Məhkəmə qərarları › İş №e-2(006)-3755/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3755/2025

08.10.2025 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3755/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil1, cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzilə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyatın aparılmasının qeydiyyatı aparan orqana həvalə edilməsi, iddiaçının cavabdehdən 11.000 manat pul tələbinin itirilmiş hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «mənzilə mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3M-47 reyestr nömrəli xx.xx.2022-ci il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzili üzərində onun, Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti ev 127, 18 saylı mənzil üzərində isə Cavabdeh mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan, X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, müqaviləyə uyğun onun Cavabdeh 11.000 manat miqdarında pul vəsaitini tələb etmək hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia obyekti olan mənzillər üzrə dövlət reyestrində qeydiyyatın aparılması və bu vəzifənin müvafiq dövlət orqanına - «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik Hüquqi şəxsinə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, **********46-05301-093013 saylı və **********91-05301- 093035 saylı reyestr qeydlərinin ləğv edilməsi, 3M-47 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzil üzərində onun, Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti ev 127, 18 saylı mənzil üzərində isə Cavabdeh mülkiyyət hüququnun tanınması, bu barədə müvafiq olaraq dövlət reyestrində qeydiyyatın aparılması və bu vəzifənin müvafiq dövlət orqanına – «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik Hüquqi şəxsinə həvalə olunması, sözügedən müqaviləyə uyğun iddiaçının cavabdehdən 11.000 manat miqdarında pul vəsaitini tələb etmək hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(006)-5021/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti ev 127, 18 saylı mənzil ümumi birgə mülkiyyət hesab edilərək, İddiaçı ilə Cavabdeh arasında bərabər hissələrdə bölünməsi və hər birinin həmin əmlakdakı payının 1/2 hissədə müəyyən edilməsi, Cavabdeh azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilin özünə aid hissəsinə köçürülməsi, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» xx.xx.2014-cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsinin İddiaçı, 1/2 hissəsi Cavabdeh aid edilməsi, Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsinin xx.xx.2021-ci il tarixdən başlanılması, 11.000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamənin icrasının qarşılıqlı razılıq əsasında barışıq yolu ilə həll etmək məqsədi ilə iddiaçı və cavabdeh aşağıdakı şərtlərlə 3M-47 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlamışlar: Tərəflərin öhdəlikləri: İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzil ümumi birgə mülkiyyət hesab edilərək, İddiaçı ilə Cavabdeh arasında bərabər hissələrdə bölünməsi və hər birinin həmin əmlakdakı payı 1/2 hissədə müəyyən edilməsi və Cavabdeh azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilin özünə aid hissəsinə köçürülməsi ilə bağlı: 1. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzil ümumi birgə mülkiyyət hesab edilərək, İddiaçı ilə Cavabdeh arasında bərabər hissələrdə bölünərək və hər birinin həmin əmlakdakı payı 1/2 hissədə müəyyən edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alındıqdan sonra həmin mənzil üzrə İddiaçı özünə məxsus 1/2 hissədə payını Cavabdeh bağışlamağı, bununla da həmin mənzilə olan sərəncam, sahiblik və istifadə hüquqlarını itirməsini, həmin mənzildən dərhal qeydiyyatdan çıxmaqla mənzili Cavabdeh təhvil verməyi, həmin mənzilin bağışlanılmasınadək Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» xx.xx.2014-cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh aid edilməsi və Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsinin xx.xx.2021-ci il tarixdən başlanılması ilə əlaqədar ödəniş gününə qalan borcun 1/2 hissəsinin İddiaçı tərəfindən ödənilməsini İddiaçı öz öhdəsinə götürür. 2. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilin özgəninkiləşdirilməsinə dair qabaqcadan notarial qaydada razılıq ərizəsini Cavabdeh verməyi və gələcəkdə həmin mənzil ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. 3. İddiaçı «İnfiniti G25 minik» markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 11.000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsindən imtina edir və həmin məbləğ ilə bağlı Cavabdeh qarşı heç bir tələb və iddiası yoxdur. Bununla bağlı icra icraatına xitam verilməsinə dair ərizə verməyi və gələcəkdə həmin məbləğ ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. 4. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzilini İddiaçı bağışlamağı, bununla da həmin mənzilə olan sərəncam, sahiblik və istifadə hüquqlarını itirir, həmin mənzildən dərhal qeydiyyatdan çıxmaqla mənzili İddiaçı təhvil verməyi, mənzilin özgəninkiləşdirilməsinə dair qabaqcadan notarial qaydada razılıq ərizəsini İddiaçı verməyi və gələcəkdə həmin mənzil ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. 5. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilin bağışlanılmasınadək Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» xx.xx.2014-cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh aid edilməsi və Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsi xx.xx.2021-ci il tarixdən başlanılması ilə əlaqədar ödəniş gününə qalan borcun 1/2 hissəsi Cavabdeh tərəfindən ödənilməsini Cavabdeh öhdəsinə götürür. İddiaçı və cavabdeh öhdəliklərinin icrasına yönələn hərəkətləri etmiş və ipoteka kreditinin özlərinə aid hissəsinin icrasını təmin etmişlər. Bundan başqa iddiaçı faktiki olaraq cavabdehə qarşı tələb hüququ olan 11.000 manat miqdarında pul vəsaitini cavabdehdən tələb etməməklə müqavilənin icrasına yönələn digər hərəkəti etmişdir. Göründüyü kimi, iddiaçı və cavabdeh tərəfindən əmlak üzərində qanuni rejim istisna edilməklə müqavilə rejimi tətbiq edilmiş və tərəflərin həqiqi niyyəti mülkiyyətlərində olan əmlakın dəyişdirilməsi olmuşdur. Həmin müqaviləyə əsasən iddiaçı və cavabdeh iddiaçıya aid Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilin ½ hissəsi və həmçinin 11.000 manat üzərində tələb hüququ ilə, Cavabdeh aid Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzili dəyişdirməyi öhdələrinə götürmüş və bunun üçün ilkin hərəkətləri belə edilmişdir. Lakin cavabdeh paylı mülkiyyətlərində olan mənzili istifadəsində saxlamaqla, digər mənzili kirayə vermiş, iddiaçı ilə bağladığı müqavilə üzrə öhdəliklərinin icrasına yönələn heç bir real addım atmamışdır. Qeyd edilənlərdən aydın olur ki, cavabdehin müqavilə üzrə öhdəliklərini könüllü icra etmək niyyəti yoxdur. Bu səbəbdən də, iddia predmeti olan əmlaklar üzərində müqavilə rejimindən irəli gələn öhdəliklər məhkəmə tərəfindən tətbiq edilməli, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzil üzərində cavabdehin, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzil üzərində isə iddiaçının mülkiyyəti müəyyən edilməlidir. Yuxarıda qeyd edilənlər cavabdehin öz sərbəst iradəsi ilə notarial qaydada imzası ilə təsdiq etdiyi müqavilə ilə tam təsdiqinin tapmaqdadır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, qarşı tərəf iş üzrə etiraz təqdim etmiş və iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. Bununla əlaqədar olaraq bildirir ki, qarşı tərəfin mövqeyi tamamilə əsassız olub, formal mülahizələrdən ibarətdir. İlk növbədə məhkəmənin diqqətini işin faktiki hallarına yönəltmək istəyir. Aydındır ki, heç kəs mübahisənin həlli məqsədilə «ilkin müqavilə» bağlamaz və belə bir müqavilə məhkəmə mübahisəsinə qədər gəlmiş tərəflər üçün «etibarlı liman» hesab oluna bilməz. Bu, hər iki tərəf üçün eyni dərəcədə keçərlidir və məhz bu məqam diqqətə alınmalıdır. Əgər tərəflər birinci instansiya məhkəməsinin gedişində və ya apellyasiya mərhələsində bu müqaviləni bağlamış olsa idilər, həmin sənəd mübahisənin yekunlaşdırılması məqsədilə imzalanmış saziş kimi qiymətləndiriləcək və məhkəmə qərarı ilə təsdiq ediləcəkdi. Bu halda sual yaranır: hansı «əsas müqavilə»dən söhbət gedə bilərdi? Məsələnin hüquqi tərəfinə gəldikdə isə, tərəflərin müqavilə bağlayarkən məqsədi daşınmaz əmlakların dəyişdirilməsi (barteri) olmuşdur. Bu məqsədlə ilkin addımlar atılmış, tərəflər birlikdə ipoteka krediti bağlanmış, iddiaçı ona ödənilməli olan vəsaiti – 11.000 manatı tələb etməmişdir. Lakin cavabdehin hərəkətsizliyi nəticəsində daşınmaz əmlakın dəyişdirilməsi prosesi tamamlana bilməmişdir. Burada məhkəmənin diqqətini xüsusilə ona yönəltmək istərdi ki, tərəflərin bağladığı sonrakı müqavilə mahiyyətcə əlavə müqavilə olub, əsas müqavilənin icrasını təmin etmək məqsədi daşıyır. Əgər müqavilənin obyekti daşınar əmlak olsa idi, tərəflər sadəcə əşyaları dəyişməklə öhdəliyi icra etmiş olacaqdılar və ayrıca müqavilə bağlanmasına ehtiyac qalmayacaqdı. Aydındır ki, müqavilənin növü onun obyektinə görə müəyyən edilmir. Əgər bu, «ilkin müqavilə» olsa idi, obyektin dəyişməsi müqavilənin hüquqi mahiyyətini dəyişməzdi. Qeyd olunanlardan nəticə olaraq görünür ki, burada söhbət «ilkin müqavilə»dən deyil, tərəflərin aralarındakı mübahisəni həll etmək məqsədilə bağladıqları «barışıq sazişi»ndən - əsas müqavilədən gedir. Bundan əlavə, qarşı tərəfin vəkili, hörmətli həmkarının analoji iş kimi təqdim etdiyi məhkəmə qərarına münasibət bildirmək istəyir. Qeyd edir ki, həmin qərar əslində onun mövqeyini və iddianın əsaslılığını təsdiqləyir. Belə ki, orada tərəflərin açıq-aşkar ifadə olunmuş iradələri birbaşa «ilkin müqavilə»nin bağlanması ilə bağlıdır və bu hal onların davranışlarından da aydın görünür. Halbuki indiki iş üzrə vəziyyət tamamilə fərqlidir və tərəflərin davranışları və işin halları bunun təsdiqidir. Bundan başqa, qeyd edir ki, cavabdehin anası X.Bağırova məhkəməyə ərizə təqdim etmiş və formal əsaslandırmalara istinad etməklə iddianın rədd edilməsini xahiş etmişdir. İlkin olaraq cavabdeh qeyd edir ki, mənzildən şəxsi ehtiyaclarını ödəmək üçün istifadə edir və iddianın təmin olunması onun vəziyyətini ağırlaşdıracaqdır. Lakin işin hallarından aydın görünür ki, iddianın təmin edilməsi cavabdehi evsiz qoymur, əksinə, o, əldə edəcəyi pay hesabına daha geniş və əlverişli mənzil əldə etmək imkanı qazanır ki, bu da onun anasının da yaşayış şəraitini yaxşılaşdırır. Bundan başqa, müqavilə tərəflərinin iradə ifadəsinin aydın olması, əqdin notarial təsdiqli olması bilavasitə əqdin mötəbər hesab edilməsi üçün kifayət hesab edilməlidir. Hər şey açıq-aşkardır, cavabdehin anası sadəcə öz hüquqlarından sui-istifadə etməklə müqavilənin etibarsızlığına nail olmağa çalışır. Qeyd edilənlərə əsasən hesab edir ki, ərizə nəzərə alınmamalı, iddia təmin edilməlidir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh qarşı 3M-47 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzil üzərində İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzil üzərində isə Cavabdeh mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsi, iddia obyekti olan mənzillər üzrə dövlət reyestrində qeydiyyatın aparılması və bu vəzifənin müvafiq dövlət orqanına – «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik Hüquqi şəxsinə həvalə olunması barədə iddiasını qəbul etmir və əsassız hesab edir. Hesab edir ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə «Razılaşma müqaviləsi»nin – «İlkin müqavilə»nin Mülki Məcəllənin 402-ci maddəsində nəzərdə tutulan anlayışına diqqət yetirilməlidir. Məlum olduğu kimi hüquq ədəbiyyatında müqavilələr yaratdıqları hüquqi nəticələrə görə əmlak müqavilələri və təşkilati müqavilələr deyə iki qrupa ayrılır. Əgər əmlak müqaviləsi əmlak və sair maddi nemətlərin verilməsini nəzərdə tutursa, təşkilati müqavilə belə nemətlərin verilməsi üzrə mülki hüquq münasibətlərinin yaradılmasını təşkil etmək vəzifəsini daşıyır. Bu baxımdan hal-hazırda iddiaçının istinad etdiyi müqavilə hüquqi təbiətinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsində nəzərdə tutulan ilkin müqavilədir, əslində təşkilati müqavilə qrupuna aiddir və ilkin müqaviləyə görə, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Yəni, ilkin müqaviləyə görə, əmlakın və ya digər maddi nemətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələrin bölüşdürülməsi nəzərdə tutulur. Hər bir halda ilkin müqavilədə əsas müqavilənin predmetini və digər mühüm şərtlərini müəyyən etməyə imkan verən şərtlərlə yanaşı, əsas müqaviləni tərəflərin hansı müddətə bağlamağı öhdələrinə götürmələri də nəzərdə tutulmalıdır. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402.1, 402.2, 402.3, 402.4, 402.5, 402.6-ci maddələrinə istinadən qeyd edir ki, iddiaçının istinad etdiyi müqavilə xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Həmin müqavilə üzrə öhdəliklərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 402.4-cü müqaviləsində nəzərdə tutulmuş bir il müddəti keçdiyi üçün cavabdeh X1 qeyd edilən müqavilədə nəzərdə tutulmuş öhdəliklərinə xitam verilmişdir. Odur ki, həmin müqavilədə göstərilən Bakı şəhəri, D.Əliyeva küçəsi, 253 saylı evin 122 saylı mənzilə dair mənzilin iddiaçıya bağışlanması haqqında müqavilə bağlamaq öhdəliyinə xitam verilmişdir. Belə olan halda iddiaçının qeyd edilən mənzil üzərində mülkiyyət hüququnun tanınmasının hüquqi əsasları hal-hazırda mövcud deyildir. Qeyd etdikləri, anoloji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1385/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərarının 69-73 cü bəndlərində ifadə olunmuş hüquqi mövqeyində öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1-ci maddəsində göstərilən əsaslardan heç biri mövcud deyildir. Çünki Mülki Məcəllənin 139-1.1.3cü maddəsində nəzərdə tutulmuş daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilə mövcud deyildir, belə ki, iddiaçının istinad etdiyi müqavilə yuxarıda qeyd etdiyi kimi əmlak müqaviləsi deyil, təşkilatı müqavilədir (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1385/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixli qərarının 69-73 cü bəndlərində ifadə olunmuş hüquqi mövqeyə görə). Mənzillər üzərində dövlət reyestrində qeydiyyatın aparılması və bu vəzifənin müvafiq dövlət orqanı olan «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik hüquqi şəxsinə həvalə edilməsi barədə iddia aidiyyəti üzrə rayon məhkəməsinə deyil, Azərbaycan Respublikası İPM-nin 2.1, 2.2, 2.2.1, 2.2.2, 2.2.3-ci maddələrinə əsasən inzibati məhkəməyə aiddir. İddiaçının tələbinin «mənzillər üzərində qeydiyyatın aparılması və bu vəzifənin müvafiq dövlət orqanı olan «Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞ-yə həvalə olunması» hissəsinə mülki qaydada baxıla bilməz, həmin iddia inzibati məhkəməyə aiddir. İddiaçının tələbinin «mənzillər üzərində qeydiyyatın aparılması və bu vəzifənin müvafiq dövlət orqanı olan «Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri» PHŞ-yə həvalə olunması» hissəsi üzrə həmin dövlət orqanı iş üzrə cavabdeh deyildir. İddiaçı xx.xx.2025-ci il tarixdə təqdim etdiyi iddia tələbinə əlavə ilə ərizə təqdim edərək **********46-05301-093013 saylı və **********91-05301-093035 saylı reyestr qeydlərinin ləğv edilməsi, 3M-47 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə uyğun olaraq Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzil üzərində İddiaçı, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzil üzərində isə Cavabdeh mülkiyyət hüququnun tanınması,bu barədə müvafiq olaraq dövlət reyestrində qeydiyyatın aparılması və bu vəzifənin müvafiq dövlət orqanına – «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» Publik Hüquqi şəxsinə həvalə olunması, sözügedən müqaviləyə uyğun iddiaçının cavabdehdən 11.000 manat miqdarında pul vəsaitini tələb etmək hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yuxarıda qeyd etdiyi kimi, hal-hazırda iddiaçının istinad etdiyi müqavilə hüquqi təbiətinə görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsində nəzərdə tutulan ilkin müqavilədir, əslində təşkilati müqavilə qrupuna aiddir və ilkin müqaviləyə görə, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Yəni, ilkin müqaviləyə görə, əmlakın və ya digər maddi nemətlərin verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələrin bölüşdürülməsi nəzərdə tutulur. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə daşınmaz əmlaka dair müqavilə deyildir, tərəflər arasında münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələrin bölüşdürülməsi haqqında müqavilədir. İddiaçının istinad etdiyi müqavilə xx.xx.2022-ci il tarixdə imzalanmışdır, iddiaçı məhkəməyə xx.xx.2025-ci ildə müraciət etmişdir. Yəni iddiaçı tərəfindən iddia müddəti 3 aydan çox buraxılmışdır. Qeyd etdiklərinə əsasən iddia müddəti iddiaçı tərəfindən buraxıldığına görə iddia müddətini tətbiq edərək, habelə iddiaya etirazda göstərilən halları nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, o, iddiaya etiraz edir. Belə ki, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzildən onun istifadə hüququ mövcuddur, o, həmin mənzildə 1997-ci ildən qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3, 152.7, 158.1, 158.1.2-ci maddələrinə istinadən qeyd edir ki, iddia tələbinin təmin ediləcəyi halda onun Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzil üzərində istifadə hüququ pozulacaq. Həmin evi o, qızı Aysel İqbalzadəyə hədiyyə etmişdir, ümid etmişdir ki, evi qızının mülkiyyətinə versə də, həmin mənzildən öz mülahizəsinə əsasən istifaqdə edə biləcək, lakin hazırki iddia təmin edilmiş olsa, onun bu hüququ pozulacaq. Bundan əlavə əgər müqavilə evin özgəninkiləşdirilməsi barədə müqavilə kimi qəbul edilsə evdən onun istifadə hüququ olduğu üçün o zaman onun da razılığı olmalı idi. Halbuki onun razılığı mövcud deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzili xüsusi mülkiyyət kimi tam pay üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 2435 saylı reyestr kitabının 226660 saylı vərəqində qeydiyyata alınmışdır. Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru A.Ə.Heydərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5021/2021 saylı icra sənədi icrasız olaraq məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası ƏMDX-nın DƏDK və Reyestri PHŞ-nın müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospekti, 468-472-ci məhəllə, 127 saylı evin 18 saylı mənzili bərabər paylarda (müvafiq olaraq 1/2 və 1/2 hissədə) olmaqla İddiaçı və Cavabdeh adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri 41 saylı notariat ofisində təsdiq olunmuş xx.xx.2022-ci il tarixli 3M-47 reyestr saylı razılaşma müqaviləsindən görünür ki, müqavilənin şərtləri aşağıdakılardan ibarətdir: bu razılaşma müqaviləsi Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(006)-5021/2021 saylı qətnaməsinin icrası ilə bağlı qarşılıqlı razılaşma yolu ilə həll edilməsindən ötrü İddiaçı və Cavabdeh arasında heç bir kənar təsir olmadan tərəflərin könüllü razılaşması əsasında imzalanmışdır. Tərəflər Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(006)-5021/2021 saylı qətnaməsinə əsasən «Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzil ümumi birgə mülkiyyət hesab edilərək, İddiaçı ilə Cavabdeh arasında bərabər hissələrdə bölünsün və hər birinin həmin əmlakdakı payı 1/2 hissədə müəyyən edilsin. Cavabdeh azyaşlı övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilin özünə aid hissəsinə köçürülsün. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» xx.xx.2014-cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh aid edilsin. Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsi xx.xx.2021-ci il tarixdən başlanılsın. 11.000 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin.» qət edilməsinin icrasını qarşılıqlı razılıq əsasında barışıq yolu ilə həll etmək niyyətindədirlər. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzil ümumi birgə mülkiyyət hesab edilərək, İddiaçı ilə Cavabdeh arasında bərabər hissələrdə bölünərək və hər birinin həmin əmlakdakı payı 1/2 hissədə müəyyən edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alındıqdan sonra həmin mənzil üzrə İddiaçı özünə məxsus 1/2 hissədə payını Cavabdeh bağışlamağı, bununla da həmin mənzilə olan sərəncam, sahiblik və istifadə hüquqlarını itirməsini, həmin mənzildən dərhal qeydiyyatdan çıxmaqla mənzili Cavabdeh təhvil verməyi, həmin mənzilin bağışlanılmasınadək Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilə dair «Alğı-satqı və ipoteka haqqında» xx.xx.2014-cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh aid edilməsi və Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsi, xx.xx.2021-ci il tarixdən başlanılması ilə əlaqədar ödəniş gününə qalan borcun 1/2 hissəsinin İddiaçı tərəfindən ödənilməsini İddiaçı öz öhdəsinə götürür. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilin özgəninkiləşdirilməsinə dair qabaqcadan notarial qaydada razılıq ərizəsini Cavabdeh verməyi və gələcəkdə həmin mənzil ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. İddiaçı «İnfiniti G25 minik» markalı, **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 11.000 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsindən imtina edir və həmin məbləğ ilə bağlı Cavabdeh qarşı heç bir tələb və iddiası yoxdur. Bununla bağlı icra icraatına xitam verilməsinə dair ərizə verməyi və gələcəkdə həmin məbləğ ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 253 saylı evin 122 saylı mənzilini İddiaçı bağışlamağı, bununla da həmin mənzilə olan sərəncam, sahiblik və istifadə hüquqlarını itirir, həmin mənzildən dərhal qeydiyyatdan çıxmaqla mənzili İddiaçı təhvil verməyi, mənzilin özgəninkiləşdirilməsinə dair qabaqcadan notarial qaydada razılıq ərizəsini İddiaçı verməyi və gələcəkdə həmin mənzil ilə bağlı heç bir tələb irəli sürməyəcəyini öz öhdəsinə götürür. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilin bağışlanılmasınadək Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 127, 18 saylı mənzilə dair «Alğısatqı və ipoteka haqqında» xx.xx.2014-cu il tarixli müqaviləyə əsasən yaranmış qalıq borcun 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh aid edilməsi və Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə ödənişlərin həyata keçirilməsi xx.xx.2021-ci il tarixdən başlanılması ilə əlaqədar ödəniş gününə qalan borcun 1/2 hissəsi Cavabdeh tərəfindən ödənilməsini Cavabdeh öhdəsinə götürür. Tərəflər bağışlama prosesini eyni vaxtda icra edəcəklər. xx.xx.2025-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh, X4, X2, X3 ünvan 1 ünvanda qeydiyyatdadırlar. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 21 iyun 2025-ci il tarixli 12- 3/2-3093/2025 saylı məktubundan görünür ki, İddiaçı 01 iyul 2014-cü il tarixli 873AİF nömrəli kredit müqaviləsi əsasında verilmiş güzəştli ipoteka krediti üzrə öhdəliklər 24 fevral 2022-ci il tarixdə tam icra edilmişdir. xx.xx.2025-ci il tarixli **********00 saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatıdDaşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. 373.2-ci maddsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 402.1-ci madəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. 402.6-cı maddəsinə əsasən niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə daha əvvəlki məhkəmə qətnaməsinin icrasından irəli gəlsə də, mülkiyyətlərində olan əmlaklar üzrə gələcək müvafiq sərəncamverici hərəkətlərin edilməsi ilə bağlı razılaşma müqaviləsi imzalanmışdır. Razılaşma şərtlərinə əsasən tərəflər müəyyənləşdirilməmiş müddət ərzində mülkiyyətlərində olan əmlakların bağışlanmasını şərtləşdirmişlər. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin Mülki Məcəllənin 402-ci maddəsində tərifi verilmiş ilkin müqaviləsi olması mübahisəsiz hesab edilməlidir, belə ki, həmin əqdin adının razılaşma müqaviləsi olmasından asılı olmayaraq tərəflər əqdin gələcəkdə müvafiq hərəkətlərin edilməsi istiqamətində ilkin mərhələdə razılaşma olmasını 6-cı bəndində bağışlama prosesinin eyni vaxtda icra ediləcəkləri şərti ilə təsdiqləmişlər. İddiaçı tərəf hər nə qədər də hazırki müqavilənin tərəflər arasında əmlakın əvəzləşdirmə (dəyişdirmə) müqaviləsi olmasına istinad etmiş olsa da, istər müqavilənin mahiyyətindən, istərsə də, həmin müqavilənin özlüyündə hüquqi nəticə doğurmamasından razılaşma müqaviləsinin ilkin müqaviləsi olması aşkardır. Tərəflər həmçinin bu ilkin müqavilə üzrə əsas müqavilənin bağlanması müddətini müəyyənləşdirmədiklərindən mülki qanunvericilklə müəyyən edilmiş 1 illik müddət nəzərə alınmalıdır. Belə olan təqdirdə isə ilkin müqavilə üzrə müəyyən edilmiş əsas müqavilə xx.xx.2022-ci il tarixdən sonrakı 1 il ərzində bağlanmadığından ilkin müqavilə özlüyündə əhəmiyyətini itirmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfindən yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın bütün tələblər üzrə rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzilə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyatın aparılmasının qeydiyyatı aparan orqana həvalə edilməsi, iddiaçının cavabdehdən 11.000 manat pul tələbinin itirilmiş hesab edilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (X4 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «mənzilə mülkiyyət hüququnun tanınması, dövlət reyestrində qeydiyyatın aparılmasının qeydiyyatı aparan orqana həvalə edilməsi, iddiaçının cavabdehdən 11.000 manat pul tələbinin itirilmiş hesab edilməsi» tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar