Məhkəmə qərarları › İş №e-2(006)-3826/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3826/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3826/2024 16.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Miriyeva Həbibə Novruz qızı, İddiaçı borcun silinməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv etmə prosesində olan Bank Standard KB QSC üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələb edilən 32,08 AZN kredit qalığı, və gecikməyə görə hesablanmış 198.01 AZN faiz məbləği,cəmi 230,09 AZN əsassız və qanunsuz məbləğində borcun onun adından silinməsini və bu əsassız, qanunsuz borc tələbinə görə 5247 gün müddətinə gecikmənin Mərkəzləşdirilmiş Kredit Məlumatları reyestrindən silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: - iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); - iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Göründüyü kimi mülki prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblər (ərizədə mütləq qaydada göstərilməli olan hallar), habelə iddia ərizəsinə əlavə edilməli olan sənədlərin siyahısı konkret olaraq müəyyən edilmişdir ki, həmin tələblərə riayət edilməməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələbləri baxımından iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki-prosessual qanunvericiliyin təhlilindən aydın olur ki, iddia icraatında (MPM-nin 12- 23-cü fəsilləri) baxılan işlər üzrə tərəflər qismində iddiaçı və cavabdeh çıxış edir. İddia tələbi dedikdə onun cavabdehi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur etmək məqsədilə cavabdehə qarşı yönəltdiyi və təmin olunmasını məhkəmədən xahiş etdiyi tələb başa düşülür. Bu tələb işdə iştirak edən şəxslər arasındakı mübahisəli hüquq münasibətlərindən irəli gəlir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən təqdim edilmiş ərizə iddia ərizəsinin Məcəllə ilə müəyyənləşdirilmiş forma və məzmununa uyğun olmadan tərtib edilərək təqdim edilmişdir. Belə ki, işdən görünür ki, İddiaçı qaldırdığı iddiaya cavab verməli olan şəxs(lər)i (fiziki və ya hüquqi), habelə öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını iddia ərizəsində göstərməmişdir ki, bu da prosessual qanunvericiliyə əsasən iddia ərizəsinin forması və məzmunu ilə bağlı tələblərin pozulduğu qənaətinə gəlməyə əsas verir. Bundan başqa, iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı LPO Bank Standard KB QSC tərəfindən ona əsassız və qanunsuz olaraq əsas və faiz borclarının hesablandığını bildirərək həmin borcların silinməsini tələb edir. Lakin iddiaçı bununla bağlı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına riayət etməsi barədə iddia ərizəsinə hər hansı sənəd əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa Mülki Prosessual Məcəllənin 108.1.1-ci maddəsinə əsasən, iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Həmin Məcəllənin 108.2-ci maddəsinə əsasən, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Hazırki halda iddia tələbi qiymətləndirilməyən iddia tələbi olduğundan iddia ərizəsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Lakin iddiaçı tərəfindən dövlət büdcəsinə 20 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlar hazırki işin məhkəmə icraatını qeyrimümkün edir. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı borcun silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. Eyni zamanda iddiaçıya sadalanan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı borcunun silinməsi tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar