Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-385/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə borcun restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ASC arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli 171 SF nömrəli Kredit Sazişinin restrukturizasiya olunması və Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq onunla yeni müqavilə bağlanmasının cavabdeh Əmanətlərin Sığortalanması Fondu LPO Cavabdeh ASC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC ilə bağlanmış 30 oktyabr 2013-ci il tarixli 171 SF nömrəli (Müştərilərə Kreditləşmə və Xidmət şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirən) Kredit Sazişinə əsasən, Bank ona illik 6 % dərəcəsi ilə 36 ay müddətinə ödənilməsi şərti ilə 15.000 manat məbləğində kredit vəsaiti vermişdir. O, 2015-ci il tarixə kimi kredit ödənişlərini vaxtında etmişdir, lakin sonradan ödənişlərində gecikmələr yaranmışdır. Kreditin aylıq ödənişlərinin gecikməsinə səbəb iş yerinin bağlanması və işsiz qalması olmuşdur. Kredit ödənişlərində gecikmə etdiyinə görə mütəmadi olaraq ona və ailə üzvlərinə Bankın Problemli kreditlərlə iş şöbəsindən əməkdaşların zəngləri başlamış, onu məhkəməyə verəcəklərini, barəsində daha ciddi tədbirlərin görüləcəyini bildirmişlər. Belə ki, onunla cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 5.883,85 manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış, lakin Cavabdeh ASC tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən həmin Fərman baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə qəbul olunmuşdur. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara tövsiyə olunmuşdur ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 8-ci bəndinə əsasən bu Fərmanın məqsədləri üçün kredit borcu dedikdə fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar (8.6-cı bənd), restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi müəyyən edilmişdir (8.7-ci bənd). Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27 mart 2019-cu il tarixli, ********** saylı qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə haesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 6.3-cü bəndinə əsasən kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Həmin Qaydanın 1-ci bəndinə əsasən bu Qayda «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Həmin Qaydanın 7-10-cu bəndinə əsasən restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən aşağıdakılar təmin olunur: 7.10.1. ən azı aşağıdakı məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması): 1. Fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif edən kredit təşkilatının (baş ofis, filial) adı, ünvanı, əlaqə vasitələri; 2. Fiziki şəxsin kredit borcunun restrukturizasiya olunmasına dair yeni müqavilə bağlanmsı üçün şəxsiyyətini təsdiq edən sənədi gətirməli olduğu barədə məlumat. Hesab edir ki, iddiaçı kimi onun kredit öhdəliklərinin restrukturizasiya olunması təklif olunan kreditlər siyahısına düşməsinə baxmayaraq, cavabdeh tərəfindən ona kreditin restrukturizasiya olunması üçün Banka müraciət etməsi barədə bildiriş göndərilmədiyindən iddiası təmin edilməlidir. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatsa da, fərmanın icra olunması ilə əlaqədar mövcud təcrübədə bütün restrukturizasiya olunmalı kreditlərin hal-hazırkı günədək tam restrukturizasiya olunmadığı məlumdur. Mübahisəli kredit müqaviləsinin vaxtında restrukturizasiya olunmaması barədə ona heç bir məlumat verilməməsi hüquqlarının pozulması ilə nəticələnmişdir. Fərmanın müəyyən etdiyi qaydalara riayət etdikdən sonra əsas borcu ödəyəcəyini Banka bildirmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Cavabdeh ASC-nin (hazırda ləğv prosesində olan) İmişli filialı ilə İddiaçı arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli 171 SF saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borc alana 36 ay müddətinə illik 6 % ödənilməsi şərti ilə 15.000 manat kredit verilmişdir. Kredit heyvandarlığın inkişafı üçün ayrılmışdır. - 01 noyabr 2013-cü il tarixli 427 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün tərəflər arasında ipoteka müqaviləsi bağlanmış və müqavilənin 2.1-ci bəndində göstərilən ipoteka predmeti (İmişli şəhəri Məşədi Əzizbəyov küçəsi dalan 1 ev 4 ünvanda yerləşən fərdi yaşayış evi) bank qarşısında yüklü edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli rayon Şöbəsinin 28 sentyabr 2022-ci il tarixli 430 saylı arayışından görünür ki, 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Əfqanıstan Demokratik Respublikasında Beynəlmiləl borcunu yerinə yetirmişdir, Əfqanıstan Müharibəsi veteranıdır. - Problemli kreditlərin kompensasiyası ilə əlaqədar 05 avqust 2023-cü il tarixli çıxarışdan görünür ki, iddiaçının bank qarşısında 5.883 manat 85 qəpik borcu qalmışdır. Həmin borc məbləği restrukturizasiya olunması təklif edilən kredit kimi qeyd olunmuşdur. - 28 avqust 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məktubla müraciət edərək, yuxarıda qeyd olunan həmin kredit borcunun restrukturizasiya olunmasını və Fərmanın tələblərinə uyğun yeni müqavilə bağlanmasını xahiş etmişdir. - LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 07 sentyabr 2023-cü il tarixli **********844 saylı məktubundan görünür ki, İddiaçı restrukturizasiya ilə bağlı müraciətinə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin «Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanı çərçivəsində Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan banklarda maliyyə bazarlarına nəzarət orqanının xx.xx.2019-cu il tarixli «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»na əsasən restrukturizasiya əməliyyatlarının həyata keçirilməsi təmin edilir. Sözügedən Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. İddiaçıdan yuxarıda qeyd edilənlərin nəzərə alınması xahiş olunmuşdur. Araşdırılmış iş materiallarından göründüyü kimi, hazırda iddiaçıya aid qalıq borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Hazırda cavabdeh güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanmadığını iddiaçının vaxtında LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməməsi ilə əlaqələndirsə də, işdə olan sübutlardan göründüyü kimi, yuxarıda adı çəkilən Fərmana əsasən iddiaçının bankla bağladığı kredit müqaviləsi üzrə borcuna kompensasiya məbləği hesablanmış və iddiaçının kredit borcundan silinmişdir. Lakin ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanaraq aidiyyəti banklara təqdim olunmuş siyahıda iddiaçı ilə "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya edilməsi göstərilməmişdir. Halbuki, onun adı, eləcə də restrukturizasiya edilməsi təklif olunan məbləğ həmin siyahıda göstərilməli idi. İddiaçı da ona restrukturizasiya edilməsi təklif edilən məbləğlə tanış olaraq, banka müvafiq qaydada müraciət etməli idi. İddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin həmin siyahıda göstərilməməsi, iddiaçını vaxtında aidiyyəti üzrə rəsmi şəkildə müraciət etmək hüququndan məhrum etmişdir. Məhkəmə qeyd olunan halı Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl olunmaması kimi qiymətləndirərək hesab edir ki, iddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin müvafiq siyahıda göstərilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Həmin Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi və İddiaçı ilə yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 30 oktyabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi və İddiaçı ilə yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-385/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-385/2024
30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver