Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-366/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh2 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 26 sentyabr 2017-ci il tarixli, 001364 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır. 26 sentyabr 2017-ci il tarixli, 001364 nömrəli Bank Xidmətləri Müqaviləsinə 26 sentyabr 2017-ci il tarixində 5 saylı Əlavə bağlanaraq Cavabdeh2 36 (otuz altı) ay müddətinə illik 27 (iyirmi yeddi) faiz dərəcəsi ilə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 ilə Bank arasında ZM1/021T09172878 №-li, 26 sentyabr 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********871 saylı, xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 39132,49 (otuz doqquz min bir yüz otuz iki manat qırx doqquz qəpik) manat təşkil edir. Bundan 13398,74 (on üç min üç yüz doxsan səkkiz manat yetmiş dörd qəpik) manat əsas, 14902,58 (on dörd min doqquz yüz iki manat əlli səkkiz qəpik) manat faiz, 8880,03 (səkkiz min səkkiz yüz səksən manat üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1951,14 (bir min doqquz yüz əlli bir manat on dörd qəpik) manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən, cəmi borcu 39132,49 (otuz doqquz min bir yüz otuz iki manat qırx doqquz qəpik) manat - bundan 13398,74 (on üç min üç yüz doxsan səkkiz manat yetmiş dörd qəpik) manat əsas, 14902,58 (on dörd min doqquz yüz iki manat əlli səkkiz qəpik) manat faiz, 8880,03 (səkkiz min səkkiz yüz səksən manat üç qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1951,14 (bir min doqquz yüz əlli bir manat on dörd qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 207.40 (iki yüz yeddi manat qırx qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir.
3. İş üzrə Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “kredit borcunun qaytarılması barədə” iddia tələbinin iddiaçı tərəfindən iddia müddətinin keçməsini nəzərə alaraq iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddia tələbi əsassız olması ilə yanaşı iddia müddəti də iddiaçı tərəfindən prosessual müddət ötürülmüşdür. Belə ki, 26 sentyabr 2017ci il tarixli, 001364 nömrəli Bank Xidmətləri Müqaviləsinə 26 sentyabr 2017-ci il tarixində 5 saylı Əlavə bağlanaraq Cavabdeh2 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 15000 manat məbləğində kredit verilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu nəyə əsasən borc müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi pandemiya dövrünə düşdüyündən mümkün olmamışdır. 26 sentyabr 2017-ci il tarixdə müqavilənin bağlandığını və 26 sentyabr 2020-ci il tarixdə qanunvericiliklə nəzərdə tutulmuş məhkəməyə müraciət etmək üçün son müddəti ötürmüş olduğunu nəzərə almalıdır. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil edir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirərək və tərəflərindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək, iddia tələbinin onlara aid hissədə rədd olunmasını məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, iddia tələbinin ona aid hissədə rədd olunmasını məhkəmədən xahiş etmişdir.
7. İş üzrə iddiaçının nümayəndəsi X3 məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə proseslərinin çoxluğunu, mürəkkəbliyini və s. bu kimi halları nəzərə alaraq məhkəmə iclasının iştirakı olmadan keçirib iddia tələbinin tam təmin edilməsinə dair yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir.
8. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
10. Məhkəmə mülki işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. Məhkəmə Cavabdeh2 və onun nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh2 arasında 26 sentyabr 2017-ci il tarixli, 001364 nömrəli Bank xidmətləri müqaviləsi bağlanmışdır. Həmin tarixdə Bank xidmətləri müqaviləsinə 5 saylı Əlavə bağlanaraq cavabdehə 36 ay müddətinə, illik 27% dərəcəsi ilə 15.000 AZN kredit verilmişdir. Eyni zamanda, həmin kredit müqaviləsinin təminatı kimi digər Cavabdeh1 ilə bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Hazırda cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə banka borcu yaranmışdır.
b) Mülki işin materialları:
13. Mülki işin materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 001364 nömrəli Bank Xidmətləri Müqaviləsinə 5 saylı Əlavənin surətindən görünür ki, Bank Cavabdeh2 36 ay müddətinə, illik 27 faiz olmaqla 15.000 manat məbləğində kredit vermişdir.
14. Mülki işin materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ZM1/021T09172878 saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borclu Cavabdeh2 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəlik götürmüşdür.
15. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, **********069 saylı Maliyyə arayışından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 26 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 11 avqust 2023-cü il tarixinə cavabdehin borcu 13398.74 AZN əsas, 14902.58 AZN faiz, 8880.03 AZN cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1951.14 AZN faiz borcu olmaqla, ümumilikdə 39132.49 AZN məbləğində borc təşkil edir.
16. Mülki işin materiallarında olan hesabdan çıxarışlardan görünür ki, Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna debet üzrə borcu mövcuddur.
17. Mülki işin materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdar edilmişlər.
18. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/9321 saylı, xx.xx.2024-cü il tarixli məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 001364 saylı Kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: o cümlədən; -Müqavilə bitən müddətinə, yəni xx.xx.2020-ci il tarixinə; 13398.74 manat əsas borc üzrə; 10022.30 manat faiz borcu üzrə. -Müqavilə bitən müddətdən sonra illik 5%-lə xx.xx.2023-cü il tarixinə; 13398.74 manat əsas borc üzrə; 11946.51 manat faiz borcu üzrə.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
22. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
25. Məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
26. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin kredit müqaviləsi üzrə əsas borcu 13398.74 AZN, müqavilə müddəti bitən tarixə faiz borcu 10022.30 AZN, müqavilə müddəti bitdikdən sonra xx.xx.2023-cü il tarixinə illik 5%-lə birlikdə hesablanmış faiz borcu 11946.51 AZN təşkil edir.
27. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə müqavilə müddəti üçün əsas borcun 13398.74 AZN və faiz borcunun 10022.30 AZN olması müəyyən edildiyindən, ekspert rəyi sübut növü kimi qəbul edilməlidir.
28. «Dövlət ekspertiza fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən məhkəmə eksperti (ekspert) - məhkəmə ekspertizasının aparılması həvalə olunmuş, məhkəmə ekspertizasının predmetinə aid olan xüsusi məsələlərə dair zəruri biliyə malik olan və işin nəticəsində marağı olmayan şəxsdir.
29. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
30. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
31. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
33. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
34. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində qismən təmin ediməli və Cavabdeh2 bankın xeyrinə müqavilə müddətinin sonuna 13398.74 AZN əsas və 10022.30 AZN faiz borcu tutulmalıdır.
35. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanan faiz dərəcəsi 1924 AZN məbləğində müəyyən edildiyindən ekspert rəyi sübut növü kimi qəbul edilməli və iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir.
36. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
37. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər.
38. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir.
39. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir.
40. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.
41. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır.
42. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür.
43. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 1924 AZN borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır (ekspert rəyinə əsasən əsas borca münasibətdə).
44. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
45. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 1000 AZN (min manat) məbləğində müəyyən edilməlidir.
46. Məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun eyni zamanda cavabdeh olan zamin Cavabdeh1 da müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.
47. Məhkəmə hesab edir ki, zaminliyə avtomatik olaraq xitam verildiyindən cavabdeh-zamin bank qarşısında heç bir məsuliyyət daşımır.
48. Belə ki, Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
49. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
50. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
51. Zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən avtomatik xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur.
52. Belə ki, iddiaçı ilə əsas borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtı müəyyən edilə biləndir (kredit 36 ay müddətinə verilmişdir). Belə olan halda iddiaçı zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən (qanunla müəyyən edilmiş müddət daxilində) zaminə qarşı iddia irəli sürmədiyi (iddia ərizəsi xx.xx.2023-cü il tarixdə verilmişdir) üçün Cavabdeh1 zaminliyinə qanuna əsasən özü-özlüyündən xitam verilmişdir.
53. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 192.68 AZN dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır.
54. Eyni zamanda, məhkəmə Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən verilən iddia müddətinin tətbiqinə dair ərizəyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, ərizə əsassızdır. Belə ki, hazırki iş üzrə iddiaçı tərəfindən əsas borcluya münasibətdə iddia müddəti ötürülməmişdir.
55. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
56. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (maddə 375.2).
57. Qeyd edilən Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
58. Hazırki iş üzrə iddiaçı ilə Cavabdeh2 arasında bağlanan xx.xx.2017-ci il tarixli kredit müqaviləsi 3 il müddətinə, yəni xx.xx.2020-ci il tarixədək bağlanılmış, iddiaçı tərəfindən iddia ərizəsi ilə isə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət olunmuşdur. Odur ki, hazırki iş üzrə iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti ötürülmədən məhkəməyə təqdim edilmişdir.
59. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 iddiaçının xeyrinə 13398.74 AZN (on üç min üç yüz doxsan səkkiz manat, yetmiş dörd qəpik) əsas, 10022.30 AZN (on min iyirmi iki manat, otuz qəpik) faiz, 1000 AZN (min manat) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1924 AZN (min doqquz yüz iyirmi dörd) faiz, ümumilikdə 26345.04 AZN (iyirmi altı min üç yüz qırx beş manat, dörd qəpik) borc və 192.68 AZN (yüz doxsan iki manat, altmış səkkiz qəpik) ödənilmiş dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir.
60. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh2 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
62. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
63. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
65. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
66. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
67. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 13398.74 AZN (on üç min üç yüz doxsan səkkiz manat, yetmiş dörd qəpik) əsas, 10022.30 AZN (on min iyirmi iki manat, otuz qəpik) faiz, 1000 AZN (min manat) cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1924 AZN (min doqquz yüz iyirmi dörd) faiz, ümumilikdə 26345.04 AZN (iyirmi altı min üç yüz qırx beş manat, dörd qəpik) borc və 192.68 AZN (yüz doxsan iki manat, altmış səkkiz qəpik) ödənilmiş dövlət rüsumu tutulsun. Ödənilmiş dövlət rüsumun qalan hissəsi iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh2 tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. İddia Cavabdeh1 münasibətdə və qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.