Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-375/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun qarşısında 14 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə 112 000 ABŞ dolları məbləğində əsas borc, xx.xx.2023-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq illik beş faiz dərəcəsi ilə hesablanmış 2.800 ABŞ dolları məbləğində faiz olmaqla, cəmi 114.800 ABŞ dolları məbləğində vəsaitin Cavabdeh onun xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 500 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı (Kreditor) ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alana 112.000 ABŞ dolları məbləğində borc verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini tam şəkildə icra etmək üçün borc alana 3 ay müddət (xx.xx.2023-cü il tarixinə qədər) verilməsinə baxmayaraq, borc alan hazırki dövrə qədər öhdəliklərini ümumiyyətlə icra etməmişdir. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə onunla bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2023cü il tarixli bildiriş göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamış və müxtəlif bəhanələrlə öhdəliklərin icra edilməsindən yayınılmışdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Həmçinin Konstitusiya Məhkəməsi həmin qərarda göstərir ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Yuxarıda qeyd edilənlərə əsasən diqqətə çatdırılır ki, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətindən 6 ay keçdiyinə görə iddiaçı bu müddət üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu hüquqa əsaslanaraq, iddiaçı kredit müqaviləsi üzrə 6 ay gecikdirilmiş müddət üçün illik beş faiz ödənilməsini tələb edir. 14 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc 112.000 ABŞ dolları məbləğində olduğuna görə, həmin müqavilə üzrə 6 ay gecikdirilmiş müddət üçün illik beş faiz dərəcəsi ilə ödənilməli olan məbləğ 2.800 ABŞ dolları təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh "xxxx"ın səhmdarıdır və onun 74 milyon manat səhmləri vardır. Cavabdehin kifayət qədər imkanı var onun iddiaçıdan 112.000 ABŞ dolları borc götürməsinə ehtiyacı yoxdur. Məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 14 dekabr 2022-ci il tarixdə Bakı şəhəri 9 saylı Notariat ofisində bağlanmış və təsdiq olunmuş 3M-1510 reyestr saylı kredit müqaviləsinə əsasən, Cavabdeh İddiaçı 14 mart 2023-cü il tarixədək qaytarmaq şərti ilə, faizsiz olaraq 112.000 ABŞ dolları borc almışdır. ABŞ dolları şəklində borc verilən məbləğ müqavilə bağlanan an məzənnə üzrə 190.400 manat təşkil etmişdir. Bakı şəhəri 9 saylı Notariat ofisinin xüsusi notariusu R.Z.Sadıqovun "xxxx" ASC-nin 6 saylı şöbəsinə ünvanladığı 14 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, onun tərəfindən təsdiq olunmuş yuxarıda adıçəkilən kredit müqaviləsi üzrə kredit məbləğinin borc alana verilməsi üçün bankda olan müvafiq depozit hesabına qəbul edilməsini xahiş etmişdir. Eyni tarixli xəzinə mədaxil orderlərindən görünür ki, İddiaçı müqavilə öhdəliklərini icra edərək, 112.000 ABŞ dolları pul vəsaitini (1 USD = 1,70 AZN məzənnə üzrə 190.400 manat) borc alan Cavabdeh verilməsi üçün bankın Nərimanov filialındakı depozit hesabına ödəmişdir. Eləcə də, qeyd olunan məbləğin 0,2 % hissəsində 380 manat 80 qəpik ödəniş də iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan bir neçə ay müddətinə qaytarmaq şərti ilə 112.000 ABŞ dolları borc almış, lakin o, iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Bu səbəbdən, iddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək, sonuncudan borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair» Qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Göründüyü kimi, iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bununla da, gecikdirilmiş vaxt üçün illik beş faiz borc məbləği xx.xx.2023-cü il tarixdən (kredit müqaviləsi üzrə borcun qaytarılmalı olduğu tarixdən) xx.xx.2023-cü il tarixədək (iddia tələbi ilə məhkəməyə müraciət edildiyi tarixədək) hesablanmaqla, 2.800 ABŞ dolları faiz borcu ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Cavabdehin nümayəndəsi iddiaya etirazını onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıdan borc almağa ehtiyacı yoxdur, iddiaçı bank səhmdarı olmaqla, dəyəri daha çox olan səhm paketinə sahibdir. Lakin məhkəməyə təqdim olunmuş sübutların məcmusundan göründüyü kimi, cavabdehin nümayəndəsinin iddia tələbinə qarşı bu şəkildə etirazı əsassızdır və hər hansı əsası olmayan subyektiv mülahizələrdir. Tərəflər notariat ofisində sərbəst iradə ifadələrinə uyğun olaraq müqavilə bağlayaraq, qarşılıqlı şəkildə öhdəliklər götürmüşlər, müqavilənin birinci tərəfi olan borc verən müqavilənin ikinci tərəfi olan borc alana pul vəsaitini real olaraq borc vermiş, cavabdeh isə həmin borcu vaxtında qaytarmamışdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 500 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.... Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 112.000 ABŞ dolları əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 % dərəcəsi ilə hesablanmaqla gecikdirilmiş vaxt üçün 2.800 ABŞ dolları faiz borcu ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun 485 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçı tərəfindən artıq ödənilmiş 15 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 112.000 ABŞ dolları əsas borc, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə əsasən illik 5 % dərəcəsi ilə hesablanmaqla gecikdirilmiş vaxt üçün 2.800 ABŞ dolları faiz borcu ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun 485 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 15 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-375/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-375/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver