Məhkəmə qərarları › İş №e-2(006)-3596/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3596/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3596/2025 04.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "X1" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "X1" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 34 ay müddətinə illik 25% ödəmək şərtilə 970 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə 23 may 2025, cümə tarixinə "xxxx" KB ASC-yə 862,2 AZN əsas, 92,64 AZN faiz, 13,31 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 968,15 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçı "xxxx" KB ASCnin xeyrinə 862,2 AZN əsas, 92,64 AZN faiz, 13,31 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 968,15 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin etiraz daxil olmamışdır. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan "X1" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 236nkADJ/24 saylı kredit müqaviləsinə əsasən "X1" ASC tərəfindən Aynurə Əliyusif qızına istehlak məqsədləri üçün 34 ay müddətinə, illik 25% faiz dərəcəsi ilə 970 AZN kredit verilmişdir. İş materiallarında olan "X1" ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh 23 may 2025-ci il tarixinə "X1" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixli 236nkADJ/24 saylı kredit müqaviləsi üzrə 862,2 AZN əsas, 92,64 AZN faiz, 13,31 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 968,15 AZN məbləğində borcu yaranmışdır. "X1" ASC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixdə göndərilmiş bildirişdən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə 862,2 AZN əsas, 46,54 AZN faiz, 2,76 AZN cərimə, cəmi 911,50 AZN borcu yaranmışdır. Məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, "X1" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 236nkADJ/24 saylı kredit müqaviləsinə əsasən 34 ay müddətinə, illik 25% faiz dərəcəsi ilə 970 AZN kredit verilmiş, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onları faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun maliyyə arayışına əsasən xx.xx.2025-ci il tarixinə "X1" ASC-yə 862,2 AZN əsas, 92,64 AZN faiz, 13,31 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 968,15 AZN məbləğində borcu, pretenziya məktubuna əsasən isə xx.xx.2025-ci il tarixinə 862,2 AZN əsas, 46,54 AZN faiz, 2,76 AZN cərimə, cəmi 911,50 AZN borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyi (ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.) nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə xx.xx.2024-cü il tarixli, 236nkADJ/24 saylı kredit müqaviləsinə əsasən hesablanmış borc məbləği cavabdehə ünvanlanmış pretenziya məktubundan (iradə ifadəsinin təsdiqindən) hesablanmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 862,2 AZN (səkkiz yüz altmış iki manat, iyirmi qəpik) əsas, 46,54 AZN (qırx altı manat, əlli dörd qəpik) faiz, 2,76 AZN (iki manat, yetmiş altı qəpik) cərimə borcu olmaqla, cəmi 911,50 AZN (doqquz yüz on bir manat, əlli qəpik) borc pul iddiaçı “X1” ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidirr. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN (otuz manat) Cavabdeh tutularaq "X1" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. Cavabdeh 862,2 AZN (səkkiz yüz altmış iki manat, iyirmi qəpik) əsas, 46,54 AZN (qırx altı manat, əlli dörd qəpik) faiz, 2,76 AZN (iki manat, yetmiş altı qəpik) cərimə borcu olmaqla, cəmi 911,50 AZN (doqquz yüz on bir manat, əlli qəpik) borc pul və ödənilmiş 30 AZN (otuz manat) alınaraq iddiaçı «X1» Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar