Məhkəmə qərarları › İş №e-2(006)-3460/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3460/2022

30.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3460/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana qədər saxlanması üçün 250 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2013-cü il tarixdə ailə həyatı qurmuş, xx.xx.2013-cü il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2012-ci il təvəllüdlü X15 adlı uşaqları vardır. Ailə qurduqdan sonra münasibətləri yaxşı olsa da, son dövrlərdə pisləşmiş və münasibətləri normallaşdırmaq cəhdləri heç bir nəticə verməmişdir. Birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X15 iddiaçının himayəsindədir. Cavabdeh uşağını saxlamaqda iddiaçıya köməklik göstərmir. Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh ilə Zərbaliyeva (nikahdan sonra Rzayeva) Əfsanə Tofiq qızı arasında 27 mart 2013-cü il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 180 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulması Qeydiyyat orqanında qeydə alınarkən Cavabdeh 15 (on beş) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçiriməsi, İddiaçı bu xərcdən azad edilməsi, tərəflərin birgə nikahlarından 23 noyabr 2012-ci il tarixdə doğulmuş X10 anası İddiaçı yanında saxlanılması, 23 noyabr 2012-ci il tarixdə doğulmuş X10 yetkinlik yaşına çatanadək maddi təminatı üçün 01 yanvar 2016-cı il tarixdən başlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi, ev 88-də yaşayan Cavabdeh sabit pul məbləğində hər ay 120 (bir yüz iyirmi) manat alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı qeyd edilən məhkəmə qətnaməsini qanunsuz və ədalətsiz hesab edir. Belə ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının artırılmasına zərurət yaranmışdır. İddiaçı bu məsələ ilə bağlı mediasiyaya da müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh və onun vəkili-nümayəndəsi isə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Etiraz onunla əsaslandırılmışdır ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə övladı xx.xx.2012-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş 120 manat sabit pul məbləğində alimenti cavabdeh hər ay vaxtlı-vaxtında artıqlaması ilə iddiaçıya ödəmişdir. Həmçinin, o, xx.xx.2017-ci il tarixdə X6 ilə nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, bu nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X16 adlı uşaqları anadan olmuşdur. O, hazırda "xxxx" QSC-də aşbaz vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Aldığı əmək haqqından 120 manat xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ödədikdə, qalan məbləğ ailəsinin və digər qızının saxlanılması üçün ancaq yetir. Həmçinin, bir uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin 1/4 hissəsi tutulmalı olduğu halda, o, iddiaçıya daha artıq məbləğdə aliment ödəyir. Onun xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ödədiyi 120 manat aliment ailəsinə və digər uşağına xərclədiyi məbləğdən daha artıqdır. Maddi vəziyyəti qızı X1 üçün müəyyən edilmiş 120 manatdan artıq alimenti ödəməyə yetərli deyildir. Onunla birlikdə əmək qabiliyyəti olmayan valideynləri də yaşayır. Bundan başqa, iddiaçı hazırda işləyir və aylıq əmək haqqı alır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməməsini xahiş etmişdir. Bundan sonra iddiaçı etirazla əlaqədar izahatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli arayışda onun "xxxx" QSC-də aşbaz vəzifəsində işləməsi və 350 manat əmək haqqı alması qeyd edilmişdir. Hal-hazırda orta məktəblərdə xadimə vəzifəsində işləyən qadınlar 380 manat əmək haqqı alır, bağbanların əmək haqqısı isə 300 manat civarındadır. Cavabdeh aşbaz olaraq şirniyyatla və kulinariya ilə məşğuldur. Cavabdehin aldığı 350 manat maaş inandırıcı deyildir. Bundan əlavə, cavabdeh evlərdə şirniyyatlar hazırlayır, xonçalara toy nişan mərasimlərinə tort bişirir, dəvət olunmuş məclislərdə aşbazlıq edir. Cavabdehin valideynlərinin hər ikisi təqaüdçüdür, öz təqaüdləri ilə dolanırlar. Cavabdeh isə 350 manatla həm iddiaçını, həm də ikinci ailəsini dolandıra bilməzdi. Bundan əlavə, cavabdeh özünə bahalı maşın almışdır. Sual yaranır ki, görəsən, həmin maşının ödənişlərini kim etmişdir? Cavabdehin dediyinə görə arvadı ikinci dəfə hamilədir, cavabdehin dolanığışında sıxıntılar olsaydı, üçüncü uşağın dünyaya gəlməsinə imkan verməzdi. Sadəcə olaraq "xxxx" QSC cavabdehin xeyrinə olaraq belə bir arayış vermişdir. Bu səbəbdən də iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X7 iddianı müdafiə edib, iddia ərizəsinin və izahatın məzmununa uyğun izahat verərək, uşağın saxlanılması üçün ödənilən alimentin onun tələbatının ödənilməsi üçün kifayət etməməsini və uşaq böyüdükcə xərclərin artmasını nəzərə alıb iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyib, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Bundan əlavə, müəyyən səbəblərdən uşağın təlim-tərbiyəsində iştirak edə bilmədiyini, uşağın tərbiyəsi ilə yalnız iddiaçının məşğul olduğunu etiraf etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, təmin edilməməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin, cavabdehin və onun nümayəndəsinin izahatını və vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, AZ-İİİ 006110 nömrəli, xx.xx.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən müəyyən edilmişdir ki, tərəflərin birgə yaşayışlarından 23 noyabr 2012-ci il tarixdə Həlimə adlı uşaqları anadan olmuşdur. Mülki işin materiallarında olan Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh ilə Zərbəliyeva (nikahdan sonra Rzayeva) Əfsanə Tofiq qızı arasında 27 mart 2013-cü il tarixdə bağlanmış və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində 180 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 23 noyabr 2012-ci il tarixdə doğulmuş X10 anası X4 yanında saxlanılması, 23 noyabr 2012-ci il tarixdə doğulmuş X10 yetkinlik yaşma çatanadək maddi təminatı üçün Cavabdeh sabit pul məbləğində hər ay 120 (bir yüz iyirmi) manat alimentin tutularaq X5 ödənilməsi qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh işəgötürən X17 tərəfindən (VÖEN: **********) aşbaz vəzifəsinə qəbul edilmiş, aylıq əmək haqqı 300 manat təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən, həmçinin, görünür ki, Cavabdeh işəgötürən "xxxx" QSC-də aşbaz vəzifəsində işləyir və aylıq əmək haqqı 350 manat təşkil edir. Mülki işin materiallarında olan Bakı 5 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli MŞB-5-01819 nömrəli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli AZ-İİ seriyalı 211245 №-li nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 nikahı 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1612 nömrəli ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. Mülki işin materillarında olan 1 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 184354 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X8 qeyd edilmişdir. Mülki işin materiallarında olan “Bakı şəhəri Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 3 nömrəli qadın məsləhətxanasının xx.xx.2022-ci il tarixli 43 №-li arayışından görünür ki, X8 19 (on doqquz) həftəlik hamiləlik diaqnozu ilə qeydiyyatdadır. Mülki işin materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli Ref.KŞ/19 nömrəli arayışından görünür ki, Cavabdeh 01 avqust 2014-cü il tarixdən hal-hazıradək "xxxx" şirkətində aşbaz vəzifəsində işləyir. Orta aylıq əmək haqqı 350 (üç yüz əlli) AZN təşkil edir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşağın saxlanılması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində aliment tutulur. Hazırda iddiaçı uşağın saxlanılması üçün tutulan alimentin uşağın tələbatının ödənilməsi üçün kifayət etmədiyini, məhkəmənin aliment təyin edərkən yetkinlik yaşına çatmayan uşağın yaşayış minimumunu deyil, onun əvvəlki yaşayış səviyyəsinin maksimal saxlanmaqla alimentin müəyyən edilməsini tələb edir. Lakin Cavabdeh isə xx.xx.2017-ci il tarixdə X6 ilə nikah qeydiyyatından keçməklə ailə həyatı qurduğunu, bu nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X16 adlı uşaqları anadan olduğunu, həmin uşağın onun himayəsində olmaqla yetkinlik yaşına çatmadığını, arvadının ikinci uşağa hamilə olduğunu, hazırda "xxxx" QSC-də aşbaz vəzifəsində işləməklə aldığı 350 manat aylıq əmək haqqının 120 manat hissəsinin xx.xx.2012-ci il təvəllüdlü X1 üçün ödədiyini, qalan əmək haqqının ailəsinin və digər qızının saxlanılması üçün yetərli olmadığını qeyd edərək iddia tələbinin təmin edilməməsini xahiş edir. Lakin məhkəmə araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, cavabdeh "xxxx" QSC-də aşbaz vəzifəsində işləməklə yanaşı, eyni zamanda, işəgötürən X17 tərəfindən (VÖEN: **********) aşbaz vəzifəsinə qəbul edilmiş və aylıq əmək haqqı 300 manatdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddələrinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Hazırki halda isə məhkəmə cavabdehin əmək qabiliyyətli olmaqla işlədiyinə və aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qərarın 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Qərarın 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Qərarın 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qərarın 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etmişdir. Belə ki, Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi müəyyənləşdirilərkən həmin dövrün həyat standartları, uşağın ehtiyaclarının səviyyəsi əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə uşaq böyümüş və ehtiyacları artmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək xeyli müddət keçməsi, artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüməsi tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin maddi vəziyyətinin yaxşı olmaması onun qanunla müəyyən edilmiş uşağın lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaq qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsun. Eyni zamanda, cavabdehin 300 manat və 350 manat olmaqla iki müxtəlif iş yerində işləməsi onun gəlirlərinin özünün bildirdiyi qədər az olmadığını müəyyənləşdirməyə əsas verir. Bundan başqa, cavabdeh uşağın gündəlik tərbiyəsində iştirak etmədiyini bildirmişdir, bu da uşağın əslində bir valideyn – ata qayğısından tamamilə məhrum böyüməsi mənasına gəlir. Uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən - cavabdehdən tutulmasına əsas ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahından olan uşağın anasının himayəsində olmasını və atanın gündəlik tərbiyə prosesində ümumiyyətlə iştirak etməməsini, alimentin məbləğinin müəyyən olunduğu tarixdən xeyli müddət keçməsini, 2022-ci il üzrə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddinin 193 manat olmasını, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən hər ay 120 manat sabit pul məbləğində alimentin tutulmasını hazırki dövrdə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Kürdəmir rayon Məhkəməsinin 2(041)-01/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2012ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Aliment məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar