Məhkəmə qərarları › İş №e-2(006)-3826/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3826/2022

16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3826/2022 16.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Səmədov Rəşid Əfraim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, M.Elm/064 №-li "xxxx" kartından istifadəyə dair müqaviləyə əsasən ona 1000 (bir min) manat nominalında "xxxx" kartı verilmiş və həmin kart vasitəsilə müvafiq məbləğdə məhsul alaraq hər ay 200 (iki yüz) manat olmaqla 5 (beş) ay ödəniş etmək öhdəliyi müəyyənləşdirilmişdir. Borclu müvafiq kartdan istifadə edərək 1000 (bir min) manat dəyərində alışveriş etmişdir. Borclu Cavabdeh müqavilə üzrə ümumilikdə 727 (yeddi yüz iyirmi yeddi) manat ödəmiş, lakin borcun qalıq hissəsini təşkil edən 273 (iki yüz yetmiş üç) manat məbləğinə görə heç bir ödəniş etməmiş, nəticədə şirkət qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Bununla borclunun ümumi ödəmədiyi əsas məbləğ 273 (iki yüz yetmiş üç) manat təşkil etmiş və 1160 (bir min bir yüz altmış) gün gecikməsi olmuşdur. Müqavilənin 6.2-ci bəndinə əsasən gecikdirmənin hər günü üçün qalıq borcun 0,3%-i məbləğində olmaqla 950 (doqquz yüz əlli) manat məbləğində dəbbə pulu hesablanmışdır. Şirkət tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borcluya telefon vasitəsilə şifahi formada bildiriş göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan müqavilə üzrə əsas borc və hesablanmış dəbbə pulu haqqında məlumat verilmiş və onların 10 (on) gün ərzində şirkətə ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 273 manat əsas borc və hesablanmış 950 manat dəbbə pulunu, ümumilikdə isə 1223 manat məbləğində borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 32,23 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, M.Elm/064 saylı "xxxx" kartından istifadəyə dair müqaviləyə əsasən MMC tərəfindən Cavabdeh 1000 (bir min) manat nominalında "xxxx" kartı verilmiş və həmin kart vasitəsilə müvafiq məbləğdə məhsul alaraq hər ay 200 (iki yüz) manat olmaqla, 5 (beş) ay ödəniş etmək öhdəliyi müəyyənləşdirilmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh MMC-yə 273 manat əsas borcu, 950 manat cərimə borcu, cəmi 1223 manat məbləğində borcu mövcuddur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, M.Elm/064 saylı "xxxx" kartından istifadəyə dair müqaviləyə əsasən MMC tərəfindən Cavabdeh 1000 (bir min) manat nominalında "xxxx" kartı verilmiş və həmin kart vasitəsilə müvafiq məbləğdə məhsul alaraq hər ay 200 (iki yüz) manat olmaqla, 5 (beş) ay ödəniş etmək öhdəliyi müəyyənləşdirilmiş, cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun MMC-yə ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə pulu ilə bağlı hissədə qismən təmin edilərək cərimə pulu 27 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 273 (iki yüz yetmiş üç) manat əsas, 27 (iyirmi yeddi) manat cərimə, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul və 32,23 (otuz iki manat, iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkləə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 273 (iki yüz yetmiş üç) manat əsas, 27 (iyirmi yeddi) manat cərimə, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul və 32,23 (otuz iki manat, iyirmi üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar