Məhkəmə qərarları › İş №e-2(006)-3588/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3588/2023

01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3588/2023 01.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı aidiyyət qaydalarına riayət etməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanı üzrə qeydiyyatdadır. İş materiallarında olan Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(019)-751/2023 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “icarə haqqı” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Yuxarıda qeyd edilən qərardadda iddiaçıya aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə bu nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsini rəhbər tutmuş, icarə haqqının tələb edildiyi 600 kv.metr torpaq sahəsinin (daşınmaz əmlakın) Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşməsinə, habelə tələbin mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin (və yaxud qanuni sahibin) daşınmaz əşya olan torpaq sahəsinin icarə haqqının verilməməsi ilə bağlı hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar təşkil etməsinə istinad edərək, ərizəni geri qaytarmışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia tələbləri əlaqəli deyildir. Belə ki, hazırki iddianın mahiyyəti icarə obyektinin istifadəsi nəticəsində yaranmış icarə haqqının ödənilməməsi ilə bağlıdır. Bu tələbə isə mülki prosessual qanunvericiliyə əsasən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində, yəni hazırki vəziyyətdə Balakən Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-2-ci maddəsinin tələbinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2, 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilməlidir ki, o, aidiyyəti üzrə Balakən Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar