Məhkəmə qərarları › İş №e-2(006)-3547/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3547/2022

26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3547/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X22 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun və digər cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2007-ci ildə iddiaçının mərhum atası X15 cavabdehlər Cavabdeh və X7 65 min dollar verərək Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 0.24 ha torpaq sahəsini almışdır. Həmin vaxtdan torpaq sahəsi onlara etibarnamə əsasında təhvil verilmiş və bu günədək qanuni istifadəsində olmuşdur. Lakin alarkən torpaq sahələrinin Çıxarışı olmamış, yalnız icra hakimiyyətinin veridyi xx.xx.1999-ci il tarixli, 1495 saylı və xx.xx.1999-cu il tarixli, 1922 saylı Sərəncam olmuşdur. Həmin torpaq sahəsi faktiki ölçüləri, hər biri ayrılıqda 0,10 ha olmaqla iki hissədən ibarətdir, biri Cavabdeh, qalan 0.10 ha ərazisi isə yoldaşı cavabdeh X5 adına olmuşdur. Hər iki torpaq sahəsinə görə tam şəkildə ödəniş edildiyi üçün cavabdehlər ayrı-ayrılıqda iddiaçının mərhum atasına torpaq sahəsinə dair hər cür sərəncam vermək hüququ, o cümlədən – torpaq sahəsindən istifadə etmək, torpağı özəlləşdirib sonradan satmaq, bağışlamaq və sair nəzərdə tutan 20 illik, yəni 2027-ci ilədək etibarnamələr verilmişlər. Torpaq sahəsinin Cavabdeh adına olan hissəsi iddiaçının atası tərəfindən özəlləşdirilərək xx.xx.2011-ci ildə iddiaçıya 20.000 (iyirmi min) manata satılmışdır. Digər hissəsi, yəni cavabdeh X5 adına olan hissəni atası cavabdehin adına özəlləşdirsə də satmağa macal tapmamış, 30 noyabr 2020-ci ildə rəhmətə getmişdir. Bundan sonra, iddiaçı Cavabdeh yaxınlaşıb etibarnamənin yenilənməsini və atasının hüquqi varisi kimi onun adına verilməsini xahiş etmişdir. Cavabdeh atasının öldüyünü bilən kimi müxtəlif bəhanələr gətirərək öncə iddiaçıdan iyirmi min manat pul tələb etdi, daha sonra isə ümumiyyətlə yoldaşı ilə boşandığını və əlaqəsinin omadığını, yoldaşının guya Amerikaya getdiyini, heç cür etibarnamə verə bilməyəcəyini bildirdi. İddiaçı buna etirazını bildirmiş və xahiş etmişdir ki, atasının verdiyi pulu qaytarsın. Bundan sonra, o və yoldaşı, digər cavabdeh X5 iddiaçı barəsində polisə şikayət edərək guya sonuncunun torpağı özbaşına zəbt etdiyi barədə yalan şikayət etdilər. Əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Anar Bəxtiyarovun “Cinayət işinə xitan verilməsinə dair” 31 yanvar 2022-ci il tarixli qərarına əsasən iddiaçının barəsində olan CM-nin 188.1, 188.2-ci maddələri ilə cinayət işinə xitam verilmişdir. İstinaq zamanı cavabdehlər, habelə şahidlər dindirilmiş və ifadələri alınmışdır. Həmin ifadələrə əsasən cavabdehlərin iddiaçının atasına məxsus külli miqdarda pulu ələ keçirməklə ona qarşı dələduzluq niyyətlərinin olması aşkar görünür. Həmin qərardan da aydın olur ki, cavabdeh X10 yoldaşı cavabdeh Mircabbarla birlikdə 2007-ci ildə 65.000 ABŞ dolları alaraq, torpaq sahəsinə dair bütün zəruri sənədləri, o cümlədən ailə üzvlərinin razılıq ərizələri də daxil olmaqla iddiaçının atasına baş etibarnamə ilə torpaq sahəsini naturada təhvil vermişlər. İddiaçının atası ölən günədək cavabdeh bir dəfə də olsun torpaq barəsində maraqlanmamış və torpağın iddiaçının istifadəsində olmasına dair heç bir etiraz da etməmişdir. Həmin etibarnamə ilə atasına torpaq sahəsini özgəninkiləşdirmək hüququ verilmişdir. Cavabdehlər torpağın pulunu aldıqlarına görə bu günədək bir dəfə də olsun torpaqla maraqlanmamışlar. İstintaq araşdırması zamanı şahid qismində dindirlimiş Cavabdeh bildirmişdir ki, “1999-cu ildə Bakı şəhəri Xəzər rayonu Albalılıq bağlar massivində iki pay, hər bir payı 12 sot olmaqla, cəmi 24 sot torpaq sahəsini keçmiş Əzizbəyov rayon icra hakimiyyətinə müraciət etməklə əldə etmişdir. Həmin torpaq sahəsinin 12 sotu Əzizbəyov rayon İcra hakimiyyətinin sərəncamı ilə ona, 12 sotu isə həyat yoldaşı Yeganə Səlimovanın adına olmuşdur. 2007-ci ildə o, torpaq sahəsini satmaq qərarına gəmişdir. Həmin vaxtlarda tanıdığı və münasibəti olan makler Əlyar adlı şəxsə müraciət edərək həmin torpaq sahəsinin satılmasında ona köməklik etməsini xahiş etmişdir. Onu da əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahəsinin bir payının üzərində o, iki mərtəbədən ibarət ev tikdirmişdir. Maddi vəziyyəti ilə əlaqədar o, həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Əlyar Əliyev həmin torpaq sahələrini satmaq istədiyini öyrəndikdən sonra ona söz vermişdir ki, torpaq sahəsini yaxşı qiymətə satmaqda ona köməklik edəcək. Bu səbəbdən də o, həmin ildə Əlyar Əliyevə hər iki torpağa görə notarial qaydada etibarnamə vermişdir. 2011-ci il tarixə qədər torpaq sahəsi satılmamışdır. 2011-ci ildə Əlyar Əliyev ona təklif etmişdir ki, torpaq sahəsini özü almaq istəyir. O da Əliyara bildirmişdir ki, torpaq sahəsinin bir sotunu 5000 manatdan aşağı vermiyəcək, məlum olduğu kimi ona aid adına olan torpaq sahəsindən söhbət gedirmiş. Yəni o, Əlyarla 12 sot torpaq sahəsini satacağını razılaşmışdır. Həmin torpaq sahəsi ki, üzərində ev sahəsi tikilmişdir. 2011-ci il tarixdə o, Əlyar Əliyevə təkrarən 12 sot torpaq sahəsinə aid etibarnamə vermişdir və Əlyar həmin torpaq sahəsi üçün ona 64.000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxtlarda ABŞ dollarının məzənnəsi 0,78 manat olmuşdur. Həmin vaxt üçün Əliyar ona 51.000 manat, bir neçə gündən sonra 2.000 manat pul vermişdir. Aralarındakı razılaşmaya əsasən Əliyar iki torpaq sahəsinin bir birindən ayrılması üçün daş hasar çəkdirməli olmuşdur. Əliyar həmin torpaq sahəsinin çıxarışını onun adına almışdır. Bundan sonra o, Əliyara təkrarən etibarnamə vermişdir və Əliyar topaq sahəsinin 12 sotunu öz adına sənədləşdirmişdir. İkinci, yəni həyat yoldaşı Yeganənin adına olan torpaq sahəsini isə sənədləşdirməyə Əlyara icazə verməmişdir, bildirmişdir ki, maddi durumu düzəlib həmin torpaq sahəsini artıq satmaq istəmir. O, Əlyarla arabir görüşürmüş söhbət edirmişlər. Əlyar özünə məxsus olan torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. Əlavə olaraq onu da qeyd etmişdir ki, həyat yoldaşı Yeganənin adına olan torpaq sahəsinə aid sərəncamda Əliyar da olmuşdur. 2020-ci ilin Əlyar Əliyev rəhmətə getdikdən sonra oğlu Ələkbər ona yaxınlaşaraq onun həyat yoldaşı Yeganənin adına olan torpaq sahəsinə dair ona etibarnamə verməsini istəmişdir. O, Ələkbərdən yoldaşının adına olan torpaq sahəsinə dair sənədləri ondan tələb etdikdə Ələkbər torpağa dair sənədləri ona təqdim etmiş, lakin sərəncamı göstərməmişdir. Bildirmişdir ki, sərəncam onda yoxdur. Bundan sonra, o, maraqlanmışdır ki, 2014-cü ildə Əlyar Əliyev yoldaşına aid olan torpaq sahəsinin sərəncamını təhvil verib əlində olan etbarnamə ilə çıxarış almışdır. Hal-hazırda həmin torpaq sahəsi onun həyat yoldaşının adına olmasına baxmayaraq, Əlyarın oğlu Ələkbər həmin torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. O, Ələkbərlə görüşüb söhbət edən zaman Ələkbər bildirmişdir ki, güya o, həmin torpaq sahəsini də atası Əlyara satmışdır. Əslində həmin torpaq sahəsi ona məxsusdur, həyat yoldaşının adına olmuşdur. Torpaq sahəsinə dair sənədi isə Ələkbər gizlətmişdir.” İstintaq araşdırması zamanı şahid qismində dindirilmiş X10 bildirmişdir ki, “o, və əri Cavabdeh 1999-cu ildə Buzovna qəsəbəsində hər birilərinə 0,12 ha torpaq sahəsi olmaqla, ümumilikdə 0,24 ha torpaq sahəsi almışlar. Əri Cavabdeh məxsus torpaq sahəsində ikimərtəbəli böyük ev tikmiş, şəhərdə yaşadığı üçün əri Cavabdeh ilə birlikdə hərdən gəlib həmin torpaq sahələrinə baxırmışlar. 2011-ci ildə əri Cavabdeh özünə məxsus olan 0,12 ha torpaq sahəsini və ikimərtəbəli evi dostu Əliyar Əliyevə 60.000 manata satmağa razılaşmış. X18 Səlimova 53.000 manat pul vermiş və 7000 manat borclu qalmışdır. Həmin vaxt o da özünə məxsus olan 0,12 ha torpaq sahəsinə çıxarış almaq məqsədilə notarial qaydada ev alqı-satqısı ilə məşğul olan və ərinin dostu olan Əliyar Əliyevə etibarnamə, torpaq sahəsinin sənədlərini, icra hakimiyyətinin sərəncamını, digər sənədləri vermişdir. xx.xx.2020-ci il tarixdə Əliyar Əliyev öldü və əri Mircabbar X1 onun adına olan torpaq sahəsinin sərəncamını və sənədlərini qaytarmasını xahiş etmişdir. X2 qaytarmaqdan yayınmağa başlamış və bir müddət sonra onlar ona məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq tikinti işləri aparmasını görmüşdür. Onlar Ələkbərdən qanunsuz hərəkətlərinə son qoyması və torpaq sahəsindən çıxmasını tələb etmiş də Ələkbər torpaq sahəsindən çıxmamış, qanunsuz olaraq tikinti işlərinə davam etmişdir. Həmin torpaq sahəsinin onun adına olan 0,12 ha torpaq sahəsi Əliyara satılmamışdır.” Beləliklə, iddiaçının atası öldükdən sonra cavabdehlər vəziyyətdən istifadə edib əsassız varlanmaq qərarına gəlmişlər. Əgər torpaq sahəsini cavabdeh satmamışdırsa nəyə görə iddiaçının atası ölənədək verdiyi etibarnaməni ləğv etməmiş və ya hər hansı formada narazılıq etməmişdir. Eyni etibarnamə ilə Cavabdeh torpaq sahəsi iddiaçıya satılmış və o da heç bir etiraz etməmişdir. Həmçinin, cavabdeh X5 da torpaq sahəsi satılmış olsaydı buna etiraz etməyə onun heç bir hüququ olmayacaqdı. Lakin atasının qəfil ölümündən suiistifadə edən cavabdehlər iddiaçının torpaq sahəsini ələ keçirməklə ona qarşı əslində dələduzluq əməllərinə yol verirlər. Qeyd olunmalıdır ki, iddiaçının atası torpaqları alarkən 2007-ci ildə torpaq sahələrini üzərində mülkiyyət hüquqları qeydə alınmamışdı və iddiaçının mərhum atası tərəfindən hər iki torpaq sahəsinə çıxarış və texniki sənədlər alınmışdır. Torpaq sahələri cavabdehlərin adına özəlləşdirilmişdir. Əlavə olunmuş cavabdeh X5 X9 verdiyi 10 avqust 2007-ci il tarixli etibarnamə ilə Bakı şəhəri Əzizbəyov rayonu İHB tərəfindən verilmiş 1922 saylı, xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində 486 saylı yerdə yerləşən 1200 kv.m torpaq sahəsindən təyinatlı istifadə etməyi, özəlləşdirməyi sonradan buna dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və diqər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 10 avqust 2027-ci ilədək etibarlıdır. Belə ki, iddiaçının mərhum atası 25 min dollar Mircabbarın adına olan torpaq sahəsinə görə, 40 min ABŞ dolları isə yoldaşının adına olan 0.10 ha torpaq sahəsinə görə vermişdir. Bu alqısatqı müaviləsinə əsasən Mircabbarın adına olan torpağın 20.000 AZN satıldğı təsdiq olunur. Beləliklə, cavabdehlər onlardan 65.000 ABŞ dolları alaraq, yalnız bir topaq sahəsini verməklə, digərini verməkdən hazırda imtina etmişlər. Odur ki, torpaq sahələrinə görə ödənilmiş 65.000 ABŞ dollarının 40.000 ABŞ dolları ödəniş gününə olan məzənnəsinə uyğun olaraq, Azərbaycan manatı ilə, həmçinin vurulmuş maddi ziyan da hesablanıb cavabdehdən tutulmalıdır. Cavabdeh faktiki olaraq, iddiaçıya qarşı dələduzluq etmişdir. Göründüyü kimi Cavabdeh iddiaçının mərhum atasından 0.24 ha torpaq sahəsinə görə qarşılıqlı razılığa əsasən 65.000 ABŞ dolları pul almışdır. Bunu polisdə verdiyi izahatlarında Cavabdeh özü də təsdiq etmişdir. Həmçinin, alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 0.12 ha sahəsi olan torpaq sahəsini iddiaçıya 20.000 (iyirmi min) manata (o vaxtkı məzənnə ilə bu 25.000 ABŞ dollarına) satdığı müəyyən olunur. Cavabdehin iddiaçının atasından 65.000 ABŞ dolları alsa da, yoldaşının adına olan torpaq sahəsini iddiaçıya verməkdən imtina etdiyini nəzərə alaraq, ödənilmiş pul məbləğindən 20.000 manat (25.000 ABŞ dolları) çıxılmaqla, yerdə qalan 40.000 (qırx min) ABŞ dolları əsassız varlanma qaydalarına uyğun olaraq, iddiaçıya qaytarılmalıdır. Həmin məbləğ ondan və həyat yoldaşı digər cavabdeh X3 müştərək qaydada tutulmalıdır. Həmçinin, pulun 15 il qanunsuz saxlanmasına görə qanunda nəzərdə tutulan faiz cavabdehlərdən tutulmalıdır. İstintaq araşdırması zamanı şahid qismində dindirilmiş X16 bildirmişdir ki, “mərhum həyat yoldaşı X15 2007-ci ildə Cavabdeh Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən 0.12 ha torpaq sahəsini 2007-ci ildə Mircabbara 25 min dollar verərək almışdır. Həmin vaxt Mircabbarın pula ehtiyacı olduğuna görə torpağı onlara çox ucuz qiymətə satmışdır. Lakin yoldaşının adına olan torpağı satanda isə 40 min dollara onlara satmışdır. Onlara bildirmişdir ki, əvvəl pula ehtiyacı olmuş, ona görə dəyər-dəyməz qiymətə satmış, yoldaşının torpağını isə 40 min dollara satmışdır. Yoldaşı həmin torpaq sahəsini başqası almasın deyə onunla razılaşmış və 40 min dollar ödəyərək almışdır. Mərhum yoldaşı ona hər iki torpaq sahəsinə görə cəmi 65 min dollar qudası X6 yanında sayıb verib, bundan sonra o, yoldaşına 2027-ci ilədək etibarnamə vermişdir. Mircabbar oğlu Ələkbərin barəsindəki müraciəti həqiqətəuyğun deyildir. İstintaq araşdırması zamanı şahid qismində dindirilmiş X12 bildirmişdir ki, mərhum Əliyar adlı şəxsin Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində 0.12 ha torpaq sahəsi olmuşdur. 2018-ci ildə o da torpaq almaq istəyirmiş və bir gün Əliyar ona həmin torpaq sahəsini təklif etmiş, o, bildirmişdir ki, həmin yerdə olan torpaq sahələri bahalıdır, buna gücü çatmaz, nəticədə onlar danışmışlar, həqiqətən də qiyməti ona uyğun olmadığına görə o, istəməmişdir. Çünki o vaxtı onun ona imkanı olmamış, ondan sonra aralarında söhbət elə də qalmışdır və o, Əliyara demişdir ki, gələcəkdə imkanı olsa, torpaq o vaxta kimi satılmasa o, alacaq. Elə oldu ki, 2020-ci ildə Əliyar vəfat etmiş və mərhum Əlyarın işlərini oğlu Ələkbər davam etdirirmiş. Həmin torpağı Ələkbər də ona təklif etmiş və onlar qiymətdə razılaşmışlar. Lakin sənədləşməyə gəldikdə isə torpaq sahəsinə aid etibarnamə Əliyara verimişdir deyə və hal-hazırda da vəfat etdiyinə görə Ələkbər Mircabbar adlı şəxsdən etibarnamə almaq üçün müraciət etsə də, Mircabbar bundan imtina etmişdir. Bu səbəbdən də o, həmin torpaq sahəsini almalı olmamışdır. Bir daha bildirmişdir ki, o, həmin torpaq sahəsini almaq istəsə də, sənədləşmə işləri baş tutmadığı üçün o, həmin torpaq sahəsini almamış, nə də heç kimə pul verməmişdir. İstintaq araşdırması zamanı şahid qismində dindirilmiş X13 bildirmişdir ki, mərhum X15 ilə yaxın dost olmuşlar. 2009-cu ildə oğlu Əliyarın qızı ilə ailə qurmuş və Əliyarla o quda olmuşlar. 2007-ci ildə bir gün Əliyar ona zəng vurmuşdur ki, vaxtı varsa Bakıya gəlsin, o da Bakı şəhərinə gəlmişdir və Əliyar ona bildirmişdir ki, Buzovna qəsəbəsində bir nəfər 0.24 ha torpağını 70.000 dollara satır. O, Əliyara bildirmişdir ki, 65.000 dollara versə yaxşı olar. Əliyar Mircabbar adlı şəxsə 60.000 dollara razılamağını təklif etmişdir, Mircabbar razılaşmamış, onda o, demişdir ki, 65.000 dollara da razılaşsa yaxşıdır. Belə ki, o, Mircabbarla görüşmüş və 65.000 dollara razılaşmışlar. Mircabbar ona bildirmişdir ki, torpaq sahəsi 2 hissədən ibarətdir, 0.12 ha onun adına, qalan 0.12 hə isə yoldaşının adınadır və hər birinə aid Xəzər rayon İcra Hakimiyyətinin Sərəncamı olmuşdur. Onlar razılaşmış və səhəri gün o, Əliyarla birlikdə 17 saylı notariusa getmişdir, Mircabbar da yoldaşı ilə orada onları gözləyirdi. Onlar orada razılaşdığı kimi 65 min dollar məbləğini vermişlər. Qeyd etmişdir ki, pulu şəxsən o, Mircabbara vermiş və pulun bir hissəsi dollar, qalan hissəsi isə manatla olmuşdur, ümumilikdə 65 min dollar məbləğini o, Mircabbara vermişdir. Sonra da Mircabbar, o və yoldaşı Yeganə adlı qadın Əliyara 2027-ci ilədək etibarnamə vermişdir. Mircabbar pulu yoldaşına vermiş və yoldaşı Yeganə də pulu çantasına qoymuşdur. Onlar görüşüb sağollaşmışlar. Sonradan Əliyar 2011-ci ildə həmin Sərəncam əsasında Mircabbarın adına çıxarış almış və 2015-ci ildə oğlu Ələkbərin adına keçirtmişdir. 2014-cü ildə isə Yeganənin adına çıxarış almış və ondan sonra həmin torpağı satmaq istəyirdi, alıcı olurdu, sadəcə 0.12 ha yeri bütöv istəmirdilər, ona görə sata bilməmişdir. Fikri olmuşdur ki, torpağı kimə satsa birdəfəlik həmin adamın adına sənədləşdirər, lakin, 2020-ci ildə qəfildən vəfat etmiş və yarımçıq qalmışdır. Əliyar ilə o, çox yaxın dost olmuş, buna görə də Əliyar bütün işlərini onunla məsləhət edir, bütün bu alqı-satqılar hamısı onun iştirakı ilə olmuşdur və o, rayonda olduğu zaman da nə iş görürdüsə ona deyirdi. Əliyarın kiməsə borcu qaldığını ona heç vaxt deməmişdir. Qeyd etmişdir ki, həmin torpağı Əliyarın oğlu Ələkbər öz adına sənədləşdirmək üçün Mircabbardan etibarnamə istəsə də, Mircabbar Əliyarın vəfat etməsindən istifadə edərək etibarnamə verməmişdir. Bunu əsas tutaraq torpağı başqa adama satmaq istəmişdir. Mircabbarın bu məsələ ilə bağlı dedikləri yalan olduğunu bildirmişdir. Göstərilənlərə əsasən Cavabdeh 40.000 (qırx min) ABŞ dollarının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq, həmçinin ödənilmiş 295 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Sonradan İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X10 hazırki iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Belə ki, 65.000 ABŞ dolları pulu Cavabdeh alarkən digər cavabdeh X10 ilə rəsmi nikahda olmuş və sözügedən pul məhz digər cavabdeh X7 məxsus torpaq sahəsinə görə verilmişdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh və X3 40.000 (qırx min) ABŞ dollarının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq, həmçinin ödənilmiş 295 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, cavabdehlərin əldə etdiyi 40.000 (qırx min) ABŞ dollarının 2007- 2022-ci illər ərzində qanunsuz özlərində saxladıqlarını nəzərə alaraq, cavabdehlərdən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında azı 5 faiz olmaqla 15 ilə görə 30.000 (otuz min) ABŞ dolları əlavə pul məbləği hesablanaraq tutulmalıdır. Qeyd olunanlara görə cavabdehlər Cavabdeh və X3 müştərək qaydada 40.000 (qırx min) ABŞ dollarının və pulun qanunsuz saxlandığına görə əldən çıxmış fayda olaraq 30.000 (otuz min) ABŞ dollarının ödəniş gününə olan məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, həmçinin 295 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək iddia tələbini müdafiə etmiş və təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh, həmçinin onun və digər cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək, iddiaya qarşı etiraz ərizəsini, həmçinin iddia müddətinin tətbiq olunması haqqında ərizəni təqdim edərək göstərmişdilər ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mərhum X8 vərəsəsi olmasını, ondan başqa digər vərəsələrin olub-olmamasını təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçının deməsinə görə, eyni ərazidə və eyni ölçüdə Cavabdeh və həyat yoldaşı Yeganə Səlimovanın adına 2 ədəd 0,12 ha torpaq sahəsi olmasına baxmayaraq, iddiaçı alqı-satqı müqaviləsi əsasında öz adına sənədləşdirdiyi, həmçinin üzərində əlavə olaraq fərdi yaşayış evi mövcud olan torpaq sahəsini 25.000 ABŞ dolları (20.000 manat), lakin eyni ölçüdə üzərində heç bir tikili mövcud olmayan boş torpaq sahəsini isə 40.000 ABŞ dolları hesablamasını iddia edir. Bu hal onu bir daha sübut edir ki, iddiaçının dedikləri tamamilə yalan olmaqla obyektiv həqiqəti özündə əks etdirmir. Necə olur ki, eyni ərazidə və eyni ölçüdə yerləşən iki ədəd torpaq sahəsinin üzərində fərdi yaşayış evi olan tikili 25.000 ABŞ dolları, digər boş torpaq sahəsi isə 40.000 ABŞ dolları təşkil etsin? Halbuki, Cavabdeh tərəfindən öz mülkiyyətində olan, yalnız təxminən 10 sot torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi 2011-ci ildə iddiaçının vəfat etmiş atasına 65.000 ABŞ dollarına satılmış, həmin dövrdə isə 1 ABŞ dolları təxminən 0,78 manat olmuşdur. Bununla bağlı cavabdeh tərəfindən iddiaçının vəfat etmiş atasına etibarnamə verilmiş, həmin etibarnamə əsasında Əliyar Əliyev həmin fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə xx.xx.2011-ci ildə alqı-satqı müqaviləsi əsasında öz oğluna satmışdır. Həmin müqavilənin bağlanılmasında Cavabdeh və X10 ümumiyyətlə iştirak etməmiş və belə bir müqavilənin mövcudluğundan məlumatları olmamışdır. Qalan 0,12 ha sahəsi olan Yeganə Səlimovanın adına verilmiş torpaq sahəsi isə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış və bu barədə RX seriyalı ******* saylı çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsi ayrıldığı vaxtdan cavabdehin sahibliyində və istifadəsində olmuş, cavabdehin dostu Əliyar Əliyev xx.xx.2020-ci ildə vəfat etdikdən sonra, sonuncunun övladı mülkiyyətində olan fərdi yaşayış evinə bitişik olan və Yeganə Səlimovaya məxsus 0,12 ha torpaq sahəsini də ələ keçirmək istəmiş, bu məqsədlə həmin qonşu torpaq sahəsində cavabdehlərin xəbəri olmadan tikinti işləri aparmağa başlamışdır. Cavabdeh torpaq sahəsinə baxış keçirərkən bundan məlumatı olmuş və dərhal hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında iddiaçının barəsində qanunsuz torpaq sahəsi zəbt etmə ilə əlaqədar cinayət işi başlanılmış, yekunda isə Xəzər Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 1(003)-264/2022 saylı hokmü ilə İddiaçı AR CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinərək, cinayət məsuliyyətinə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçının cavabdehə məxsus torpaq sahəsini 2021-ci ildə qanunsuz zəbt etməsi və orada tikinti işlərinə başlaması Xəzər Rayon Məhkəməsi tərəfindən aparılmış araşdırma ilə tam sübuta yetirilmişdir. İddiaçı isə yalnız alqı-satqı müqaviləsində üzərində fərdi yaşayış evi mövcud olan 0,105 ha torpaq sahəsinin satış qiymətinin 20.000 manat yazılmasına istinad etmişdir. Hansı ki, həmin satış qiymətini ata-oğul öz aralarında müəyyən etmiş, bunda məqsəd isə dövlətə alqı-satqıdan az məbləğdə rüsum ödənilməsi olmuşdur. Çünki, Xəzər dənizinin sahillərində, Buzovna qəsəbəsinin mənzərəli sahəsində yerləşən 0,105 ha torpaq sahəsini və üzərindəki fərdi yaşayış evini necə 20.000 manata satmaq olardı? Həmin dövrdə torpaq sahəsinin 1 sotu 4000-5000 manat, hazırda isə həmin ərazidə torpaq sahəsinin 1 sotu təxminən 8000-10000 manat təşkil edir. İddiaçı isə atasının vəfatından sui-istifadə edib, dəyəri 100.000 manatdan artıq olan torpaq sahəsini qanunsuz yolla ələ keçirmək istəyir. Nəzərə alsaq ki, iddiaçının vəfat etmiş atasının deməsinə görə Cavabdeh qalan 0,12 ha torpaq sahəsini də guya ki, 40.000 ABŞ dollarına mərhuma satmışdır, onda 2014-cü ildən xüsusi mülkiyyət kimi Yeganə Səlimovanın adına qeydə alınmış torpaq sahəsini həmin vaxtdan mərhum Əliyar Əliyev niyə cavabdehlərdən tələb etmirdi və ya digər torpaq sahəsi kimi alqı-satqı müqaviləsi əsasında sənədləşdirmirdi? Halbuki, Əliyar Əliyev 2020-ci ilin sonlarında vəfat edib. Göründüyü kimi, iddiaçı ümumi sözlərdən istifadə edib mərhum atasının cavabdehlərə torpaq sahəsinə görə pul verməsini bildirsə də, bu barədə hər hansı sübutunu məhkəməyə təqdim etməyib. Həmçinin, iddiaçı mərhum atasının cavabdehlərə pul verməsinə istinad etsə də, adı çəkilən şəxsin mərhumun vərəsəsi olmasını təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Mülki Prosessual Qanunvericiliyə uyğun olaraq, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Bundan əlavə, iddiaçı bu iddianı qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbləri iddiaçının iddia müddətini ötürməsi əsası ilə də rədd edilməlidir. Belə ki, mərhum Əliyar Əliyev ərizədə qeyd olunan 2007-ci ildən vəfat etdiyi xx.xx.2020-ci il tarixədək olan müddətdə bu barədə hər hansı orqana, o cümlədən hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməmiş, sonuncunun övladı İddiaçı isə barəsində Xəzər Rayon Polis İdarəsinə şikayət edildiyni görüb, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. İşin materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №li, xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, sahəsi 0,10 ha olan 486 saylı torpaq sahəsi X5 mülkiyyətindədir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* №li, xx.xx.2011-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən 0,10 ha olan torpaq sahəsi və onun üzərindəki 188 saylı ev Cavabdeh mülkiyyətində olmuşdur. İşdə olan satıcı X15 (etibarnamə əsasında Cavabdeh əvəzinə) ilə alıcı İddiaçı arasında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2011-ci il tarixli “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin surətindən görünür ki, satıcı alıcıya Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi ünvanında yerləşən, üç otaqlı, ümumi sahəsi 154,74 kv.m, yaşayış sahəsi 52,04 kv.m, köməkçi sahəsi 102,7 kv.m olan, 188 saylı fərdi yaşayış evini və evin yerləşdiyi 0,10 ha torpaq sahəsini 20.000 (iyirmi min) manata satmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №li, xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən 0,10 ha olan torpaq sahəsi və onun üzərindəki 188 saylı ev İddiaçı mülkiyyətindədir. Beləliklə, işin faktiki hallarından məlum olur ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etsə də, mərhum atası X8 vərəsəsi olmasını, ondan başqa digər vərəsələrin olub-olmamasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, eyni ərazidə və eyni ölçüdə Cavabdeh və həyat yoldaşı Yeganə Səlimovanın adına 2 ədəd 0,12 ha torpaq sahəsi olmasına baxmayaraq, iddiaçı alqı-satqı müqaviləsi əsasında öz adına sənədləşdirdiyi, həmçinin üzərində əlavə olaraq fərdi yaşayış evi mövcud olan torpaq sahəsini 25.000 ABŞ dolları (həmin dövrdə 20000 manat), lakin eyni ölçüdə üzərində heç bir tikili mövcud olmayan boş torpaq sahəsini isə 40.000 ABŞ dolları hesablamasını iddia edir. Bu hal özü-özlüyündə iddiaçının irəli sürdüyü dəlillərinin obyektiv həqiqəti əks etdirmədiyini göstərir. İşin araşdırılması zamanı məhkəmə müəyyən etmişdir ki, Cavabdeh tərəfindən yalnız onun mülkiyyətində olan torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi 2011-ci ildə iddiaçının mərhum atasına 65.000 ABŞ dollarına satılmış, həmin dövrdə isə 1 ABŞ dolları təxminən 0,78 manat olmuşdur. Bununla bağlı Cavabdeh tərəfindən həmin vaxtı iddiaçının atasına etibarnamə verilmiş, həmin etibarnamə əsasında Əliyar Əliyev həmin fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə xx.xx.2011-ci ildə alqı-satqı müqaviləsi əsasında öz oğluna (iddiaçıya) satmışdır. Qeyd olunan müqavilənin bağlanılmasında Cavabdeh və X10 iştirak etməmişlər. Cavabdeh Yeganə Səlimovanın adına verilmiş torpaq sahəsi isə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü ildə xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmış və bu barədə sonuncunun adına RX seriyalı ******* saylı çıxarış verilmişdir. İddiaçı alqı-satqı müqaviləsində üzərində fərdi yaşayış evi mövcud olan 0,105 ha torpaq sahəsinin satış qiymətinin 20.000 manat qeyd olunmasına istinad etmişdir. Həmin qiyməti ata-oğul öz aralarında müəyyən etmiş, bunun məqsədi isə alqısatqı ilə bağlı dövlət rüsumunun az məbləğdə ödənilməsi olmuşdur. Məhkəmə, həmçinin cavabdehlərin etiraz ərizələrində göstərdikləri dəlillərlə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum atasının cavabdeh Yeganə Səlimovaya məxsus torpaq sahəsini 40.000 ABŞ dollarına alması həqiqət kimi qəbul olunsa, 2014-cü ildən xüsusi mülkiyyət kimi Yeganə Səlimovanın adına qeydə alınmış həmin torpaq sahəsini həmin vaxtdan vəfat edənə kimi cavabdehlərdən tələb etməməsi və öz adına sənədləşdirməməsi ağlabatan deyildir. Göründüyü kimi, iddiaçı mərhum atasının cavabdehlərə torpaq sahəsinə görə pul verməsini bildirsə də, bu barədə hər-hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Belə ki, «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Həmçinin, yuxarıda qeyd olunduğu kimi iddiaçı mərhum atasının cavabdehlərə pul verməsinə istinad etsə də, onun mərhumun vərəsəsi olmasını təsdiq edən hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyə uyğun olaraq, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: -öz hərəkətlərinə hüquqi ixtiyar; -başqa (borclu) şəxslərdən tələb etmək hüququ; -müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan halları nəzərə alınmaqla İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. MPM-nin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. İddiaçı isə yalnız ümumi sözlərdən istifadə etməklə iddia ərizəsini tərtib etmiş, bu zaman mübahisələndirdiyi sənədlərin məhz qanunvericiliyin hansı normalarının pozulması ilə qəbul edilməsini əsaslandıra bilməmiş, bu barədə mövcud sübutlarını iddia ərizəsinə əlavə etməmişdir. İş üzrə iddia müddətinin tətbiq olunması barədə cavabdehlərin ərizəsinə qiymət verərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı tələbində 2007-ci ildə mərhum atası Əliyar Əliyevin cavabdehlərə 0,24 ha torpaq sahəsi almaq üçün 65.000 ABŞ dollar məbləğində pulun verilməsinə istinad edir. Göründüyü kimi iddiaçı bu iddianı qaldırmaq üçün iddia müddətini ötürmüşdür. Odur ki, iddia tələbləri iddiaçının iddia müddətini ötürməsi əsası ilə də rədd edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Göründüyü kimi, iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürməklə hazırki iddia tələbləri ilə məhkəməyə müraciət etmişdir ki, qeyd olunan hal iddianın rədd edilməsi üçün əsasdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mərhum atası Əliyar Əliyev ərizədə qeyd olunan 2007-ci ildən vəfat etdiyi xx.xx.2020-ci il tarixədək olan müddətdə bu məsələlər barədə hər hansı orqana, o cümlədən hüquq-mühafizə orqanlarına və ya məhkəməyə müraciət etməmiş, sonuncunun övladı olan İddiaçı isə barəsində Xəzər Rayon Polis İdarəsinə şikayət olunduqdan sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti 10 il, müqavilə tələbləri üzrə iddia müddəti 3 il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə 6 il təşkil edir. Göründüyü kimi, iş üzrə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir ki, qeyd olunan hal iddianın rədd edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı “pul tələbi”nə dair iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı “pul tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar