Məhkəmə qərarları › İş №e-2(006)-3587/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3587/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3587/2022 18.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “borcun silinməsi və s. tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" BOKT MMC-yə qarşı “borcun silinməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehdən xx.xx.2014-cü il tarixdə illik 15 % ilə 72 aylıq müddətə 170000 ABŞ dolları BAKU2-21443-10524 nömrəli kredit almış və bunun müqabilində daşınmaz əmlakını girov qoymuşdur. İddiaçı devalyasiyaya qədər krediti vaxtında ödəmişdir, lakin devalyasiya ilə bağlı olaraq kreditin qaytarılmasını gecikdirmişdir. 2017-ci il avqust ayında ünvan 1 ünvanında yerləşən "xxxx" BOKT MMC-nin ofisində rəhbərliklə uzun danışıqlar nəticəsində əldə edilmiş razılığa əsasən 72000 ABŞ dolları ödənildikdən sonra aralarında qarşılıqlı razılıq əsasında həmin borcla bağlı heç bir tələbin olmaması və irəli sürülməməsi qərara alınmışdır. Razılığı 22 avqust 2017-ci il tarixli 1942 saylı məktub təsdiq edir. İddiaçı 72000 ABŞ dolları ödəniş etmiş və girov azad edilmişdir. Hazırda iddiaçının cavabdehə heç bir kredit borcu yoxdur. Bununla bağlı olaraq iddiaçıya cavabdeh tərəfindən 03 aprel 2018-ci il tarixli 575 nömrəli məktub da təqdim edilib. Razılığa əsasən, iddiaçı öz öhdəsinə düşən vəzifəni tam icra etsə də, cavabdeh üzərinə düşən öhdəliyi qismən yerinə yetirmiş, pul borcunu iddiaçının adından tam olaraq silməmişdir. Göstərilənlərə əsasən tərəflər arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin iddiaçının adında qalan borcun, yəni 22 458 ABŞ dolları təşkil edən hissəsinin və 710 ABŞ dolları faiz borcunun silinməsi vəzifəsinin və Azərbaycan Kredit Bürosuna borcun olmaması barədə məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" BOKT MMC-nin nümayəndəsi X3 ərizə təqdim edərək, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, İddiaçı "xxxx" BOKT MMC-yə xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin qalığı üzrə cəmi 22485,36 manat, faiz məbləği üzrə 710,90 manat borcu vardır. İş materiallarında olan "xxxx" BOKT MMC-nin xx.xx.2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixli, BAKU2-21443-10524 saylı kredit müqaviləsi üzrə qalıq borcla bağlı heç bir iddia və tələbi yoxdur və gələcəkdə də irəli sürməyəcəkdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Eyni Məcəllənin 881.3-cü maddəsinə əsasən barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsində göstərilmişdir ki, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbinin təmin olunmasına razı olması ilə əlaqədar məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" BOKT MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin İddiaçı adında qalan 22 458 (iyirmi iki min dörd yüz əlli səkkiz) ABŞ dolları təşkil edən borc hissəsinin və 710 (yeddi yüz on) ABŞ dolları faiz borcunun silinməsi və Azərbaycan Kredit Bürosuna borcun olmaması barədə məlumatın verilməsi vəzifəsi cavabdeh "xxxx" BOKT MMC-nin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" BOKT MMC arasında bağlanmış barışıq razılaşmasına uyğun olaraq tələb edilməli olmayan, lakin İddiaçı adında qalan 22 458 (iyirmi iki min dörd yüz əlli səkkiz) ABŞ dolları təşkil edən borc hissəsinin və 710 (yeddi yüz on) ABŞ dolları faiz borcunun silinməsi və Azərbaycan Kredit Bürosuna borcun olmaması barədə məlumatın verilməsi vəzifəsi cavabdeh "xxxx" BOKT MMC-nin üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar