Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-38/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 mənzilinə vurulmuş maddi zərərin əvəzi qismində 500 manat, mənəvi ziyanın əvəzi qismində 500 manat pulun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi, eləcə də su qovşağının və vanna otağının təmirinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 48, 35 saylı mənzilin mülkiyyətçisidir. Mənzilindən yuxarı mərtəbədə yerləşən 38 saylı mənzil cavabdeh X3 məxsusdur. Hələ 2 il bundan əvvəl həmin evin mülkiyyətçisi Ülviyyə xanım ona məxsus mənzilə dəfələrlə su axıtmışdır. Nəticədə mənzilin bir hissəsi bərbad günə düşmüşdür. Həmin dövrdə ona müraciət etsə də, heç bir tədbir görməmişdir. Onun məsuliyyətsizliyinin nəticəsində həmin dövrdə mənzili yenidən təmir etdirmişdir. Lakin buna baxmayaraq, mənzilinin qonaq otağı yenə bərbad hala düşməyə davam edir. Dəfələrlə cavabdehə onun mənzilindən öz mənzilinə su axıdılması ilə bağlı iradlarını bildirsə də, tərəf buna heç bir müsbət reaksiya verməmişdir. Əksinə olaraq onu nalayiq sözlərlə təhqir etmiş və təmir işlərini qəsdən etdirməyəcəyini bildirmişdir. Onun ikinci dəfə belə bir məsuliyyətsizliyi artıq dözülməzdir. 2 il əvvəl bu xərci özü ödəsə də, artıq imkanı yoxdur. Eyni zamanda, dəfələrlə yerli MKİS-ə müraciət etmiş və onun da xəbərdarlığı nəticəsiz qalmışdır. Son olaraq xx.xx.2023-cü il tarixdə MKİS tərəfindən akt tərtib edilmişdir və cavabdeh bu barədə xəbərdardır. Qeyd olunan akta əsasən mənzilinin qonaq otağının tavanında paduqa və divarın mütəmadi olaraq su axması nəticəsində islanaraq qismən sıradan çıxması, araşdırma aparılaraq suyun cavabdehə məxsus vanna otağından axması və vanna otağının döşəməsinin sökülərək təmir olunması tövsiyə olunmuşdur. İddiaçı tərəfin vəsatəti əsasında mülki iş üzrə cavabdeh X5 əsl Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmənin tədqiq etdiyi: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi ÖM seriyalı 195184 saylı qeydiyyat vəsiqəsinə görə Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 48 saylı evin 35 saylı mənzili İddiaçı mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli, 3- 21-3-02/2-8178/2023 saylı məktubuna görə Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 48 saylı evin 38 saylı mənzili Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Nəsimi rayon 23 saylı MKİS-nin rəisi Y.Əliquliyev, mühəndisi Ə.Qasımov və sahə nəzarətçisi Ə.Quliyevanın iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta görə Moskva prospekti 48, mənzil 35 ünvanında yaşayan İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsi əsasında onun mənzilində olub baxış keçirmişlər. Baxış zamanı aşkar olunmuşdur ki, şikayətçinin mənzilinin qonaq otağının tavanında paduqa və divar mütəmadi olaraq su axması nəticəsində islanaraq qismən sıradan çıxmışdır. Tərəflərindən araşdırma aparılaraq aydınlaşdırılmışdır ki, su həmin binada X1 məxsus vanna otağından axmışdır. Tərəflərindən 38 saylı mənzildə yaşayanlara tövsiyyə olunmuşdur ki, qısa müddətdə onların yaşadığı 38 saylı mənzilin vanna otağının döşəməsi sökülüb təmir olunmalıdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 noyabr 2023-cü il tarixli, 10/6505 saylı rəyinə görə rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsi, yəni iddiaçıya məxsus 35 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 38 saylı mənzilin isə 35 saylı mənzilin üstündə yerləşdiyi, 35 saylı mənzilin tikililərində qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya aid olduğu, eləcə də 23 saylı MKİS-nin əməkdaşlarının 35 saylı mənzilə baxış keçirməsi barədə xx.xx.2023-cü il tarixli aktın məlumatları nəzərə alınaraq, ünvan 1 ünvanda yerləşən yaşayış evinin 35 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 38 saylı mənzildən su axıdıldığı və nəticədə 35 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, 38 saylı mənzilin qapısı bağlı olduğundan, həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 35 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Lakin su sızma hallarının baş vermə səbəbinə dair yuxarıda göstərilən amilləri nəzərə alaraq, 35 saylı mənzilə su sızması 38 saylı mənzilin su, kanalizasiya boru xətlərində qəza yaranması və ya 38 saylı mənzilin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən baş verə bilər. ünvan 2 ünvanda yerləşən yaşayış evinin 35 saylı mənzilinə baxış keçirilən zaman 38 saylı mənzildən 35 saylı mənzilə suyun axmadığı müəyyən edilmişdir. ünvan 1 evin 35 saylı mənzilinin tikililərində su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 359,0 manat məbləğində müəyyən olunmuşdur. - Məhkəmənin təkrar ekspertiza təyin etməsi nəticəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2025-ci il tarixli, 10/7686 saylı rəyi daxil olmuşdur. Rəyə görə 35 saylı mənzilin tikililərinin konstruktiv elementlərində (tavan, divar və s.) qüsürlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya xarakterik olduğu, həmçinin mülki iş materiallarına əlavə edilmiş məlumatları nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən 48 saylı evin 35 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən 48 saylı evin 38 saylı mənzilin qapısı bağlı olduğundan, 35 saylı mənzilə su sızmasının səbəbini dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri, Moskva prospektində yerləşən 48 saylı evin 35 saylı mənzildə faktiki olaraq su axmanın davam etmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Moskva prospektində yerləşən 48 saylı evin 35 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldıırlması üçün yerinə yetirələcək təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 507,0 manat məbləğində müəyyən olunmuşdur Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İşdən görünən odur ki, Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 48 saylı evin 35 saylı mənzili İddiaçı, Bakı şəhəri Nəsimi rayonu Moskva prospekti 48 saylı evin 38 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İddia tələbi ilə müraciət edən İddiaçıdır. İddiaçının bildirdiyinə görə mənzilə su axıdılıb. Su axıntısı nəticəsində mənzilinə zərər dəyib və maddi zərəri 500 manat qiymətləndirir. Su axıntısı uzun müddətdir ki, davam etdiyi üçün mənəvi zərərə də uğrayıb. Bu səbəbdən cavabdeh həm maddi zərəri, həm də mənəvi zərəri ödəməklə yanaşı yol verdiyi pozuntunu aradan qaldırmalıdır. Məhkəmə qeyd edir ki, iddia tələbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə ilə bağlı iddiaçı məhkəmədən öncə üst mənzildə yaşayan şəxslərə müraciət etmiş, müraciəti nəticə vermədiyi üçün mənzilin yerləşdiyi ərazi üzrə MKİS-nin əməkdaşlarına müraciət etmişdir. Qurumun əməkdaşları tərəfindən akt tərtib edilmiş, lakin məsələ öz həllini tapmadığı üçün mübahisə məhkəmənin həllinə verilmişdir. Məhkəmə işdə olan aktla kifayətlənməyib, mülki iş üzrə ekspertiza da təyin etmişdir. Lakin ekspertin təqdim etmiş olduğu xx.xx.2023-cü il tarixli rəyi ilə qərardadda göstərilən xüsusatlara görə razı olmayıb təkrar ekspertiza təyin etmişdir. 22 yanvar 2025-ci il tarixli ekspert rəyi ilə də iddiaçının mülkiyyətində olan mənzilə ziyan dəydiyi, ziyanın məhz su axıntısı nəticəsində yarandığı birmənalıdır. Rəydə üst mənzilin qapısının bağlı olmasına istinad edilib sözügedən mənzilə baxış keçirməyin mümkün olmadığı bildirilsə də, sübutların məcmusu yaranmış hadisədə 38 saylı mənzilin mülkiyyətçisinin, yəni cavabdehin təqsirli olmasını deməyə əsas verir. Dəymiş maddi ziyana görə məsuliyyət daşıyacaq şəxs cavabdeh olsa da, məhkəmə ekspertin rəyində göstərilən məbləğdə deyil (rəyə görə 507 manat), maddi ziyanı tələb edildiyi kimi 500 manat həcmində təmin etməyi mümkün hesab edir. Beləliklə də, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia təmin edilərək, mənzilə vurulmuş ziyana görə 500 manat pul vəsaiti (iddia tələbi həcmində) Cavabdeh tutularaq İddiaçı ödənilməli, eləcə də tərəflər arasında gələcəkdə yarana biləcək məhkəmə mübahisələrinin qarşısının alınmasından ötrü Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 48 saylı evin 35 saylı mənzilinə su sızmasına səbəb olmuş nazaslığın aradan qaldırılması vəzifəsi həvalə edilməlidir. Bundan başqa, iddia tələbi ilə müəyyən olunur ki, iddiaçı əmlakına dəymiş ziyana görə maddi ziyan tələb etməklə yanaşı keçirdiyi sarsıntılara görə mənəvi ziyan da tələb edir. Məhkəmə mənəvi ziyan tələbi ilə bağlı aşağıdakıları qeyd edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda aparılmış aradırma ilə iddiaçının mənzilinə ziyan dəydiyi aşkardır. Dəymiş ziyan aktlaşdırılmış, aktlarla hadisənin 2023-cü il tarixdən etibarən baş verdiyi, eləcə də dəfələrlə təkrarlandığı müəyyən edilmişdir. Cavabdeh tərəf dəymiş ziyanı qarşılamaq, eləcə də bu halın baş verməməsi üçün tədbir görmək əvəzinə məsələnin həllində heç bir təşəbbüs göstərmədiyi üçün iddiaçı mövcud vəziyyətdə mənzildə yaşamaq məcburiyyətində qalmışdır. Bütün baş verənlər isə onda əsəb, stres keçirməsinə, şüurunda müəyyən mənfi reaksiyaya səbəb olduğu üçün dəymiş mənəvi ziyan bir növ də olsa kompensasiya edilməli, mənəvi ziyanın həcmi 50 manat məbləğində müəyyən edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi zərərə görə 500 manat və mənəvi zərərə görə 50 manat olmaqla, cəmi 550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh tutularaq İddiaçı ödənilməli; Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 48 saylı evin 35 saylı mənzilinə su sızmasına səbəb olmuş nazaslığın aradan qaldırılması vəzifəsi qoyulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə ekspertin təqdim etdiyi xx.xx.2025-ci il tarixli rəyi mötəbər sübut kimi qəbul etdiyi üçün həmin rəyin tərtib edilməsindən ötrü aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün vurulmuş maddi zərərə görə 500 manat və mənəvi zərərə görə 50 manat olmaqla, cəmi 550 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi rayonu Moskva (Tbilisi) prospekti 48 saylı evin 35 saylı mənzilinə su sızmasına səbəb olmuş nazaslığın aradan qaldırılması vəzifəsi qoyulsun. İddia qalan hissədə rədd edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-38/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-38/2025
08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver