Məhkəmə qərarları › İş №e-2(006)-3606/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3606/2024

01.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3606/2024 01.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2039/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilərək (artırılaraq) birgə nikahdan olan xx.xx.2013-cü il təvəllüdlü X2 və 05 iyul 2017-ci il təvəllüdü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaqa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 10 noyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 01 avqust 2013-cü il təvəllüdlü X3 və 05 iyul 2017-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2019-cu il tarixli, 2(006)-5286/2019 saylı qətnaməsi ilə pozulmuş və cavabdehlə birgə nikahdan doğulmuş uşaqları Banuçiçək Məmmədova və Uğur Məmmədovun onun yanında saxlanılması və uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Qeyd edilən qətnamə əsasında ona 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 13 yanvar 2020-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Məhkəmə qətnaməsi ilə qət edilmiş aliment məbləği birgə nikahdan doğulmuş uşaqlarının əvvəlki təminat səviyyəsini qarşılamadığı və təlabatlarını ödəmədəyi, Cavabdeh isə yüksək əmək haqqı olan işdə rəsmi qaydada işlədiyi və əlavə gəlirlərinin də olduğu məlum olduğu üçün o, 2022-ci ildə yenidən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5286/2019 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək Cavabdeh Tapdıq oğlunun qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 2039/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5286/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh onun xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutulması qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə Cavabdeh əmək haqqını və digər gəlirləri müxtəlif yollarla gizlətməyə başlamışdır. Nəticədə o, cavabdehlə birgə nikahdan doğulmuş uşaqlarının saxlanması üçün cavabdehin gəlirlərindən hər ay fərqli məbləğdə, bəzi aylar hətta 60 manat məbləğində, bəzi aylar təxmini 230 manat məbləğində aliment ala bilir. Cavabdehlə çoxsaylı danışıqlardan sonra o, bəzən tələb olunan aliment məbləğini ödəyir, sonradan yenə də yaşayış minimumundan dəfələrlə az miqdarda aliment ödəyir. Qeyd edilən məbləğlər isə Bakı şəhərində nəinki iki uşağın, heç bir uşağın bir neçə gün belə normal yaşaması üçün kifayət etmir. Eyni zamanda aliment məbləğinin hər ay dəyişən məbləğ olması və yaşayış minimumundan da dəfələrlə aşağı məbləğ olması uşaqların mənafeyinə qəti uyğun gəlmir. Artıq cavabdehlə birgə nikahdan doğulmuş övladları böyümüş, məktəblidirlər. O, özü övladlarının tələbatlarını ödəməyə çalışsa da, övladlarını saxlamaq və onların maddi təlabatlarını ödəmək cavabdehin də bir ata kimi vəzifəsidir. Uşaqlarının məktəblə bağlı təminatlarını tək başına qarşılayır. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilən aliment birgə nikahdan olan uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Hesab etmişdir ki, cavabdehin gəlirlərini gizlətməsi nəticəsində uşaqların saxlanılması üçün ödənilən aliment məbləği aşağı düşmüş və uşaqların təminatı ilə bağlı onun maddi vəziyyəti ağırlaşmışdır. Cavabdeh əldə etdiyi gəlirləri müxtəlif vasitələrlə gizlətdiyi üçün məcbur qalıb cavabdehdən uşaqlarının saxlanması üçün aliment məbləğinin dəyişdirilərək sabit pul məbləğində tələb etməli olmuşdur. Qanunvericiliyin tələbindən çıxış edərək ilkin olaraq məhkəmədən kənar qaydada Cavabdeh ilə məsələnin həll edilməsi üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlsə də, onunla razılığa gəlmədiyi üçün ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Mediasiyadan keçdikdən sonra da bir müddət cavabdehə aralarında olan mübahisəni həll etmək üçün vaxt versə də, heç bir şey dəyişməmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli e-2(006)-2039/2022 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-5286/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutulması qət edilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş gəlir məlumatlarından müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Baş məsləhətçi” vəzifəsində işləməklə aylıq əmək haqqı 895 manat təşkil edir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin, bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri dəyişmişdir. Həmçinin uşaq böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını, eləcə də ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün müəyyən edilmiş alimentin miqdarının artıraraq 235 manat sabit pul məbləğində müəyyən edilməsi qanuni və ədalətlədir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)- 2039/2022 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yekinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən Azərbaycan Respublikasının Dövlət Büdcəsinin mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2039/2022 saylı qətnaməsi əsasında Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar