Məhkəmə qərarları › İş №e-2(006)-3672/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3672/2022

11.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3672/2022 11.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcunun məbləği olan 25.000 dolların Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə əsasən borcverənə dəymiş zərərə görə cəmi 12.406,25 ABŞ dolları və 155 manat ödənilmiş dövlət rüsumunun, ümumi 12.406,25 ABŞ dolları və 155 manatın tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2016-cı il tarixdə İddiaçı ilə xx.xx.2016-cı il tarixədək bütün məbləğin geri qaytarılması şərti ilə 40.000 manat ekvivalenti ilə 25.000 ABŞ dolları dəyərində pulu aralarında bağlanmış kredit müqaviləsi ilə götürmüşdür. Borclu Cavabdeh öhdəliklərini yerinə yetirməmiş və məsələ məhkəmədə öz həllini tapmışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-4380/2017 nömrəli qətnaməsi ilə borcverən İddiaçı “borcun qaytarılması” tələbi məhkəmə tərəfindən təmin edilmiş və 25.000 ABŞ dolları məbləğində əsas borc və 625 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 26.625 ABŞ dolları məbləğində pulun İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh icra müddəti keçməsinə rəğmən borclu olduğu pul məbləğini borcverənə hələ də qaytarmamışdır. Keçən bu müddət ərzində qaytarılması olan borcun hal-hazıradək hesablanmalı olan faiz miqdarını da tələb edir. Cavabdehin 25.000 ABŞ dolları olan əsas borcla birlikdə Mülki Məcəllənin 449.1-ci maddəsinin şərtlərinə əsasən, dəymiş zərərin illik bank uçot faiz dərəcələrini nəzərə alınmaqla 2017-ci il üçün 15%, yəni 3750 ABŞ dolları, 2018-ci il üçün 9.75%, yəni 2437.5 ABŞ dolları, 2020-ci il üçün 6.25%, yəni 1562 ABŞ dolları, 2021-ci il üçün 75, yəni 1750 ABŞ dolları, 2022-ci il üçün 7.75% yarım illik dəyərlə 968.75 ABŞ dolları olmaqla, cəmi 12.406,25 ABŞ dolları borcu mövcuddur. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirmişdir. Hazırki məhkəmə baxış iclasının vaxtı və yeri barədə iş üzrə Cavabdeh lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir məlumat vermədən məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarında olan 13 oktyabr 2016-cı il tarixli Kredit müqaviləsinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borc verən borc alana 40.000 manat ekvivalent ilə 25.000 ABŞ dolları məbləğində borc vermiş, borc alan krediti 13 noyabr 2016-cı il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3371/2019 saylı, 20 may 2019-cu il tarixli Qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 may 2017-ci il tarixli, 2(004)- 4380/2017 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh cavabeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiasının təmin edilməməsi, cavabdeh İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair qarşılıqlı iddiası təmin edilərək, 25.000 ABŞ dolları məbləğində əsas borc və 625 ABŞ dolları məbləğində fazi borcu olmaqla, cəmi 25.625 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının və 42.50 manat məbləğində məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2(103)-11263/2018 saylı qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin “25.000 ABŞ dolları məbləğində əsas borc və 625 ABŞ dolları məbləğində fazi borcu olmaqla, cəmi 25.625 ABŞ dolları məbləğində pulun ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi manatla miqdarının və 42.50 manat məbləğində məhkəmə xərclərinin qarşılıqlı iddia üzrə Cavabdeh tutularaq İddiaçı ödənilməsinə” aid hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3371/2019 saylı, 20 may 2019-cu il tarixli Qərarı ilə isə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh və vəkili Salehzadə Ümman Tofiq oğlunun kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2018-ci il tarixli, 2(103)- 11263/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilən 16 sentyabr 2022-ci il tarixli Mərkəzi Bankın uçot faiz dərəcəsi haqqında cədvəldən görünür ki, Bankın uçot faiz dərəcəsi 2017-ci il üçün 15%, 2018-ci il üçün 9,75%, 2019-cu il üçün 7,75%, 2020-ci il üçün 6,25%, 2021-ci il üçün 7% və 2022-ci il üçün 7,75% kimi hesablanmışdır. Mülki işin materiallarında olan 26 may 2022-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən 155.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 13 oktyabr 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh 13 noyabr 2016-cı il tarixədək qaytarılmaq şərtilə 40.000 manat ekvivalent ilə 25.000 ABŞ dolları məbləğində borc pul vermişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən, İddiaçı ümumilikdə 25.625 ABŞ dolları məbləğində pulun ödənilməsi nəzərdə tutulsa da, Cavabdeh indiyədək öhdəliklərini lazımi şəkildə yerinə yetirməmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin borc məbləği ilə yanaşı, öhdəliyin yerinə yetirilməməsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğlərini də məhkəmədən tələb edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirsə də, borcunu ödənilməsi səbəbi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini rəhbər tutaraq iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi tam əsaslıdır. Belə ki, Cavabdeh tərəfindən öhdəliklərin yerinə yetirilməməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında sübuta yetirilmişdir. Digər tərəfdən, məhkəmə iddia tələbinin öhdəliyin yerinə yetirilməməsinə görə toplanan faiz məbləğləri ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, yuxarıda da qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd edildiyi kimi bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında əks olunmuş hüquqi mövqe də nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 449-cu maddəsində təsbit olunmuş qaydalara müvafiq olaraq müqavilə ilə müəyyən edilmiş pul öhdəliklərinin icrasının gecikdirilməsinə görə zərərin əvəzini ödəməyi tələb etmək hüququ müəyyən xüsusiyyətlərə malikdir. Belə ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya saxlamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə ditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsiniəsas götürməklə ödəyə bilər. Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il 24 dekabr tarixli Qərarından yola çıxaraq kredit müqaviləsində nəzərdə ulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun geri qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi borc pul hissəsində təmin edildiyindən, tələb dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. Belə ki, 155 manat məbləğində pul ödənilmiş dövlət rüsumunun əvəzi kimi iddiaçının xeyrinə tutulmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 12.406,25 (on iki min dörd yüz altı dollar, iyirmi beş sent) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 155 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci madəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3). 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 12.406,25 (on iki min dörd yüz altı dollar, iyirmi beş sent) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 155 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar