Məhkəmə qərarları › İş №e-2(006)-3563/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3563/2025

05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3563/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi ilə İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı BOKT ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 0066PB/19 saylı kredit müqaviləsinə əsasən 883.54 manat əsas borc, 6.22 manat hesablanmış faiz borcu, 2373.22 manat dəbbə pulu olmaqla, cəmi 3262.98 manat kredit borcu və 54 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2019-cu il tarixli, 0066PB/19 saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2019-cu il tarixli, 0066PB/19 saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 8305.93 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. xx.xx.2019-cu il tarixli, 0066PB/19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" BOKT ASC-yə 883.54 manat əsas borc, 6.22 manat hesablanmış faiz borcu, 2373.22 manat dəbbə pulu olmaqla, cəmi 3262.98 manat borcu vardır. Eyni zamanda, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdehə xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir.

3. Cavabdeh ərizə təqdim edərək, iddianı qismən, 883.54 manat əsas borc, 6.22 manat hesablanmış faiz borcu hissədə qəbul etdiyini, lakin tələb edilən dəbbə pulunu qəbul etmədiyini, İddianın əsas və faiz borca münasibətdə təmin olunmasına etiraz etmədiyini bildirmişdir.

a) Məhkəmə prosesi:

4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı BOKT ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi X1 “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məlumat (ərizə) təqdim edərək, təyin ediləcək məhkəmə iclaslarının (hazırlıq və baxış) iddiaçı tərəfin iştirakı olmadan keçirilməklə iddianın tam təmin edilməsinə dair yekun məhkəmə qərarı çıxarılmasını xahiş etmiş, cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin ərizələrini nəzərdən keçirib, iddia ərizəsini mülki işin materialları ilə birgə araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. İddiaçı BOKT ASC (Kreditor) ilə Cavabdeh (Borclu) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 0066PB/19 saylı kredit müqaviləsindən görünür ki, müqavilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının icrası məqsədilə bağlanmışdır. Bu Müqaviləyə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 8305.93 (səkkiz min üç yüz beş manat doxsan üç qəpik) manat qalıq məbləğini ödəməsi məqsədilə həmin məbləğdə olan güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və bu müqavilə üzrə ona hesablanan faizləri bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. Kredit illik faiz dərəcəsi 1% olmaqla, 5 il (1-ci il güzəşt müddəti müəyyən edilməklə) müddətinə verilir.

7. İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, ona müqavilə üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

8. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh həmin tarixə İddiaçı BOKT ASC-yə 883.54 manat əsas borc, 6.22 manat hesablanmış faiz borcu, 2373.22 manat hesablanmış dəbbə pulu olmaqla, cəmi 3262.98 manat məbləğində borcu vardır.

9. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsindən görünür ki, iddia ərizəsinin verilməsinə görə 53.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

10. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə illik faiz dərəcəsi 1 % olmaqla 8305.93 manat məbləğində kredit verilmişdir.

11. Cavabdeh ona verilmiş kredit üzrə ödənişləri vaxtlı-vaxtında ödəmədiyindən, iddiaçı tərəfindən borcun ödənilməsi ilə bağlı ona rəsmi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdeh borcunu ödəməmişdir. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

12. Hazırda iddiaçı aralarında olan müqavilə üzrə yaranmış 883.54 manat əsas borc, 6.22 manat hesablanmış faiz borcu, 2373.22 manat dəbbə pulu olmaqla, cəmi 3262.98 manat borcun cavabdehdən tutulmasını xahiş edir, cavabdeh də öz növbəsində iddianı əsas və faiz borcu hissələrində etiraf (qəbul) edir, dəbbə pulu (cərimə) hissədə isə qəbul etmir.

c) Məhkəmənin mövqeyi:

13. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən yaranan hüquq münasibətləri mövcud olmuşdur.

14. İddiaçı müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi icra etmiş, cavabdeh isə öz öhdəliyini icra etməmişdir. Mülki qanunvericiliyin normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir.

15. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

16. İddia tələbinin “kredit müqaviləsi üzrə əsas və faiz borcun ödənilməsi” hissələrində əsaslı olmasını, müvafiq sübutlarla (müqavilə, maliyyə arayışı və s.) təsdiq olunmasını, həmçinin cavabdehin iddianı bu hissədə etiraf etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi “əsas və faiz borcu” hissələrində təmin edilməlidir.

17. Cavabdeh iddia tələbinin “dəbbə borcu” hissəsinə etiraz etsə də, qeyd edilməlidir ki, dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir, habelə məhkəmə kreditorun bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun tutulması əsaslıdır. Lakin müqavilə üzrə tələb edilən cərimə borcu (dəbbə pulu) tənasübsüz surətdə yüksək kimi qiymətləndirildiyinə görə məbləği azaldılmalıdır.

18. Məhkəmə iddia tələbinin “dəbbə pulunun ödənilməsi” hissəsinə münasibətdə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə müqavilə üzrə tələb edilən cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək belə nəticəyə gəlir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə tələb edilən dəbbə pulunun (cərimənin) miqdarı tənasübsüz surətdə yüksək kimi qiymətləndirilir. Buna görə də məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə tələb edilən 2373.22 manat dəbbə pulunun (cərimənin) məbləği 45 manat məbləğinədək azaldılmalıdır. d) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir;

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2, 52.5. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3-106.4. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

21. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 883,54 manat əsas, 6,22 manat faiz, 45 manat cərimə borcu olmaqla, cəmi 934,76 (doqquz yüz otuz dörd manat yetmiş altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı BOKT ASC-yə verilməli, iddia qalan hissədə təmin edilməlidir.

22. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 16 (on altı) manat hissəsi Cavabdeh alınaraq İddiaçı BOKT ASC-yə verilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı BOKT ASC-yə aid edilməlidir.

Nəticə:

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh 883,54 (səkkiz yüz səksən üç manat əlli dörd qəpik) manat əsas, 6,22 (altı manat iyirmi iki qəpik) manat faiz, 45 (qırx beş) manat cərimə borcu olmaqla, cəmi 934,76 (doqquz yüz otuz dörd manat yetmiş altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı BOKT ASC-yə verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 16 (on altı) manat hissəsi Cavabdeh alınaraq İddiaçı BOKT ASC-yə verilsin, dövlət rüsumunun qalan hissəsi İddiaçı BOKT ASC-yə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar