Məhkəmə qərarları › İş №e-2(006)-3805/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3805/2022

10.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3805/2022 10.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh borca görə 17.700 ABŞ dolları və 195 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə qardaşdırlar. Münasibətləri daim yaxşı olmuşdur. Böyük qardaş kimi hörmətini saxlamışdır. Cavabdeh Bakı şəhəri “Skazka” restoranının yaxınlığında özünə məxsus evdə yaşayır və fərdi əməklə məşğul olurdu. İddiaçı isə İsmayıllı rayonu, Basqal kəndində “Əmrəki” adlanan restoranın sahibi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. 1999-cu ildə “Əmrəki” restoranını sataraq ilk olaraq beh almışdı. Alqı-satqı başqa obyekti almağı düşünürdü. Bunu cavabdeh və başqa yaxın qohumları bilirdi. Həmin dövrdə Cavabdeh, digər qardaşı Zahid Dəmirov və o görüşdülər. X1 Dəmirovun 10.000 ABŞ dollar borcu olduğunu, mənzilini borcun təminatı kimi girov qoyduğunu, borcu verə bilmədiyi üçün mənzilinin əlindən çıxacağını, qanuni istifadəsində olan 0.20 ha həyətyanı torpaq üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmağı üçün sata bilmədiyini bildirib ona 10000 ABŞ dolları borc pul verməyini xahiş etdi. Cavabdeh torpaq sahəsinin 20000 ABŞ dolları dəyəri olduğunu, borcunu qaytara bilmədiyi halda torpaq sahəsinin 0.10 ha-nı onun adına keçirəcəyini bildirdi. O da 10000 ABŞ dollar pulu həmin anda qardaşına borca verdi. Bundan təxminən 3-4 ay sonra Cavabdeh əlavə olaraq 2000 ABŞ dolları pul borc aldı. 2008-ci ildə Zahid Dəmirov vasitəsilə Cavabdeh 3500 ABŞ dolları borc pul verdi. Cavabdeh torpaq sahəsinə aid sənədləri ona verib torpağa sahiblik etməyi tapşırdı. 2015ci ilin dekabr ayında Cavabdeh Rusiya Federasiyasında cinayət hadisəsi törətdiyi üçün həbsə alınmış, onu köməyə çağırmışdır. O, Kazan şəhərinə gedib zərərçəkmiş şəxsə vurulmuş maddi və mənəvi zərəri ödəyib barışıq əldə etmiş, məhkəmənin yekun qərarı verilənə kimi xərcləri çəkmişdir. Qardaş kimi həmin xərcləri ödəməyi özünə borc bilmiş və adını belə çəkməmişdir. Cavabdeh tapşırığı ilə Şahin adlı şəxsə 2500 ABŞ dolları borc pul vermişdir. Bununla da Cavabdeh ümumilikdə 18000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh cəzasını çəkib qurtardıqdan sonra 2017-ci ildə Azərbaycan Respublikasına gəldi. Onunla görüşdə 18000 ABŞ dollar borcu qaytara bilməyəcəyini bildirib torpaq sahəsini almağını və yaxud satmağını, borcunu çıxıb qalan pulu ona verməyini xahiş etdi. Onun pula ehtiyac olduğunu bildirib başqa şəxsə satmaqlarının yaxşı olduğunu bildirdi. Müştərilərə həddən artıq baha qiymət təklif etdiyi üçün alqı-satqı baş tutmamışdır. Cavabdeh sonuncu dəfə 2021-ci ilin fevralayında ona olan 18000 ABŞ dolları borcunu 2022-ci ilin may ayına kimi ödəyəcəyini, əks halda torpaq sahəsini notarial qaydada bağışlama və ya alqı-satqı yolu ilə adına keçirəcəyi barədə öhdəlik götürdü. 2022-ci ilin may ayında Cavabdeh mobil telefonla zəng edib götürdüyü öhdəliyin müddətinin tamam olduğunu xatırladıb borcunu istədi. O, torpaq sahəsini sata bilmədiyini bildirib gözləməyini xahiş etdi. Sonuncu dəfə qardaşları Asifin övladının toy şənliyində görüşdülər. Cavabdeh 300 ABŞ dolları hesabı ilə ona 500 manat pul verdi. Qalan pulu isə yalnız torpaq sahəsini satdıqdan sonra verəcəyini bildirdi. İddiaçı ağır xəstəliyə düçar olmuş, yataq xəstəsidir. Pensiyasından başqa gəliri yoxdur. Cavabdeh bunu bildiyi halda ona olan borc pulu qaytarmır. Cavabdeh 18000 ABŞ dolları borclu olduğunu qardaşları mobil telefon nömrəsi də təsdiq edə bilər. Bundan başqa iddiaçı məhkəməyə iddia ərizəsi təqdim etmək üçün 195 manat dövlət rüsumu ödəmişdir. İddianın təmin olunduğu halda həmin məbləğ cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, İddiaçı iddia ərizəsində göstərdiyi məsələlər tamamilə qərəzli və yalan, şər və böhtan xarakteri daşıyır. Belə ki, iddiaçı iddia ərizəsində göstərdiyi 18000 dollar ona borc verməsi barədə göstərdiyi hallar obyektiv həqiqəti əhatə etmir. Bununla yanaşı bildirmişdir ki, iddiaçı onun İsmayıllı rayonunun Zeyvə bələdiyyəsindən aldığı 1 hektar torpaq sahəni təxminən 2008-ci ildə onun Rusiyadan göndərdiyi etibarnamə əsasında torpağı eşitdiyinə görə 18000 ABŞ dollarına satmış və bunun müqabilində 12000 dollar pul vermiş və qalan hissəsini də verəcəyinə söz vermişdir. O da bir qardaş kimi ona inandı, qardaşı onu aldatmaz. Lakin, bu vaxta qədər ona bu pul ödənilməmişdir. Həmin vaxtdan, yəni 2008-ci ildən onların aralarında soyuqluq yaranmışdır. Həmçinin, onun İsmayıllı rayonunun Zeyvə Bələdiyyəsindən aldığı 1 hektar torpaq sahəsinə bitişik 30 sot torpaq sahəsinin sənədlərini mənimsəmiş və o, ondan bunu tələb etdiyi üçün onunla düşmənçilik aparmağa başlamış və yalan və böhtan xarakterli iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Digər tərəfdən iddiaçı “qardaşı” İddiaçı “Əmrəki” restoranını satan zaman da həmin ilin aprel ayında onu dəvət etdi ki, “buranı sən işlət, qazanılan pula isə şərik olacayıq”. O, həmin ərəfədə, yəni restoranı işlətdiyi müddətdə ona 43575 manat pul verməyinə baxmayaraq, dediyinə əməl etməmiş, yəni qazanılan pulun hamısını mənimsəmişdir və bugünə qədər o puldan bir manat da olsun belə ona verməmişdir. İddiaçı iddia ərizəsində göstərir ki, qardaşı oğlu Asifin övladının toyunda o, ona 300 dolların əvəzində 500 manat pul vermişdir. Bu böhtan və yalanı sadəcə olaraq iddia müddətinin bərpa edilməsi baxımından yazılmış kimi qiymətləndirir. Faktiki olaraq isə belə bir şey olmamış, çünki onun ona heç bir borcu olmamışdır. Həmçinin, onu da bildirmişdir ki, həmin toya iki nəfər getmişlər və iki nəfərin əvəzinə borc aldığı 100 manat pul salmışdır. Həmin toyda o nəinki ona pul vermişdir, stolun üstündə milçəyə baxmışdır, lakin onun şeytan üzünə baxmamışdır. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, böyük qardaşı İddiaçı 2008-ci ildə Rusiyadan Azərbaycana gəldi. Gəldikdən sonra Naxçıvanda yerləşən kirayə ev üçün 3500$ verərək, onun evin sahibinə verməyini dedi. O da apardı pulu həmin ev sahibinə verdi. Onun hər iki qardaşı ilə münasibəti yaxşıdır. Təkcə 3500 ABŞ dolları olan məsələdən xəbəri vardır, qalan söhbətlərdən xəbəri yoxdur. Məhkəmə əvvəlki məhkəmə iclasında dindirilən şahid ifadəsini də nəzərə alaraq, hazırki məhkəmə iclasında tərəflərin izahatını dinləyib və qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən 195 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdeh borc pul verməsi ilə bağlı ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Mülki prosessual qanunvericiliyinə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair dair iddia ərizəsi qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, bu hissə əsas tələblə birbaşa bağlı olduğundan və əsas tələb də təmin edilmədiyindən iddia qaldırılması üçün ödənilmiş 195 manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar