Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3687/2023 13.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" QSC-yə qarşı zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx"ASC-dən reysin ləğvi ilə əlaqədar dəymiş zərərin yəni 804 ABŞ dollarının milli manatla həmçinin ödənilmiş 34 manat dövlət rüsumunun iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlərdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində o və həyat yoldaşı X1 Ərəbistanından Ümrə ziyarətindən Azərbaycana dönmək üçün aeroportda olarkən saat 15:35-ə olan ARRİYAD (RUH)-BAKİ (J2) reysinin ləğv olunduğu məlum olmuşdur. Daşıyıcı AZAL ilə əlaqə saxlamaq istəsələr də bu mümkün olmamış və onlara heç bir yardım göstərilməmişdir. Nəticədə onlar uzun müddət hava limanında qalmış və ləğv olunmuş reysin yerinə öz vəsaitləri hesabına iki nəfərə görə əlavə 804 ABŞ dollar ödəməklə FlyNas avişirkətinə aviabiletlər əldə etmək məcburiyyətində qalmışlar. Qeyd etmişdir ki, onlar aviabiletləri iki ay əvvəl AVİASALES vasitəsi ilə əldə etmiş və həmin avia biletlərlə də Səudiyyə Ərəbistana getmişlərdir. Geri dönərkən AZAL QSC-nin tərkibində fəaliyyət göstərən BUTA Aviaşirkəti ilə gəlməli olsalar da ARRİYAD (RUH)-BAKİ (J2) reysinin ləğv edildiyi məlum olmuşdur. Lakin, aviaşirkətdən bu barədə onlara hər hansı rəsmi və ya şifahi məlumat daxil olmamışdır. Cavabdeh onlara ən azı aviabiletlərin pulunu geri qaytarmalı olsa da, sonradan heç bir ödəniş edilməyəcəyini rəsmi məktubla bildirmişdir. Beləliklə, sözü gedən hadisə nəticəsində onlara maddi və mənəvi zərər dəymişdir. Beynəlxalq aviadaşıma qaydalarına müvafiq olaraq, avia bilet daşıyıcı ilə sərnişin arasındakı müqavilə hesab olmuş və reys ləğv olunduğu halda müqavilə tərəfinə dəymiş zərər tam olaraq ödənilməli və ya ona hər aviabiletə görə 600 AVRO kompensasiya verilməlidir. Bu barədə AZAL və BUTA aviaşirkətinə e-mail vasitəsi ilə əlaqə saxlanılmış və Mehri Dünyamalıyeva məsələni araşdıracaqlarını bildirmişdir. Lakin, sonradan heç bir cavab daxil olmamışdır. Bundan sonra dəfələrlə rəsmi müraciət olunsa da, müraciətlərinə cavab verilməmişdir. xx.xx.2023-cü il tarixli müraciətinə cavabdeh AZAL QSC-nin xx.xx.2023-cü il tarixli məktubuna müsbət cavab verilməmişdir. Göründüyü kimi, cavabdehin kompensasiyanın ödənilməsindən imtinasını özünü müdafiə xarakteri daşımaqla absurd, əsassız və qanunsuzdur. Belə ki, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, reysin ləğv olunması barədə hansısa saytda yerləşdirmişdir. Halbuki bu, sərnişinlərin lazımı qaydada məlumatlandırılması anlamına gəlmir. Cavabdeh həmçinin reysin ləğvini deyil, reysin təxirə salınması və ya vaxtının dəyişdirilməsinə istinad etməklə yanlışlığa yol vermişdir. Cavabehin imtinasından aydın olur ki, o, hətta aviabiletə görə ödənilmiş pulu belə qaytarmaqdan imtina edir. Qeyd etmişdir ki, beynəlxalq sərnişin aviadaşınmaları cavabdehin də üzvü olduğu İCAO (X5 Organization) və İATA (X2 Agency) qaydalarına əsasən həyata keçirilir. Həmin qaydalara əsasən reysin ləğvi zamanı sərnişinə dəymiş zərəri tam ödənilməli və ya adam başına aviabiletin qiymətindən aslı olmayaraq, 600 AVRO kompensasiya ödənilməlidir. Cavabdehin nümayəndəsi X11 iddiaya qarşı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmıdır ki, iddiaçılar 30 sentyabr 2022-ci ildə (ucuşdan 3 ay əvvəl) "xxxx" QSC-nin rəsmi saytı vasitəsilə "xxxx" QSC ilə aviadaşıma müqaviləsi bağlayaraq 01 yanvar 2023-cü il tarixdə "xxxx" QSC-nin “Buta Airways” Sərnişin Aviaşirkətinin Ər-Riyad-Bakı marşrutu üzrə J2 9203 nömrəli reysinə iki aviabilet əldə etmişlər. Sərnişin aviabilet əldə etdiyi zaman "xxxx" QSC ilə daşıma müqaviləsi bağlayır və bu müqavilənin bütün şərtləri ilə razılaşır. Sərnişin tərəfindən bağlanan müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.7-ci maddəsinin müddəalarına əsasən ümumi oferta hesab edilir. Öz növbəsində, "xxxx" QSC-nin xx.xx.2013-cü il tarixli 120 nömrəli əmri ilə təsdiq edilən və mülki aviasiya sahəsində dövlət idarəetmə orqanı - Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə müəyyən edilmiş qaydada razılaşdırılan “Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları” (daşıyıcının www.azal.az saytında yerləşdirilmişdir) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 418.1-ci maddəsinə müvafiq olaraq tərəflər arasında bağlanmış daşıma müqaviləsinin tərkib hissəsidir. "xxxx" QSC-nin "Buta Airways" Sərnişin Aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları’na əsasən: Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları "Buta Airways" Sərnişin Aviaşirkətinin (sonra mətndə - "Aviaşirkət") sərnişinlərin, baqajın və yüklərin hava ilə daşınması üzrə fəaliyyətini tənzimləyən əsas normativ sənəddir və Aviaşirkət ilə müştərilərin qarşılıqlı münasibətlərini tənzimləyir ("Buta Airways" Sərnişin Aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları”nın bəndi). Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları hava daşımalarına dair beynəlxalq hüquqi sənədlərə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) və X8 Assosiasiyasının (İATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-1İQ nömrəli "Aviasiya haqqında" Qanununa və Azərbaycan Respublikasının normativ hüquqi sənədlərinə əsasən işlənib hazırlanmışdır ("Buta Airways" Sərnişin Aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları’nın bəndi). Daşıma müqaviləsinin bağlanması, "xxxx" aviaşirkətinin reyslərinə aviabiletlərin əldə edilməsi və rəsmiləşdirilməsi iki üsulla - “Azərbaycan Hava Yolları’nın adından və tapşırığı ilə fəaliyyət göstərən, vasitəçi kimi çıxış edən akkreditə olunmuş agentlər və "xxxx" QSC-nin rəsmi internet saytı vasitəsilə mümkündür. "xxxx" QSC-nin rəsmi internet saytı vasitəsilə aparılan satış digər normativ hüquqi aktlarla yanaşı, 2005-ci il 10 may tarixli 908-İİQ nömrəli “Elektron ticarət haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları ilə tənzimlənir. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.0.2. Elektron ticarətin iştirakçıları—elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və fiziki şəxslər; 1.0.3. satıcı (təchizatçı)—malları satan (xidmətləri göstərən, işləri görən) elektron ticarət iştirakçısı; 1.0.4. Alıcı (sifarişçi)—malları alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçısı; 1.0.5. Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra—vasitəçi)—elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs; "xxxx" QSC-nin rəsmi internet saytı vasitəsilə daşıma müqaviləsi rəsmiləşdirildiyi zaman yalnız iki tərəf - daşıyıcı aviaşirkət və bilavasitə sərnişin (sərnişinin adından əməliyyatın faktiki olaraq kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq) iştirak edir. "xxxx" QSC-nin "Buta Airways" Sərnişin Aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları”na əsasən: Aviaşirkət təxsisi həyata keçirmək, xüsusi xidmətlər göstərmək və uçuşların təhlükəsizliyi üzrə tələbləri yerinə yetirmək üçün lazım olan məlumatların verilməsini və sənədlərin təqdim olunmasını Sərnişindən tələb etmək hüququna malikdir ("Buta Airways" Sərnişin Aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları"nın 8.2.1-ci bəndi). Aviabiletlərin rəsmiləşdirilməsi zamanı iddiaçılar +**********16 əlaqə telefon nömrəsini və Elektron ünvan 1 elektron poçt ünvanını göstərmişdilər. Sərnişinlərin əlaqə məlumatları tərəflər arasında bağlanmış daşıma müqaviləsinə edilən bütün dəyişikliklər barədə vaxtında məlumat verilməsi, müvafiq xidmətlərin göstərilməsi və daşıma müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün zəruridir. Dekabr ayının 31-dən yanvar ayının 15-dək olan dövr ərzində satış nəticələrini və daşımaya tələbatın olmamasını nəzərə alaraq, uçuşdan 2 ay əvvəl, yəni 2022-ci il noyabrın 16-dan Bakı-Ər-Riyad-Bakı marşrutu üzrə uçuşlara, o cümlədən iddiaçıların aviabiletlər aldıqları uçuşa aviabiletlərin satışı dayandırılmış və uçuşlar ləğv edilmişdir. "xxxx" QSC-nin "Buta Airways" Sərnişin Aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydalarına əsasən: Biletdə, hərəkət cədvəlində və Aviaşirkətin dərc olunmuş digər reys qrafikində göstərilən yola düşmə (gəlmə) vaxtına və hava gəmisinin tipinə zəmanət verilmir və daşıma müqaviləsinin zəruri şərtinə daxil deyildir. Aviaşirkət reysin yola salınması vaxtını dəyişə bilər və bu barədə vaxtında Sərnişini məlumatlandırmalıdır ("Buta Airways" Sərnişin Aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları”nın 19.1.1-ci bəndi). Əgər daxili şəraitin təsiri ilə əlaqədar (ehtiyat təyyarələrin olmaması və s.) Aviaşirkət reysi ləğv edərsə, Aviaşirkət (Sərnişinin seçimi ilə): Sərnişini növbəti reysi ilə daşımalıdır, yaxud Sərnişini öz reysləri ilə digər marşrut üzrə və ya digər Daşıyıcının reysi ilə təyinat məntəqəsinə çatdırmalıdır, yaxud Sərnişinin taksidən başqa, digər nəqliyyat növləri ilə göndərilməsini təşkil etməlidir, yaxud ödənilmiş məbləği müəyyən edilmiş qaydada qaytarmalıdır ("Buta Airways" Sərnişin Aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları”nın 19.1.4-cü bəndi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447-ci maddəsinə əsasən: Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 19 noyabr 2022-ci il tarixdə aviaşirkətin internet saytında yerləşdirilən sərnişinlərin müraciətlərinin işlənməsi platforması vasitəsilə, iddiaçıların daşıma müqaviləsi bağlanarkən göstərdikləri elektron poçt ünvanına iddiaçıların aviabilet aldıqları reysin ləğv edildiyi barədə məlumat göndərilmiş, iddiaçilar tərəfindən qeyd olunan telefon nömrəsi vasitəsilə əlaqə yaratmaq və alternativ daşımanı təşkil etmək Cavabdeh tərəfindən mümkün olmamışdır. Uçuşdan əvvəl aviaşirkətin saytı vasitəsilə istənilən sərnişin aldığı aviabiletin nömrəsi ilə öz reysinin statusunu yoxlamaq imkanına malikdir. Bununla bağlı məlumat həm aviabiletdə, həm də Cavabdehin rəsmi saytında qeyd edilir. Lakin sərnişinlər təqdim etdikləri əlaqə vasitələrinin işlək olmaması səbəbindən, aviabilet aldıqları reysə nəzarət etmək və aviaşirkətin təşkil edə biləcəyi alternativ uçuşla bağlı məsələni vaxtında həll etmək üçün mövcud olan heç bir digər imkanlardan istifadə etməmiş, nəzərdə tutulan uçuş tarixindən əvvəl aviaşirkətə müraciət etməmişlər. 9 yanvar 2023-cü il tarixdə iddiaçılar 1200 avro (hər aviabiletə görə 600 avro) məbləğində kompensasiyanın ödənilməsi barədə iddia ilə "xxxx" QSC-yə müraciət etmişlər. İddiaçılar məhkəməyəqədər qaydada alternativ marşrut üzrə aviabiletlərin alınması ilə bağlı zərərin ödənilməsi tələbini irəli sürməmişdilər. İddiaçıların tələblərinin əsassız olduğunu nəzərə alaraq, "xxxx" QSC tələb olunan məbləğin ödənilməsindən imtina etmiş və beynəlxalq daşımalara dair müqavilələrdən irəli gələn öhdəlikləri tənzimləyən Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq istifadə olunmamış aviabiletlərin dəyərinin qaytarılmasını təklif etmişdir. Lakin iddiaçılar, İddiaçı1 şəxsində, hal-hazıradək pul vəsaitinin qaytarılması ilə bağlı əməliyyatların aparılması üçün qüvvədə olan ödəniş rekvizitlərini təsdiq etməkdən imtina edirlər. İddia ərizəsində iddiaçılar alternativ daşımanın dəyərini 804 ABŞ dolları məbləğində qeyd etmiş, lakin həmin ödənişləri təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişlər. Daşıyıcıdan daxil olan ilkin məlumata əsasən, “Flynas” aviaşirkətinin Ər-Riyad - Bakı marşrutu üzrə XY 232 nömrəli reysinə iddiaçılar tərəfindən alınan aviabiletlərin hər birinin dəyəri 326,41 ABŞ dolları, beləliklə ümumi məbləğ 652,86 ABŞ dolları təşkil etmişdir. Bundan əlavə, iddiaçılar tərəfindən 69,63 ABŞ dolları məbləğində əlavə xidmətlər əldə edilmişdir, yəni ödənilməsi tələb olunan kompensasiya məbləği faktiki məsrəflərdən xeyli çoxdur ki, bu da iddiaçıların qanunsuz qazanc əldə etmək niyyətlərini göstərir. İddiaçıların Ər-Riyad - Bakı marşrutu üzrə əldə olunan alternativ biletlərə sərf etdikləri və zərər məbləği kimi qeyd etdikləri məbləğə "xxxx"nın ləğv edilmiş reysləri üzrə istifadə olunmamış biletlərin dəyərinin qaytarılması şərti çərçivəsində zərər kimi baxıla bilməz. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 10.2. Satıcı (təchizatçı) sifariş verilmiş malları (işləri, xidmətləri) onların olmaması (görülməsinə və ya göstərilməsinə imkanın olmaması) səbəbindən təmin edə bilmədikdə, alıcıya (sifarişçiyə) bu barədə məlumat verməlidir və onun ödədiyi məbləği 1 gün ərzində geri qaytarmalıdır. “Azərbaycan Hava Yolları" QSC-nin "Buta Airways" Sərnişin Aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları”na əsasən: Sərnişinin bilet rəsmiləşdirdiyi reys ləğv edildiyi hallarda, əgər heç bir sahədə uçuş həyata keçirilməyibsə, daşıma üçün ödənilmiş bütün məbləğ Sərnişinə qaytarılır ("Buta Airways" Sərnişin Aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları’hın 22.2.2-ci bəndi). "xxxx" QSC 184 ABŞ dolları məbləğində istifadə olunmamış aviabiletlərin dəyərinin qaytarılması üzrə öhdəliklərini icra etməyə hazırdır və heç bir zaman buna etiraz etməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı1 və İddiaçı2 "xxxx" QSC-yə qarşı irəli sürdükləri iddia tələblərinin tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçılar iddia tələbinə dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən reysin ləğvi ilə əlaqədar dəymiş zərərin yani 722.49 ABŞ dolları aviabiletlərə görə 69.63 ABŞ dollar baqaja görə olmaqla cəmi 792.12 ABŞ dollarının milli manatla həmçinin ödənilmiş 34 manat dövlət rüsumunun onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Ərizə onunla əsaslandırılmışdır ki, əlavə olunmuş KİWİ.com-dan onun e-mailinə (ktagiev.mail.ru) daxil olan məktublardan da aydın görünür ki, xx.xx.2022-ci il tarixində agent şirkət KİWİ.com onlara Bakı-Riyad reysinin 10 dəqiqə gecikəcəyi barədə məlumat göndərmişdir. Həmçinin xx.xx.2023-cü ildə təkrarən KİWİ.com onlara geri dönüş Ciddə- Bakı reysinə hazırlaşmaq barədə məlumat göndərmişdir. Bütün bunlar onu göstərir ki, cavabdeh nəinki ona hətta KİWİ.com-a da reysin ləğvi barədə məlumat verməmişdir. AZAL-n əməkdaşı Mehri Dünyamaliyeva onlara ünvanladığ e-maildə məlumatın noyabrın 19-u bronda qeyd olunan e-mail məlumat göndərildiyini bildirsə də, işə əlavə olunmuş sübutlardan görünür ki, cavabdeh reysin ləğvi barədə nə onlara nə də KİWİ.com-a məlumat verməmişdir. Əks halda KİWİ.com onlara bu barədə məlumat vermiş olardı. Nəticədə onlara 792.12 ABŞ dolları maddi zərər dəymişdir. Həmin məbləg cavabdehin elektron sistemə xx.xx.2023-cü il tarixdə ödəniş tapşınğında öz təsdiqini tapmışdır. Belə ki, cavabdehin qanunsuz əməlləri nəticəsində onlar aviabiletlərə görə 69.63 ABŞ dolları baqaja görə ödəniş edilmişdir. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən daxil olan cavaba əsasən cavabdehin göndərdiyini iddia etdiyi Elektron ünvan 1 elektron ünvanın kimə məxsus olması da məlum olmamışdır. Bundan başqa cavabdeh onun mobil nömrəsinə də zəng etməmiş və ya SMS göndərməmişdir. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi İddiaçı2 tələbinə dair hissədə baxılmamış saxlanmışdır. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X11 iddia tələbini etiraf etməyərək iddianın rədd edilməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, iddiaçı biletlərin KİWİ.com saytından rəsmiləşdirilməsini sübut etmək üçün KİWİ.com saytından sifarişin surətini təqdim etmişdir. Bununla belə, "xxxx" QSC rəsmi olaraq bəyan edir ki, KİWİ.com saytı ilə "xxxx" QSC-nin daşımaları satışı üzrə agentlik müqaviləsi yoxdur. KİWİ.com saytından alınan məlumata görə, bu şirkətin aviaşirkətlər və turizm agentlikləri ilə agentlik müqavilələri yoxdur və aviabiletlərin qeydiyyatı və verilməsi aviaşirkətin saytına yönləndirmə yolu ilə həyata keçirilir. Məhkəməni "xidmətləri təqdim edilməsi şərtləri"-nin 2.3-2.6-ci bəndlərə diqqətini cəlb edir. “Kiwi.com-a sizin adınıza Üçüncü Tərəf Xidmət Provayderləri ilə hərhansı və bütün müqavilələr bağlamağa və bizə Üçüncü Tərəfin Xidmətlərindən düzgün istifadə etmək üçün lazım olan bütün məlumatları təqdim etməyə icazə verirsiniz. Siz həmçinin qeyd olunan Virtual Məlumatın sizin şəxsi məlumatınız olduğunu qəbul edirsiniz və daşıyıcı xidmətlərini bron edərkən göstərilən Virtual Məlumatın sizin şəxsi məlumatlarınız kimi Daşıyıcılara ötürülməsi ilə razılaşırsınız. Bu o deməkdir ki, Daşıyıcıların müştərinin e-poçt ünvanını və ödəniş məlumatını tələb etdiyi hallarda biz göstərilən Virtual Məlumatdan istifadə edirik. Daşıyıcıların müştəri tərəfindən bizə təqdim etdiyi müştəri məlumatlarını tələb edə biləcəyi dərəcədə, siz belə X9.com-a sizin tərəfinizdən təqdim olunduğunu bildirirsiniz.” Daşıma müqaviləsinin bağlanması, "xxxx" aviaşirkətinin reyslərinə aviabiletlərin əldə edilməsi və rəsmiləşdirilməsi iki üsulla "xxxx"nın adından və tapşırığı ilə fəaliyyət göstərən, vasitəçi kimi çıxış edən akkreditə olunmuş agentlər və "xxxx" QSC-nin rəsmi internet saytı vasitəsilə mümkündür. "xxxx" QSC-nin rəsmi internet saytı vasitəsilə aparılan satış digər normativ hüquqi aktlarla yanaşı, 2005-ci il 10 may tarixli 908-İİQ nömrəli "Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununun müddəaları ilə tənzimlənir. "Elektron ticarət haqqında Azarbaycan Respublikasının Qanununa əsasən: 1.0.2. Elektron ticarətin iştirakçıları-elektron ticarətin həyata keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən hüquqi və iştirakçısı; 1.0.3. Satıcı (təchizatçı)-malları satan (xidmətləri göstərən, işləri görən) elektron ticarət 1.0.4. Alıcı (sifarişçi)-malları alan (xidmətləri, işləri sifariş edən) elektron ticarət iştirakçısı, 1.0.5. Elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra vasitəçi)-elektron sənədi göndərən və alan arasında elektron sənəd dövriyyəsi xidmətlərini göstərən fiziki və ya hüquqi şəxs; "xxxx" QSC-nin rəsmi internet saytı vasitəsilə daşıma müqaviləsi rəsmiləşdirildiyi zaman yalnız iki tərəf daşıyıcı aviaşirkət və bilavasitə sərnişin (sərnişinin adından əməliyyatın faktiki olaraq kimin tərəfindən həyata keçirilməsindən asılı olmayaraq) iştirak edir. İddia ərizəsində iddiaçılar alternativ daşımanın dəyərini 804 ABŞ dolları məbləğində qeyd etmiş, lakin qanunvericiliklə müəyyən edilmiş qaydada bank tərəfindən təsdiq olunmuş ödəşlər haqqında məlumat və sənədləri məhkəməyə təqdim olunmayıb. Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" QSC-nin hüquq məsləhətçisi Emil Qurbanov tərəfindən Şikayətlər Şöbəsinə (Call center) xx.xx.2023-cü il tarixli Ər-Riad-Bakı reysinin ləğvi barədə məlumatın xx.xx.2022-ci il tarixində çağrı mərkəzinin əməkdaşları tərəfindən reysin ləğvi barədə məlumat təxsisetmə qeyd edilən elektron ünvanına (Elektron ünvan 1) göndərilməsi məzmunda məktub ünvanlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə AZAL əməkdaşı Mədinə Hüseynova tərəfindən mailto:abn.e.rs.te.war.tslade@gmail.comElektron ünvan 1 elektron poçt ünvanına yanvar ayının 7-nə Bakıdan Riada olan reysin (J29203) ləğv edildiyi, biletin qaytarılması mümkünlüyü məzmunda məktub göndərilmişdir. İş materiallarından görünür ki, Mehri Dunyamaliyeva (Buta Airways) e-mail ünvanından xx.xx.2023-cü il tarixdə Kamran Tagiyev ünvanına biletin rəsmi saytdan almaması səbəbindən bronda qeyd edilən elektron ünvana məlumatın göndərildiyi, biletlərin tam ödənişinin geri ala bilmək mümkünlüyü məzmunda məktub göndərilmişdir. İş materiallarından görünür ki, İddiaçı1 cavabdeh quruma ünvanladığı müraciətə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, 07 yanvar 2023-cü il tarixli Ər-Riyad-Bakı reysinin ləğvi barədə məlumat 19 noyabr 2022-ci il tarixində çağrı mərkəzinin əməkdaşları tərəfindən reysin ləğvi barədə məlumat təxsisetmədə qeyd edilən elektron ünvanına göndərilmişdir (mailto:abn.e.rs.te.war.tslade@gmail.comElektron ünvan 1). "Buta Airways" Sərnişin Aviaşirkətinin "Sərnişinlərin və yüklərin daşınması qaydaları" nin 19.1.1-ci bəndinə müvafiq olaraq biletdə, hərəkət cədvəlində və Aviaşirkətin dərc olunmuş digər reys qrafiklərində göstərilən yola düşmə (gəlmə) vaxtına və hava gəmisinin tipinə zəmanət verilmir və daşıma müqavilasinin zəruri şərtinə daxil deyildir. Aviaşirkət reysin yola salınması vaxtını dəyişə bilər va bu barədə vaxtında sərnişini məlumatlandırmalıdır. Aviaşirkət sərnişini əvvəlcədən məlumatlandırmadan hava gəmisinin tipini dəyişə bilər. Eləcə də 22.1.5-ci bəndinə əsasən məbləğin qaytarılması daşınmanın satıldığı ölkədə, yalnız biletin alındığı yerdə həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq tələbininin təmin olunmasının imkan xaricində olması bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə ünvanlanmış məktubda göstərilmişdir ki, 055 *** ** ** kombinasiyalı mobil nömrəsi İddiaçı1 məxsusdur. Həmçinin qeyd edilmişdir ki, həmin mobil nömrə ilə qeydiyyat keçmiş e-mail ünvanına dair məlumatın texniki səbəblərdən təqdim edilməsi mümkün olmamışdır. İş materiallarından görünür ki, 409809******3556 debet kartı vasitəsi ilə xx.xx.2023cü il tarixdə FLYNAS Company üçün 162.75 SAR (X10) köçürülmə əməliyyatı edilmişdir. İş materiallarından görünür ki, 409809******3556 debet kartı vasitəsi ilə xx.xx.2023cü il tarixdə FLYNAS Company üçün 117.99 SAR (X10) köçürülmə əməliyyatı edilmişdir. İş materiallarından görünür ki, 409809******3556 debet kartı vasitəsi ilə xx.xx.2023cü il tarixdə National Air Services üçün 722.49 ABŞ dolları köçürülmə əməliyyatı edilmişdir. İş materiallarından görünür ki, KİWİ.com saytında «Bakı-Ər-Riad və geri» adlı başlıqda sərnişin haqqında məlumat və əlavə xidmətlər (данные пассажира и дополнительные услуги) bölməsində xx.xx.1975-ci il təvəllüdlü İddiaçı1 əlaqə məlumatları kimi (mailto:abn.e.rs.te.war.tslade@gmail.comElektron ünvan 1) elektron poçt ünvanı və +994 ********* mobil nömrəsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, KİWİ.com saytından əldə etdikləri billetlərlə xx.xx.2023-cü il tarixində iddiaçı və həyat yoldaşı X4 ziyarətindən Azərbaycana dönmək üçün hava limanında olarkən Ər-Riad-Bakı reysinin ləğv olunduğu məlum olmuşdur. Sonradan FlyNas aviaşirkətindən aviabiletlər əldə etmək məcburiyyətində qalmışlar və nəticədə 792.12 ABŞ dolları ödəniş etmişlər. İddiaçının elektron poçt ünvanına cavabdeh qurum tərəfindən xx.xx.2022-ci il tarixdə Ər-Riad-Bakı reysinin ləğv edilməsi barədə xəbərdarlıq edilmişdir. İddiaçı həmin elektron poçt ünvanının ona məxsus olmadığını bildirsədə, KİWİ.com saytında biletlər sifariş edilərkən saytın qaydalarına uyğun, sifarişçinin məlumatı kimi, İddiaçı1 əlaqə məlumatı olaraq (mailto:abn.e.rs.te.war.tslade@gmail.comElektron ünvan 1) ünvanı və +994 ********* mobil nömrəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidenti tərəfindən 30 sentyabr 2014-cü il tarixli, 1022-İVQ nömrəli qanunla təsdiqlənmiş 1999-cu il tarixli «Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya (1999-cu il mayın 28-də Monreal şəhərində imzalanmış)»-sına əsasən Konvensiya yalnız aşağıdakı hallarda sərnişinlərə dəymiş zərərə görə aviadaşıyıcıların məsuliyyətini tənzimləyir: 1) uçuş zamanı sərnişinin ölümü və ya bədən xəsarəti alması, 2) baqajın məhv edilməsi, itirilməsi, yaxud zədələnməsi 3) sərnişinin və ya baqajın daşınması zamanı ləngimə. Həmin Konvensiyanın 19-cu maddəsinə əsasən daşıyıcı sərnişinlərin, baqajın və ya yükün hava ilə daşınması zamanı ləngimə nəticəsində baş vermiş zərərə görə məsuliyyət daşıyır. Lakin daşıyıcı özünün və ya əməkdaşlarının, yaxud agentlərinin zərərdən qurtarmaq üçün bütün mümkün, məntiqə uyğun zəruri tədbirləri gördüklərini, yaxud onun və ya onların belə tədbirləri görmək imkanının olmadığını sübut edərsə, ləngimə nəticəsində dəymiş zərərə görə məsuliyyət daşımır. Beləliklə iddiaçının tələbində göstərilən hal ləngimə deyil, ləğvetmə olduğundan, bu münasibətlərin tənzimlənməsi Konvensiyasının tətbiq dairəsindən kənardadır və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 842.1-ci maddəsinə əsasən, sərnişin daşınması müqaviləsinə görə daşıyıcı müəyyən nəqliyyat növü ilə sərnişini, habelə onun əl yükünü yola düşmə yerindən təyinat yerinə çatdırmağı, sərnişin isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 842.2-ci maddəsinə əsasən, sərnişin daşınması müqaviləsi sərnişinin daşıyıcıdan sərnişin daşınması üçün nəqliyyat sənədi (gediş bileti) aldığı andan və ya daşıyıcının razılığı ilə sərnişinin nəqliyyat vasitəsində yer tutması nəticəsində bağlanmış sayılır. Həmin Məcəllənin 847.1-ci maddəsinə əsasən əgər daşıma müqaviləsinin bağlandığı məqamda qabaqcadan nəzərdə tutulması mümkün olmayan, nəqliyyat vasitəsinə texniki xidmət və onun istismarı ilə qarşılıqlı surətdə bağlı olmayan və ağlabatan ehtiyatlılıq şəraitində dəf edilməsi mümkün olmayan qarşısıalınmaz qüvvə ilə bağlı hadisənin kənarda baş verməsi nəticəsində daşıma xeyli çətinləşərsə, təhlükəyə məruz qalarsa və ya pisləşərsə, müqavilə həm daşıyıcı, həm də sərnişin tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 847.2-ci maddəsinə əsasən müqavilənin ləğv edildiyi halda sərnişin özünü təhlükəyə məruz qoymayacağı ən yaxın yerdə nəqliyyat vasitəsini tərk edə bilər, daşıyıcı isə daşımanın şərtləşdirilmiş dəyərinin daşımanın icra edilməmiş hissəsinə uyğun qismini almaq hüququnu itirir. Müqavilənin iştirakçıları geriyə daşıma üçün əlavə xərcləri yarıbayarı çəkirlər. Qalan əlavə xərcləri sərnişin çəkir. “Buta Airways” sərnişin aviaşirkətinin “Sərnişinlərin və yüklərin daşınması qaydaları” 19.1.3-cü bəndinə əsasən əgər fors-major şəraitinin təsiri ilə əlaqədar Aviasirkət reysi ləğv edərsə, yaxud hərəkət cədvəlində və ya biletdə göstərilmiş vaxtdan sonra yol verilən vaxt ərzində reysi yerinə yetirməzsə, yaxud əvvəlcədən təsdiq edilmiş təxsisə müvafiq olaraq reysdə yer təqdim etməzsə, yaxud razılaşdırılmış məntəqədə və ya təyinat məntəqəsində dayanmazsa, yaxud sərnişinin əvvəlki reysinin qeyd olunduğu biletdə göstərilən və təsdiqlənmiş təxsisi olan calanma reysinə çatmamasına səbəb olarsa aviaşirkət (Sərnişinin seçimi ilə): sənişinin boş yer olan növbəti reysində sərnişin tərəfindən ödənilmiş xidmət sinfində daşımalıdır, yaxud sərnişini öz reysləri ilə digər marşrutla va ya digər daşıyıcının reysi ilə təyinat məntəqəsinə çatdırmalıdır, yaxud Sərnişinin taksidən başqa, digər nəqliyyat növləri ilə göndərilməsini təşkil etməlidir, yaxud ödənilmiş məbləği müəyyən edilmiş qaydada qaytarmalıdır. Aviaşirkət bundan başqa heç bir öhdəlik daşımır. Həmin Qaydaların 19.1.4-cü bəndinə əsasən Əgər daxili şəraitin təsiri ilə əlaqədar (ehtiyat təyyarələrin olmaması və s.) Aviaşirkət reysi ləğv edərsə, yaxud hərəkət cədvəlində və ya biletdə göstərilmiş vaxtdan sonra yol verilən vaxt ərzində reysi yerinə yetirməzsə, yaxud, əvvəlcədən təsdiq edilmiş təxsisə müvafiq olaraq reysdə yer təqdim etməzsə, yaxud razılaşdırılmış məntəqədə və ya təyinat məntəqəsində dayanmazsa, yaxud Sərnişinin əvvəlki reysinin qeyd olunduğu biletdə göstərilən va təsdiqlənmiş təxsisi olan calanma reysinə çatmamasına səbəb olarsa, Aviaşirkət (sərnişinin seçimi ilə): Sərnişini növbəti reysi ilə daşımalıdır, yaxud Sərnişini öz reysləri ilə digər marşrutla və ya digər Daşıyıcının reysi ilə təyinat məntəqəsinə çatdırmalıdır, yaxud, Sərnişinin taksidən başqa, digər nəqliyyat növləri ilə göndərilməsini təşkil etməlidir, yaxud ödənilmiş məbləği müəyyən edilmiş qaydada qaytarmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" QSC iddia tələbinin əsasını təşkil edən reysin ləğv edilməsinə görə dəymiş zərərlə bağlı məsuliyyət daşımır. Belə ki, reysin ləğv edilməsi barədə sərnişinə öncədən xəbərdarlıq məktubu göndərmiş, biletlərin alındığı yerdə qaytarılması təklif edilmişdir. İş materiallarından görünür ki, “Buta Airways” aviaşirkətindən vasitəçi yolu ilə bilet əldə edilərkən öz əlaqə məlumatları kimi qeyd etdiyi elektron poçt ünvanına reysin ləğvi barədə İddiaçı1 xx.xx.2022-ci il tarixdə məlumat verilmişdir. İddiaçı isə həmin elektron poçt ünvanın ona aid olmadığını, onun tərəfindən, onun üçün və ya onun tapşırığı ilə qeyd edilmədiyini sübut etmək üçün hər hansı bir məlumat və material təqdim edə bilməmişdir. Məhkəmə iclası zamanı iddiaçı KİWİ.com tətbiqində “Elektron ünvan 2” adına yaradılmış elektron ünvanı nümayiş etdirmiş, həmin ünvana da reysin son günə gədər güvvədə olmasını bildirən məlumatların ona gəldiyini göstərmişdir. Lakin, bu ünvanın bilet əldə edərkən nə səbəbdən qeyd olunmadığı sualı cavablandırılmamışdır. Yekun nəticədə, belə qənaətə gəlinir ki, cavabdeh "xxxx" QSC öz tərəfindən ona sərnişinlərə məxsus olmasını qeydiyyatla təsdiq edən elektron poçt ünvanına müvafiq qaydada məlumat verməsi ilə öhdəliyinə düşən hərəkətləri yerinə yetrimişdir. Buna baxmayaraq, cavabdeh ehtiyyatlılıq göstərərək sərnişinin mobil nömrəsinə də məlumat göndərə bilərdi. Belə ehtiyyatlılığın göstərilməməsi səbəbini cavabdeh ləğv olunmuş reys barəsində digər sərnişinlərin də elekrton poçt vasitəsi ilə məlumat verildiyini və problemlərin yaranmadığı ilə izah etməyə çalışdı. Lakin qeyd olunanlar, iddiaçını bilet əldə edərkən şəxsi məlumatlarının doğru əks olunduğunu və ya ümumiyyətlə qeyd olunmadığını yoxlamaq vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, İddiaçı1 Flynas aviaşirkəti vasitəsi ilə yanaşı o cümlədən əvvəl əldə etdiyi biletlərin (KİWİ.com saytı vasitəsi ilə) dəyərini tələb etmək hüququ da var. Cavabdeh qurum tərəfindən ödənilmiş biletlərin dəyərinin qaytarılması barədə ona təklif göndərilsə də, iddiaçı bu təklifə qarşılıq vermədən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə qeyd edir ki, İddiaçı1 Ər-Riad-Bakı reysinin ləğvi ilə əlaqədar ona vurulmuş maddi ziyanla bağlı məhkəmə müdafiəsi hüququna malik olsa belə, maddi ziyanın əvəzini iddiada qeyd edilən kontekstdə tələb etməkdə haqlı olmamışdır buna görə iddia təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məgəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 cavabdeh "xxxx" QSC-yə qarşı zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3687/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3687/2023
13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver