Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3487/2024 20.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeḣ qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik çaşına çatana qədər saxlanılması üçün cavabdehdən tutulan 300 manat alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 235 manat, ümumilikdə 470 manat alimentin sabit pul məbləğinin cavabdeh xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə 2007-ci ildə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı uşaqları anadan olmuşdur. Hər iki azyaşlı övladı Zaqatala şəhər 2 nömrəli tam ota məktəbin şagirdləridir. Uşaqları orta məktəbdə təhsil alır, əlavə hazırlığa gedir və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayan üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə iddiaçı çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğını tam göstərmir. Uşağların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Buna görə də iddiaçı "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Zaqatala Rayon Məhkəməsinin qətnaməsi ilə hər uşağa 150 manat olmaqla 300 manat məbləğində aliment təyin edilmişdir. 2024-cü il üçün ölkə üzrə yaşayış minimumunu, minimal aylıq əmək haqqı miqdarının, eləcə də cavabdehin Bakı şəhərində yaşayaraq çalışmaqla, kifayət qədər yüksək gəlir əldə edən iş adamı olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manata çatdırılmalıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq izahatında iddiaçının hazırki vəziyyətini nəzərə alaraq, övladlarının saxlanılması üçün iddiaçıdan hər uşaq üçün 200 manat, ümumilikdə 400 manat aliment tutulmasına etirazının olmadığını bildirdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, ikinci dəfə nikaha daxil olmuş və həmin nikahdan da övladları vardır. Ürək xəstəliyindən əziyyət çəkir. Övladlarının onun yanına gəldiyini, onlardan imtina etmədiyini, əgər iddiaçı övladlarına baxa bilmirsə onun baxa biləcəyini, beləliklə iddia ərizəsini qəbul etmədiyini qeyd edərək, məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(033)-826/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh birgə nikahından 25 mart 2010-cu il tarixdə anadan olmuş X1 və 11 aprel 2011ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli 2(033)-111/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş 100 manat aliment miqdarı artırılaraq hər ay hər uşaq üçün 150 manat müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər nikahda olması, həmin nikahdan 2 övladlarının olması, uşaqların iddiaçının yanında qalması, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00182 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməməsi barədə arayışdan görünür ki, tərəflər xx.xx.2024-cü il tarixə saat 14:00-dan-15:00-dək təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etsələr də, mediasiya prosesini davam etdirmək barədə razılıq əldə etməmişlər. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Nurullayev X5 şöbəsində müalicə alır. Doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh başqa nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X9 adlı yetkinlik yaşına çatmamış övladları vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdehin başqa nikahından iki övladı dünyaya gəlmişdir. xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X9 yetkinlik yaşlarına çatmamış və hazırda ataları X4 himayəsindədir. Eyni zamanda cavabdeh tərəfindən təqdim edilən tibbi sənədlərlə müəyyən edilmişdir ki, cavabdehin səhhətində problemlər aşkar olunmuş, ürək xəstəliyindən əziyyət çəkməsini müəyyən etmək mümkün olmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-826/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, qanunvericiliyə görə uşağa valideynlərinin hər ikisi baxmalı, qayğı göstərməli, maddi tələbatlarını təmin etməlidir. Beləliklə də uşağın saxlanılması üçün maddi xərclərin hamısının yalnız bir tərəfin üzərinə qoyulması ədalətli deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(033)-826/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3487/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3487/2024
20.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver