Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3723/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 100.000 (yüz min) manat məbləğində əsas borcun, dövlət rüsumuna görə ödənilmiş 400 (dörd yüz) manat və vəkilə ödənilmiş 300 (üç yüz) manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 100000 (bir yüz min) manat məbləğində borc pul vermiş, cavabdeh həmin krediti xx.xx.2024-cü il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə müəyyən edilmiş öhdəliyi iddia ərizəsi verilən günə qədər yerinə yetirməmiş və müqavilədə göstərilən müddət keçsə də, borc iddiaçıya qaytarılmamışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı iddia tələbinin əsassız olduğunu, iddiaçıdan borc götürdüyü 100.000 manat məbləğində puldan ümumilikdə 49.000 manatı iddiaçıya ödədiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Notariat qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı borc alan Cavabdeh 100.000 (bir yüz min) manat məbləğində pulu faizsiz olmaq şərti ilə borc vermiş, Cavabdeh isə krediti xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. “Fides” vəkil bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında bağlanmış xx.xx.2024-cü il tarixli 218/24 nömrəli müqavilədən görünür ki, vəkil Nümayəndə ona həvalə edilən tapşırıq əsasında İddiaçı hüquqi yardım göstərməyi, İddiaçı isə hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Fides” vəkil bürosunun hesabına 321 (üç yüz iyirmi bir) manat pul köçürülmüşdür. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 392 (üç yüz doxsan iki) manat rüsum ödənilmişdir. Bakı şəhəri 43 saylı notariat ofisinin 26 iyul 2024-cü il tarixli 1869 nömrəli məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh oğlu arasında 100.000 manat məbləğinə dair borc müqaviləsi rəsmiləşdirilmişdir. Bakı şəhəri 43 saylı notariat ofisinin 26 iyul 2024-cü il tarixli 1869 nömrəli məktubuna əlavə edilmiş: - xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı tərəfindən kredit müqaviləsi üzrə 100.000 (bir yüz min) manat məbləğində pul notarius Qurbanov Elşənə məxsus depozit hesaba köçürülmüşdür; - Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən "xxxx" ASC-nin Mərkəzi filialına ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin Cavabdeh verilməsi üçün notariusun depozit hesabına qəbul olunması xahiş edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş: - İddiaçı məxsus AA******* nömrəli və Cavabdeh məxsus AA******* nömrəli şəxsiyyət vəsiqələrinin surəti olan vərəqin aşağı hissəsində olan əlyazmalarda belə qeyd edilmişdir: “10 aprel 2021. Mən Cavabdeh İddiaçı 100.000 (yüz min) manat pulu öz razılığı ilə götürdüm və üstü ayda 1.500 (min beş yüz) manat verməklə 3 (üç) il müddətə. Haçan pulunu geri istəsə (azı 1 il müddətdən sonra), mənə 3 (üç) ay qabaqdan deməlidir. 10 aprel 2021 (imza)”. “Mən İddiaçı Cavabdeh lombard fəaliyyəti üçün 100.000 (yüz min) manat pulu və ayda üstü 1.500 (min beş yüz) manat götürməklə 3 (üç) illik bağladım, razılaşdım, pulumu minimum 1 ildən sonra lazım olsa, istəyəcəm 3 ay qabaqcadan. Yazını öz razılığımla yazdım. İddiaçı (imza). xx.xx.2021”. - İddiaçı məxsus AA******* nömrəli və Cavabdeh məxsus AA******* nömrəli şəxsiyyət vəsiqələrinin surəti olan vərəqin aşağı hissəsində olan əlyazmalarda belə qeyd edilmişdir: “12 aprel 2021. Mən Səfərova X1 Xəyal Qalib oğlu ilə notarial qaydada kredit müqaviləsi bağladım. 100.000 (yüz min) manat pulu 3 il müddətinə verdim və o, pulu məndən depozit kimi götürdü. Ayda üstü 1.500 (min beş yüz) manat verəcək. Lombard fəaliyyətini genişləndirmək üçün. Pulu minimum 1 ildən sonra 3 ay qabaqcadan lazım olsa, istəyəcəm. Yuxarıdakı yazıları öz razılığımla yazdım. xx.xx.2021. 10 min manat aldım”. Yazının altında İddiaçı adı və imzası vardır. - İddiaçı məxsus AA******* nömrəli və Cavabdeh məxsus AA******* nömrəli şəxsiyyət vəsiqələrinin surəti olan vərəqin aşağı hissəsində olan əlyazmada belə qeyd edilmişdir: “xx.xx.2021. Mən İddiaçı xx.xx.2021-ci ildə notarial qaydada bağlanmış kredit müqaviləsinə görə 100.000 (yüz min) manat puldan 10.000 (on min) manatını Cavabdeh aldım. Yerdə qaldı 90.000 (doxsan min) manat. Ayda üstü 1.350 manat olmaqla”. Yazının altında İddiaçı adı və imzası vardır. Cavabdeh tərəfindən, həmçinin, “xx.xx.2021-ci ildə notarial qaydada bağlanmış kredit müqaviləsinin aylıq faiz cədvəli (90.000 manat, aylıq faiz 1.350 manat)” adlı cədvəl və 2 ədəd qəbz də məhkəməyə təqdim edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında notariat qaydasında təsdiq edilmiş xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə faizsiz olaraq 100.000 manat məbləğində pul xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə borc verilmişdir. Lakin tərəflərin müqavilədən kənar öz aralarında sadə yazılı formada tərtib etdikləri razılaşmaya əsasən, kreditin faizlə verilməsi müəyyən edilir. Hazırda iddiaçı müqavilə üzrə cavabdehə verdiyi 100.000 manat məbləğində pulun və məhkəmə xərclərinin cavabdehdən alınaraq ona verilməsini; cavabdeh isə müqavilə üzrə iddiaçıdan aldığı 100.000 manat puldan 49.000 manat pulu iddiaçıya qaytardığını bildirir. İddia tələbini və cavabdehin etirazını iş üzrə toplanmış sübutlarla birgə araşdıraraq məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında cavabdehə xx.xx.2024-cü il tarixədək qaytarmaq şərtilə 100.000 manat məbləğində borc verilməsi hazırkı iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında isə müəyyən edilir ki, cavabdeh həmin borcdan cəmi 10.000 manat hissəsini xx.xx.2021-ci ildə iddiaçıya qaytarmışdır. Məhkəmə araşdırmaları zamanı iddiaçının vəkili-nümayəndəsi də 10.000 manat pulun iddiaçıya qaytarılması faktını təsdiqləmişdir. Deməli, cavabdehə verilmiş 100.000 manat məbləğində borcdan 10.000 manat hissəsinin cavabdeh tərəfindən iddiaçıya qaytarılması da məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz haldır. Cavabdeh cəmi 49.000 manat məbləğində pulu iddiaçıya qaytardığını bildirsə də, etirazının bu dəlilini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Hər bir tərəfin öz tələb və etirazlarının əsaslandığı halları təsdiq edən sübutları məhkəməyə təqdim etməli olduqları barədə mülki prosessual qanunvericiliyin tələbinə əsasən, iddiaçı tərəfindən cavabdehə 100.000 manat məbləğində pulun borc kimi verilməsi və 10.000 manatın cavabdeh tərəfindən qaytarılması faktı öz təsdiqini tapdığından, qalan 39.000 manat məbləğində pulu qaytarmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmək vəzifəsi cavabdehin üzərində olmuş, lakin yuxarıda da göstərildiyi kimi, cavabdeh iddiaçıya qaytardığını bildirdiyi 39.000 manat məbləğində pulu qaytarmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş ödəniş cədvəlində göstərilən məbləğlərin tərəflər arasında olan sadə yazılı razılaşma üzrə aylıq faiz ödənişi olması, lakin cavabdehin yalnız 3 ay üzrə (qarşısında hər iki tərəfin imzası olan – 2022-ci ilin aprel, may, iyun ayları) faiz ödəməsi faktı iddiaçının vəkilinümayəndəsi tərəfindən təsdiq edilmiş, “eManat” vasitəsilə ödənilən digər iki qəbz üzrə ödənişin isə iddiaçıya ödənilmədiyi bildirilmişdir. Həmin qəbzlərlə bağlı məhkəmə qeyd edir ki, sözügedən qəbzlər bu ödənişlərin həqiqətən də, məhz iddiaçıya edilməsi və ən əsası, hazırkı müqavilə üzrə əsas məbləğdən ödənilməsi faktını təsdiq etmir. Beləliklə, cavabdehin etirazının bu dəlili nə mötəbər sübutla, nə də ən azından iddiaçı tərəfin etirafı ilə təsdiq edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında olan kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti üzrə cavabdeh öz öhdəliyini lazımınca icra etmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh 90.000 (doxsan min) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 404.1-404.2-ci maddələrinə müvafiq olaraq, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1 və 740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 90.000 (doxsan min) manat məbləğində pul alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, hüquqi xidmət xərcinin 250 (iki yüz əlli) manat hissəsi və ödənilmiş dövlət rüsumunun olaraq 353 (üç yüz əlli üç) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, xərclərin qalan hissəsi İddiaçı aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 90.000 (doxsan min) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Hüquqi xidmət xərcinin 250 (iki yüz əlli) manat hissəsi və ödənilmiş dövlət rüsumunun olaraq 353 (üç yüz əlli üç) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, xərclərin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №e-2(006)-3723/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3723/2024
17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver