Məhkəmə qərarları › İş №e-2(006)-3520/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3520/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3520/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı "xxxx" ASC Cavabdeh1 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə nağd kredit üzrə 2468,5 manat əsas borc, vəfat etdiyi tarixə 33,64 manat faiz borcu olmaqla, cəmi 2502,14 manat və ödənilmiş 45,03 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2020-ci il tarixli BPM**********90 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24%-lə, 48 ay müddətinə 2500 manat nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 122228 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh1 3 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Bankın Müştəri Xidməti Departamenti tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş nağd krediti üzrə 2468,5 manat əsas borc, vəfat etdiyi tarixə 33,64 manat faiz borcu olmaqla, cəmi 2502,14 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-3423/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Daha sonra iddiaçının vəsatəti əsasında Cavabdeh2 və Cavabdeh3 iş üzrə cavabdehlər qismində cəlb edilməklə X3 mirası qəbul etmiş vərəsələri X5, X6 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2468,5 manat əsas borc, vəfat etdiyi tarixə 33,64 manat faiz borcu olmaqla, cəmi 2502,14 manat və ödənilmiş 45,03 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********90 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə, hər ay 81,6 manat ödəmək və illik 24 faiz ödəmək şərti ilə 2.500 manat məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli, 1627 nömrəli maliyyə arayışından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə X3 2.468,50 manat əsas borc, 33,64 manat faiz məbləği olmaqla, ümumilikdə 2.502,14 manat borcunun olduğu qeyd edilmişdir. BPM**********90 nömrəli kassa məxaric orderindən və X4 məxsus ******************** nömrəli hesabdan çıxarışdan görünür ki, X4 məxsus ******************** nömrəli hesaba 2.475 mnat pul vəsaiti köçürülmüşdür. 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin Notariusu tərəfindən "xxxx" ASC-nin Problemli Kreditlərlə İş Departamentinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 873 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X3 adına xx.xx.2021-ci il tarixində 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində 266 nömrəli vərəsəlik işi açılmış lakin, “X1” verilməmişdir. Bu günədək müraciət etmiş tək vərəsə qızı Cavabdeh1dır. Cavabdeh1 "xxxx" ASC tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********90 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borcluya 48 ay müddətinə, hər ay 81,6 manat ödəmək və illik 24 faiz ödəmək şərti ilə 2.500 manat məbləğində kredit verilmiş və 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin Notariusunun xx.xx.2022-ci il tarixli, 873 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 X3 vərəsəsi kimi tanınmışdır. Qeyd olunanlara əsasən Cavabdeh1 bildirilmişdir ki, onun banka 2468,5 manat əsas borcu və ona müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 122228 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və bu barədə xx.xx.2020-ci il tarixdə ölüm haqında akt qeydləri kitabında 1482 nömrə ilə qeyd edilmişdir. 3 saylı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin Notariusu tərəfindən Sevda Məmmədovaya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 1973 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində vəfat etmiş X3 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində xx.xx.2021-ci il tarixli, V-266 nömrəli Vərəsəlik işi açılmışdır, lakin Vərəsəlik hüququ haqqında Şəhadətnamə verilməmişdir. Cavabdeh1 notarial qayadada təsdiq edilmiş, **********599 nömrəli ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yaşamış xx.xx.2020-ci il tarixdə vəfat etmiş anası X2 qalmış miras əmlakı qəbul etmişdir. Miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti bildirmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 45 manat 03 qəpik dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1151-ci maddəsinə müvafiq olaraq mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən X4 illik 24% hesablanmaqla 48 ay müddətinə 2.500 manat məbləğində borc verilmişdir. X7 xx.xx.2020-ci ildə vəfat etmiş, ona məxsus miras əmlak faktiki olaraq Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Hazırda iddiaçı bank, vəfat etmiş borclunun banka olan borcunun onun vərəsələri olmuş şəxslərdən birgə qaydada tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, mərhum X7 ilə bank arasında öhdəlik münasibətləri olduğundan və hazırda mərhum borclu X2 miras qalmış əmlakı qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında mirası yalnız Cavabdeh1 qəbul etdiyindən hazırda bankın tələb etdiyi borc məbləği Cavabdeh1 tutulmalıdır. Məhkəmə miras əmlak anlayışına miras qoyanın sağlığında onun mülkiyyətində olan əmlakın aid edilməsinə dair qanunvericiliyin tələbini hazırki mülki mübahisəyə tətbiq edərkən qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 anası mərhum Rəna Cəfərovadan miras qalmış əmlak kimi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin olmasına və həmin əmlakı miras olaraq qəbul etməsinə dair ərizə ilə müvafiq qaydada müraciət etmişdir. Bununla da vərəsə miras əmlakdakı aktivləri qəbul etməklə, passivlərin də icrasında cavabdehlik daşıyır. Belə ki, mübahisəli əmlak rəsmi qeydə alınmalı olan, lakin bu cür qeydiyyata alınmamış əmlak olsa da, cavabdeh həmin əmlakı miras əmlak olaraq qəbul etməsinə dair iradə ifadəsini bildirməklə həmin əmlaka dair gələcəkdə gözləntisini də ifadə etmiş sayılır. Məhkəmə həmçinin nəzərə çatdırır ki, vərəsə tərəfindən qəbul edilmiş miras əmlakın ehtimal olunan dəyəri mərhum borclunun banka olan borcunu ödəmək üçün yetərli hesab edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh2 və Cavabdeh3 qarşı olan hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu şəxslər mərhum X3 vərəsələri olduğu halda onların bu və ya digər miras əmlakı qəbul etmələrinə dair sübutlar olmadığından iddia tələbi onlara münasibətdə təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, X3 vərəsəsi Cavabdeh1 (miras əmlakın dəyəri həcmində) 2468,5 manat əsas borc, 33,64 manat faiz borcu olmaqla, cəmi 2502,14 manat və ödənilmiş 45,03 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının əvəzi "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. X3 vərəsəsi Cavabdeh1 (miras əmlakın dəyəri həcmində) 2468,5 (iki min dörd yüz altmış səkkiz manat əlli qəpik) manat əsas borc, 33,64 (otuz üç manat altmış dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 2502,14 (iki min beş yüz iki manat on dörd qəpik) manat və ödənilmiş 45,03 (qırx beş manat üç qəpik) manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar