Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3540/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001R********** saylı kredit razılaşmasının və ona əlavə edilmiş sazişlərin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 3187.78 (üç min yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində kredit borcu, 1024.07 (min iyirmi dörd manat yeddi qəpik) manat məbləğində faiz borcu, 627.99 (altı yüz iyirmi yeddi manat doxsan doqquz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4839.84 (dörd min səkkiz yüz otuz doqquz manat səksən dörd qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 68.4 (altmış səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 001L**********71 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 3.500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020ci il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R**********SA saylı, xx.xx.2021-ci il tarixli 001R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 312.22 manat ödəmiş, onun 3187.78 manat məbləğinə kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 229 gün üçün hesablanmış faiz borcu 1024.07 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 229 gün üçün hesablanmış cərimə 627.99 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 31.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqavilələrinə əsasən, bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabeh Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi üzərindən yazılı ərizə təqdim edərək, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iclasda iştirak etməmiş, gəlməmələrinin səbəbləri barədə qabaqcadan məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli 001L**********71 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, 120 ay müddətinə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən, cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2020-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 3.500 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 001R**********S saylı, xx.xx.2020-ci il tarixli 001R**********SA saylı, xx.xx.2021-ci il tarixli 001R**********SB saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. **********110302 №-li zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icra edilməsini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 yuxarıda qeyd olunan müqavilə üzrə İddiaçı QSC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli aidiyyəti məhkəmə orqanına ünvanlanan məktubdan görünür ki, Cavabdeh1 001R********** saylı xx.xx.2020-ci il tarixli kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə olan borcu: - əsas borc üzrə – 3187.78 manat; - faiz borcu üzrə – 1024.07 manat; - cərimə borcu üzrə - 627.99 manat; - cəmi borc- 4839.84 manat. Xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh1 və digər Cavabdeh2 (zamin) borcu ödəmələrini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu və zamini xəbərdar etmişdir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas və faiz borca münasibətdə əsaslıdır. Dəbbə puluna gəldikdə isə aşağıdakıların qeyd edilməsi zəruridir: Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, 627.99 manat məbləğində dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 600 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 3187.78 (üç min yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində kredit borcu, 1024.07 (min iyirmi dörd manat yeddi qəpik) manat məbləğində faiz borcu, 600 (altı yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4811.85 (dörd min səkkiz yüz on bir manat səksən beş qəpik) manat məbləğində borc tutulmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 68.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, Mülki Prosessual Məcəllənin 119cu maddəsinə əsasən, dövlət rüsumu olaraq ödənilmiş 68.40 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MülkiProsessualMəcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli 001R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 3187.78 (üç min yüz səksən yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində kredit borcu, 1024.07 (min iyirmi dörd manat yeddi qəpik) manat məbləğində faiz borcu, 600 (altı yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4811.85 (dörd min səkkiz yüz on bir manat səksən beş qəpik) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 68.4 (altmış səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3540/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3540/2022
27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver