Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3835/2023 21.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdeh "xxxx" MMC-yə qarşı «müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin məcburi qaydada ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankı cavabdeh "xxxx" MMC-yə qarşı «müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin məcburi qaydada ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan cəmiyyətin məcburi qaydada ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3032/2023 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdeh "xxxx" MMC-yə qarşı «müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin məcburi qaydada ləğv edilməsi» tələbinə dair iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Qərardadda qeyd edilmişdir ki, publik hüquqi şəxs olan X1 irəli gələn sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsə verilmiş lisenziyanı ləğv etmək və lisenziya sahibinin məcburi qaydada ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq hüquqları vardır. Həmçinin aydın olur ki, qeyd olunan fəaliyyət Mərkəzi Bankın qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəlmir. Tərəflər arasındakı hüquq münasibətlərinin xarakteri hər iki tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlmir. Belə olan halda məhkəmə qeyd edir ki, hazırki mübahisənin predmetini təşkil edən tələbin və tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin tərəflərdən yalnız birinin, yəni cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Məhkəmə işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mövcud iddia tələbi əsasında Bakı Kommersiya Məhkəməsi tərəfindən göndərilmiş işin icraata qəbul edilməsindən imtina edilməli və işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası məhkəmələrində işlərə birinci instansiya, apellyasiya və kassasiya instansiyaları üzrə baxılır. Rayon (şəhər) məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş mülki, cinayət işlərinə, inzibati xətalara dair və digər işlərə, inzibati məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş inzibati mübahisələrə dair işlərə, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır (“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu). Mübahisənin bu və ya digər məhkəməyə aidiyyətinin müəyyən edilməsi üçün prosessual qanunvericilikdə müfəssəl qaydalar müəyyən edilmişdir. Bu qaydaların təhlili onu göstərir ki, mülki mübahisənin rayon (şəhər) məhkəmədə baxılması, həmin mübahisənin ixtisaslaşmış məhkəmələrdə baxılmalı olmadığı hallarda mümkündür. Azərbaycan Respublikasında inzibati və kommersiya məhkəmələrində baxıla bilən mübahisələrin dairəsi dəqiq olaraq qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 11-ci bəndində qeyd olunmuşdur ki, MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən mövcud iddia tələbi baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə düzgün olaraq göndərilməmişdir. Buna görə işin icraata qəbul edilməsindən imtina edilərək, işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda kasasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikasının Mərkəzi Bankının cavabdeh "xxxx" MMC-yə qarşı «müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan hüquqi şəxsin məcburi qaydada ləğv edilməsi» tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilsin. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-3835/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3835/2023
21.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver