Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3578/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin İddiaçı2 vurduğu 3.750 manat maddi ziyanın cavabdehdən tutulub ona verilməsi və digər İddiaçı1 vurduğu 3.000 manat maddi ziyanın cavabdehdən tutulub ona verilməsi, həmçinin 87,90 manat dövlət rüsumunun alınıb iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, fərdi təsərrüfatla və mal-qara saxlamaqla ailələrinin dolanışığını təmin edirlər. İzah edirlər ki, 06 mart 2025-ci ildə səhər saatlarında Lerik rayonunun Piran kəndi ilə qonşu olan və Lənkəran rayonunun Şovu kəndinin nümayəndəliyinin daxilindəki Ruşnəbili kəndində mal-qaralarını örüş sahəsinə çıxardılar. Həmin gün özlərinə məxsus inəkləri örüş sahəsinə apardıqdan sonra iki baş inəklərini elektrik cərəyənının vurması və tələf olmaları ilə bağlı həmin ərazidə tanıdıqları şəxs tərəfindən mobil telefonla məlumatlandırıldılar. 06 mart 2025-ci ildə günortadan sonra saat təxminən 3-4 aralığında Lənkəran rayonunun Şovu kəndinin nümayəndəliyinin daxilindəki Ruşnəbili kəndinə gəlmişlər və orada iddiaçı - İddiaçı2 məxsus bir baş boz-ala rəngli, diri çəkisi 250 kq olan 546182 identifikasiya nömrəli inəyin və digər iddiaçı (qardaşı oğlu) İddiaçı1 məxsus bir baş qara rəngli, diri çəkisi 200 kq olan inəyin elektrik cərəyanı vurması nəticəsində tələf olduğunu görmüşlər. Bundan sonra Lerik RİHB-nin Piran kənd İƏDN-ə müraciət etmişlər və yerindəcə iki ədəd akt tərtib edildi. Eyni zamanda Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarəsindən də müvafiq yarma protokolları onlara təqdim edildi. 06 mart 2025-ci ildə Lerik RİHB-nin Piran kənd İƏDN tərəfindən akt tərtib edilərkən İcra nümayəndəsi X10, Piran məntəqəsinin özəl baytar həkimi X4, onların, Piran kənd sakinləri X13, X2 və X3 iştirakları təmin edilmiş və akt hər biri tərəfindən imzalanmışdır. 06 mart 2025-ci il tarixli aktlarla müəyyən edilmişdir ki, İddiaçı2 məxsus bir baş boz-ala rəngli, diri çəkisi 250 kq olan 546182 identifikasiya nömrəli inəyin və digər iddiaçı (qardaşı oğlu) İddiaçı1 məxsus bir baş qara rəngli, diri çəkisi 200 kq olan inəyin 06 mart 2025-ci il tarixində elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur. Hadisə Lənkəran-Lerik rayonlarının sərhədində yerləşən Ruşnəbili kəndində baş vermişdir. Müşahidə zamanı Piran kəndindən Ruşnəbili kəndinə gedən 04 kv-lıq elektrik xətt dirəyinin aşması nəticəsində iki baş inəyin tələf olması məlum olmuşdur. Daha sonra aktlara müvafiq fotoşəkillər əlavə edilmişdir. İddia ərizəsinə əlavə etdiyi 01, 02 və 03 saylı fotoşəkillərdən də görünür ki, bir baş qara rəngli və bir baş boz-ala rəngli inəklərin aşan elektrik dirəyinin yanında olan elektrik xətlərinin yanında tələf olmuş vəziyyətdə foto çəkilişi aparılmışdır. Həmçinin qeyd edirlər ki, onlara məxsus inəklərin xx.xx.2025-ci il tarixində Ruşnəbili örüş sahəsində yüksək gərginlikli elektrik xəttinin keçdiyi dirəyin yıxılması nəticəsində tələf olması barədə həkim-baytar tərəfindən yarma protokolları tərtib edilmiş və inəklərin aşağıdan (alt hissədən) yanması, köpməsi və gərginləşməsi müəyyən edilmişdir. Yuxarıda qeyd etdiyi kimi, hadisə Lənkəran rayonunun Şovu kəndinin nümayəndəliyinin daxilindəki Ruşnəbili kəndində baş vermişdir. Respublika ərazisində olan elektrik dirəkləri və xətlər "xxxx" ASC-nin balansındadır. Ona görə də tərəflərindən cavabdeh "xxxx" ASC-yə qarşı iddia qaldırılmışdır. Hazırda bazarda mal ətinin bir kiloqramının qiyməti 15 manat təşkil edir. İddia ərizəsinə əlavə etdikləri aktlardan və yarma protokollarından görünür ki, İddiaçı2 məxsus bir baş boz-ala rəngli inəyin diri çəkisi 250 kq, digər İddiaçı1 məxsus bir baş qara rəngli inəyin diri çəkisi isə 200 kq olmuşdur. Odur ki, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı2 3.750 manat (15 x 250 = 3.750), digər İddiaçı1 isə 3.000 manat (15 x 200 = 3.000) olmaqla ümumilikdə onlara 6.750 manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdeh "xxxx" ASC ərazidə quraşdırılmış elektrik dirəyinə nəzarət etməli və vaxtında yıxılmış dirəklərin təmirini həyata keçirməli olmasına baxmayaraq bunu etməmiş və mülki hüquq pozuntusu (delikt) törətməklə onlara maddi ziyan vurmuşdur. Belə ki, "xxxx" ASC-nin elektrik sahəsi üzrə plan qrafik əsasında işləri təşkil etmək və istehlakçıları dayanıqlı elektrik enerjisi ilə təmin etmək öhdəliyi vardır. Tərəflərin iştirakı və izahatları: İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi X7 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh tərəfin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: xx.xx.2025-ci il tarixdə İddiaçı2, Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə X10, Piran məntəqəsinin özəl baytar həkimi X4, Piran kənd sakinləri X8, X1, X3 və İddiaçı1 iştirakı ilə tərtib və təsdiq edilmiş əlyazma şəklində aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Lerik rayonu Piran kəndinin ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq İddiaçı2 məxsus olan inəyin üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvan tələf olmuşdur. Aktı tərtib edən şəxslər iddiaçının müraciətinə əsasən ərazidə olaraq, həqiqətən iribuynuzlu heyvanın elektrik cərəyanı vurması səbəbindən tələf olduğunu müəyyən etmişlər. xx.xx.2025-ci il tarixdə İddiaçı1, Piran kənd inzibati ərazi dairəsi üzrə nümayəndə X10, Piran məntəqəsinin özəl baytar həkimi X4, Piran kənd sakinləri X8, X1, X3 və İddiaçı2 iştirakı ilə tərtib və təsdiq edilmiş əlyazma şəklində aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Lerik rayonu Piran kəndinin ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq İddiaçı1 məxsus olan inəyin üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvan tələf olmuşdur. Aktı tərtib edən şəxslər iddiaçının müraciətinə əsasən ərazidə olaraq, həqiqətən iribuynuzlu heyvanın elektrik cərəyanı vurması səbəbindən tələf olduğunu müəyyən etmişlər. Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli yarma protokolundan görünür ki, İddiaçı2 məxsus 5 yaşlı, boz-ala rəngli inəyin qaramalın cəsədi yarılmış və elektrik cərəyanı vurması diaqnozu qoyulmuşdur. Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli yarma protokolundan görünür ki, İddiaçı1 məxsus 4 yaşlı, qara rəngli dişi inəyin cəsədi yarılmış və elektrik cərəyanı vurması diaqnozu qoyulmuşdur. xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı1 Mibəşir oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 87,50 manat rüsum ödəmişdir. Laçın Rayon İcra Hakimiyyəti başçısının Piran kənd inzibati ərazi dairəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 5-65-33/2-120/2025 və 5-65-33/2-119/2025 arayışların surətlərindən görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Lerik rayonu Piran kəndində yaşayırlar. "xxxx" MMC tərəfindən tərtib edilmiş 06-M/2025 nömrəli qiymətləndirmə hesabatından görünür ki, İddiaçı2 məxsus 5 yaşlı, diri çəkisi 250 kq olan dişi boz-ala rəngli Şved cinsli iribuynuzlu inəyin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 3.500 manat, İddiaçı1 məxsus 4 yaşlı, diri çəkisi 200 kq olan dişi qara rəngli Şved cinsli iribuynuzlu inəyin xx.xx.2025-ci il tarixə olan bazar dəyəri 2.900 manat müəyyən edilmişdir. Təqdim edilmiş foto-şəkillərdən müəyyən olunur ki, elektrik dirəyinin aşması nəticəsində iddiaçılara məxsus inəklər tələf olmuşdur. "xxxx" ASC tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.2025-ci il tarixində yağan güclü qarın təsirindən baş vermiş fors major hadisə nəticəsində iki baş iri buynuzdu heyvan gərginliyə düşərək tələf olmuşdur. Qüvvədə olan mövcud qanuna əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.02.1 maddəsində fors major hadisəsi və 10.02.2 maddəsinə əsasən hava və ya kabel elektrik verilişi xətlərinin mexaniki zədələnməsi nəticəsində dəymiş ziyana görə enerji təchizatı müəssisəsi istehlakçı qarşısında maddi məsuliyyət daşımır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X5 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, xx.xx.2025-ci il tarixdə Lerik rayonu Piran kəndinin ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq iddiaçılar İddiaçı2 məxsus 5 yaşlı, diri çəkisi 250 kq olan dişi boz-ala rəngli Şved cinsli iribuynuzlu inəyin və İddiaçı1 məxsus 4 yaşlı, diri çəkisi 200 kq olan dişi qara rəngli Şved cinsli iribuynuzlu inəyin üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvanlar tələf olmuşdur. Nəticədə iddiaçılara maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən elektrik xəttinin cavabdehin balansında olması işin mübahisə edilməyən halıdır. Həmin elektrik xəttinin saz vəziyyətdə saxlanılmasına görə məsuliyyəti cavabdeh daşıyır. Ümumiyyətlə mülki hüquq nəzəriyyəsinə görə, dəymiş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması; - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; - zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya dəymiş maddi zərərin açıq-aşkar mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və iddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmə iddianın təmin edilərək, iddiaçılara dəymiş olan maddi ziyanın ödənilməli olması qənaətinə gəlir. Bu səbəbdən, elektrik xəttinin nasaz, qəza vəziyyətində olması səbəbindən iddiaçılara vurulmuş maddi ziyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Vurulmuş maddi ziyanın həcminin müəyyən edilməsi məsələsinə hüquqi qiymət verən məhkəmə qeyd edir ki, İddiaçı2 məxsus 5 yaşlı, diri çəkisi 250 kq olan dişi boz-ala rəngli Şved cinsli iribuynuzlu inəyin dəyəri təqdim edilmiş qiymətləndirmə hesabatına görə çəkisinə, yaşına və digər amillərə görə diri vəziyyətində 3.500 manat, digər İddiaçı1 məxsus 4 yaşlı, diri çəkisi 200 kq olan dişi qara rəngli Şved cinsli iribuynuzlu inəyin dəyəri 2.900 manat məbləğində qiymətləndirilmişdir. Həmin arayışın əksini təsdiq edəcək hər hansı bir sənəd təqdim edilmədiyinə görə məhkəmə arayışda qeyd edilən məbləğlə razılaşıb İddiaçı2 vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 3.500 manat, digər İddiaçı1 vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 2.900 manat olduğunu hesab edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli vurulmuş 3.500 manat maddi ziyan cavabdeh "xxxx" ASC-dən İddiaçı2 xeyrinə, vurulmuş 2.900 manat maddi ziyan və ödənilmiş 87,90 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş 3.500 (üç min beş yüz) manat maddi ziyan cavabdeh "xxxx" ASC-dən İddiaçı2 xeyrinə tutulsun. Vurulmuş 2.900 (iki min doqquz yüz) manat maddi ziyan və ödənilmiş 87,90 (səksən yeddi manat, doxsan qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən İddiaçı1 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3578/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3578/2025
27.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver