imtina etməklə yalnız onlara görə öz dəyərindən daha artıq pul əvəzinin verilməsini tələb edir. Məhkəmənin qənaətinə görə iddiaçının hazırki iddia tələbləri hüquqdan sui-istifadə elementlərini özündə daşımaqla, təmin edilməsi qanunvericiliyin normalarına və ümumilikdə, vicdanlılıq prinsipinə ziddir. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3372/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3372/2024
02.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver