Məhkəmə qərarları › İş №e-2(006)-3660/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-3660/2024

31.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3660/2024 31.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pozulmuş hüquqların bərpası, maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «pozulmuş hüquqların bərpası, maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş 1.500 manat maddi zərərin, ödənilmiş 35 manat dövlət rüsumunun və 60 manat mediasiya (İMS) xərcinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, sahibkardır. xx.xx.2023-cü il tarixdə Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq sonuncunu ünvan 1 ünvanda yerləşən lombarda ekspeditor vəzifəsinə işə götürmüşdür. Həmin vaxtdan cavabdeh lombardda ekspeditor vəzifəsində işləmişdir. Cavabdeh ilə aralarında bağlanan əmək müqaviləsinin 3.1-ci bəndinə əsasən cavabdeh öhdəsinə sahibkarın özünə və onun müştərisinə məxsus müxtəlif sənədlərin, daşınar əmlakın, pul vəsaitlərinin vaxtı-vaxtında çatdırılmasını təmin etmək, məntəqələr üzrə getmə tezlikləri əsasında sənədlərin, daşınar əmlakın, pul vəsaitlərinin çatdırılmasını təmin etmək, işini keyfiyyətlə yerinə yetirmək, aparılıb-gətirilən daşınar əmlakın və pul vəsaitlərinin dövriyyəsi barədə gündəlik hesabatları dəqiq və ətraflı hazırlayıb sahibkara yazılı surətdə təqdim etmək, tələb olunan hesabat formasını aydın və dəqiq doldurmaq kimi öhdəlikləri götürmüşdür. xx.xx.2023-cü il tarixdə Cavabdeh ünvan 1 ünvanda yerləşən lombardda yığıcı-nəzarətçi X1 500 manat pul qəbul edib, əmək müqaviləsi üzrə pul vəsaitlərinin vaxtı-vaxtında çatdırılmasını təmin etmək öhdəliyini yerinə yetirməyərək, həmin 500 manat pulu ona çatdırmamış, pulu mənimsəyərək ələ keçirib, ona ziyan vurmuşdur. Həmin tarixdə Cavabdeh yazılı iltizam yazaraq 500 manat pulu xəzinəyə daxil etməməsini və əmək haqqı aldığı zaman həmin pulu əmək haqqından tutularaq qaytaracağı və pulu ödəməzsə məsuliyyət daşıyacağını qeyd etmişdir. Bundan başqa, Cavabdeh əmək müqaviləsi ilə ünvan 1 ünvanda yerləşən lombardda ekspeditor vəzifəsində işlədiyi zaman «Toyota Prius» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. O, sahibkar kimi həmin avtomobilə 1.000 manat dəyərində 1 ədəd videoregistrator almış və həmin avtomobilə quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi «Toyota Prius» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri Nərimanov rayonu Şərq bazarının yaxınlığında saxlamış, avtomobilin içində olan 1 ədəd 1.000 manat dəyərində videoregistratoru oğurlamaqla ona 1.000 manat ziyan vurmuşdur. Faktla bağlı Bakı şəhəri Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru Cavanşir Mayılov tərəfindən araşdırma aparılmışdır. Aparılan araşdırma zamanı videoregistratorun oğurlanmasına müstəntiq tərəfindən mülki xarakterli məsələ kimi qiymət verilmiş, xx.xx.2023-cü il tarixdə material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, hazırda pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmumuna uyğun izahat verdi və cavabdehin məhkəmə iclasına gəlməməsini nəzərə alaraq, məhkəmədən mülki işə qiyabi icraat qaydasında baxılmasını, iddianın təmin edilməsi barədə qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. İddiaçının işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(006)- 3660/2024 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materialları: xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, sahibkar İddiaçı Cavabdeh lombarda ekspeditor vəzifəsinə işə qəbul etmişdir. İşçinin əmək funksiyaları müqavilənin 3-cü paraqrafında təsbit olunmuşdur. Eləcə də, müqavilənin 5-ci paraqrafı ilə birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti təsbit olunmuşdur. xx.xx.2023-cü il tarixli təqdimatdan göründüyü kimi, xidməti araşdırma aparılmış və müəyyən olunmuş ki, iddiaçıya məxsus olan lombardda ekspeditor vəzifəsində çalışan Cavabdeh yığıcı-nəzarətçi vəzifəsində çalışan X2 və qiymətləndirici vəzifəsində çalışan X4 1.500 manat qəbul etmişdir, amma rəhbərliyə 1.000 manat vermişdir. Lombardın ekspeditoru Cavabdeh 500 manat mənimsəmişdir. Əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186 və 10-cu maddələrinin tələblərini pozmaqla lombardın hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixli 12 saylı əmrdən görünür ki, yuxarıda qeyd edilən təqdimatda qeyd olunanlar nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin «b» bəndinə əsasən Cavabdeh sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh xəzinəyə həqiqətən 500 manat əksik mədaxil etdiyini etiraf etmiş, həmin məbləğin əmək haqqından tutularaq qaytarılmasını təmin edəcəyini, əks təqdirdə tam məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir. xx.xx.2023-cü il tarixli 07 saylı xəbərdarlıqdan görünür ki, sahibkar İddiaçı tərəfindən Cavabdeh yazılı şəkildə müraciət olunaraq, sonuncunun əmək müqaviləsinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirməməklə ekspeditor işlədiyi lombardın fəaliyyətini pozmaqla yanaşı, heç bir üzürlü səbəb olmadan 10 avqust 2023-cü il tarixdən etibarən iş yerinə gəlmədiyi qeyd edilmiş, Əmək qanunvericiliyinə müvafiq olaraq barəsində tədbir görüləcəyi nəzərinə çatdırılmışdır. xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh 10 avqust 2023-cü il tarixdən etibarən işə çıxmadığından, haqq-hesab və avqust ayı üçün hesablanmış 188,13 manat əmək haqqını almamışdır. xx.xx.2023-cü il tarixli 07/k saylı əmrdən görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi, 72ci maddənin c bəndinə və 186-cı maddənin ç bəndinə əsasən əsasən xitam verilmişdir. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Nərimanov RPİ İŞ-nin müstəntiqi, polis mayoru Cavanşir Mayılovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı məxsus lombardıq işçisi olmuş Cavabdeh idarə etdiyi, dəyəri 1.000 manata olan videoregistrator quraşdırılmış «Toyota Prius» markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili Şərq bazarının yaxınlığında ataraq getmiş, avtomobilə baxış keçirilərkən videoregistratorun yerində olmadığı aşkar edilmiş, həmin faktla bağlı araşdırma aparılmış və toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, mübahisənin mülki xarakter daşıdığı bildirilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(005)-27/2024 saylı qərarı ilə İddiaçı şikayəti təmin olunaraq, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X5 tərəfindən qəbul edilmiş “Cinayət işi başlanılmasının rədd edilməsi barədə” 18 noyabr 2023-cü il tarixli qərar qanunsuz hesab edilsin və ləğv edilsin, toplanmış material üzrə araşdırma davam edirilməsi qərara alınmışdır. Nərimanov RPİ İŞ-nin müstəntiqi, polis mayoru Şahmar Qurbanovun xx.xx.2024-cü il tarixli qərarından görünür ki,İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/6-01045 saylı İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixə saat 15.30-a təyin edilmiş mediasiya sessiyasına gəlmiş, Cavabdeh isə həmin sessiyaya gəlməmişdir. Bu səbəbdən, Mediasiya təşkilatı tərəfindən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 35 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur. Cavabdeh işçi kimi əmək funksiyalarının icrası zamanı iddiaçının 500 manat pulunu ödəməli olduğu halda, həmin vəsaiti qaytarmamış, bundan başqa, ona əmək funksiyalarının icrası ilə əlaqədar etibar edilmiş dəyəri 1.000 manat olan videoregistratoru idarə etdiyi avtomobildən götürməklə iddiaçıya 1500 manat məbləğində ziyan vurmuşdur. Hazırda məhkəmə hesab edir ki, işəgötürən qismində iddiaçının işçi qismində cavabdehin ona vurmuş olduğu maddi ziyanın ödənilməsi tələbi əsaslıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, vurulmuş 1.500 manat maddi zərər, ödənilmiş 35 manat dövlət rüsumu və 60 manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Vurulmuş 1.500 (bir min beş yüz) manat maddi zərərə görə pul, ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumu və 60 (altmış) manat mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar