Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3467/2025 20.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "kredit borcunun tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "borc tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, kreditin əsas borcu üzrə 3464.52 ( üç min dörd yüzaltımış dörd manat əlli iki qəpik ) manat, faiz borcu üzrə 693,43 ( altı yüz doxsan üç manat qırx üç qəpik) manat, cərimə borcu üzrə isə 5620,72 (beş min altı yüziyirmi manat yetmiş iki qəpik ) manat olmaqla ümumilikdə 9778,67 (doqquz min yeddi yüz yetmiş səkkiz manat altımış yeddi qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 118 (bir yüz on səkkiz) manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 fevral 2023-cü il tarixdə "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında 02/031-23 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 iddiaçı tərəfindən istehlak mallarının alınması üçün 5760 (beş min yeddi yüz altmış) manat məbləğində kredit ayrılmışdır. O, 18 (on səkkiz ) ay müddətində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməli idi. Borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə həmçinin 01 fevral 2023-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bağlanmış zaminlik müqaviləsinin şərtlərinə görə “zamin” Cavabdeh1 təşkilata olan öhdəliklərini tam yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinəgötürmüşdür. Lakin cavabdehlər kredit öhdəliklərini yerinə yetirə bilməməsi səbəbi ilə xx.xx.2023-cü ildə ərizə ilə müraciət edərək qalıq borcu 3832 (üç min səkkiz yüz otuz iki)manat məbləği 18 ay müddətə yenidən qrafikin açılmasını xahiş etmişdir. Belə ki, müraciət əsasında Cavabdeh1 qalıq kredit borcu yeni qrafiküzrə illik 34% olmaqla 18 aylıq hər ayın 15-i ödənilməsişərti ilə 02/031-23 saylı kredit müqaviləsi üzrə 1 saylı razılaşma imzalanmışdır. Razılaşmaya əsasən xx.xx.2023-cü ildə borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyini tam icra edərək kredit məbləğini Cavabdeh1 ödəmişdir. Lakin, cavabdehlər kredit müqaviləsinin şərtlərini mütəmadi olaraq pozmuşdur. Cavahdehlərin xx.xx.2025-ci il tarixə iddiaçıya əsas borc üzrə 3464.52 (üç min dörd yüz altımış dördmanat əlli iki qəpik) manat, faiz borcu üzrə 693,43 (altı yüz doxsan üç manat qırx üç qəpik) manat, cərimə borcu üzrə isə 5620,72 (beş min altı yüz iyirmi manat yetmiş iki qəpik ) manat olmaqla ümumilikdə 9778,67 (doqquz min yeddi yüz yetmiş səkkiz manat altımış yeddi qəpik) məbləğində borcu yaranmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02/031-23 saylı kredit müqaviləsinin surətindən görünür ki, illik 32% olmaqla, cəmi 5760 manat məbləğində kredit 18 ay müddətinə ödəmək şərti ilə borcluya verilmişdir. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02/031-23 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 02/031-23 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. - Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixli, 02/031- 23 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin qalığı 3832 manatı xx.xx.2023-cü il tarixindən etibarən illik 34% olmaqla hər ayın 145 tarixində ödəmək şərtilə 0 ay güzəşt müddəti olmaqla 18 ay müddətinə yeni qrafikə salınmasını xahiş etmişdir. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 02/031-23 saylı kredit müqaviləsinə 1 saylı xx.xx.2023-cü il tarixli Razılaşmadan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 02/031-23 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin qalığı 3832 manatı 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəliyinə götürmüşdür. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 02/031-23 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin kreditor BOKT "xxxx" MMC qarşısında borclu Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 02/031-23 saylı kredit müqaviləsi üzrə 1 saylı razılaşmaya əsasən öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq üzərinə götürmüşdür. - Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdurlar. - Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 118manat məbləğində dövlət rüsumu ödənilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin müəyyən edilən hallarından göründüyü kimi, müqavilə tərəfləri arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Digər Cavabdeh2 isə zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır. Bununla belə, məhkəmə iddiaçının kredit xətti müqaviləsi üzrə yaranmış borcun tutulması barədə tələbini qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla Krеditi Müqaviləsi üzrə 420 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki işin materiallarında olan qəbzdən göründüyü kimi, iddiaçı tərəfindən dövlət büdcəsinə 118 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan, qeyd olunan məbləğ də müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3464.52 manat əsas borc, 693.43 manat faiz, 420 manat cərimə borcu olmaqla, ümumilikdə 4577.95 manat (dörd min beş yüz yetmiş yeddi manat, doxsan beş qəpik) məbləğində borc və 118 manat (yüz on səkkiz manat) ödənilmiş dövlət rüsumu alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3464.52 manat əsas borc, 693.43 manat faiz, 420 manat cərimə borcu olmaqla, ümumilikdə 4577.95 manat (dörd min beş yüz yetmiş yeddi manat, doxsan beş qəpik) məbləğində borc və 118 manat (yüz on səkkiz manat) ödənilmiş dövlət rüsumu alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-3467/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3467/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver