Məhkəmə qərarları › İş №e-2(006)-3853/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3853/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3853/2025 21.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı «X8 Azərbaycan» QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «X8 Azərbaycan» QSC kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada əsas məbləğ üzrə borc: 593.73 manat, hesablanmış və ödənilməmiş faiz borcu 66.49 manat, cərimə borcu 186.47 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 4.00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0.00 manat, cəmi borc: 850.69 manat məbləğində kredit borcu, həmçinin dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində dövlət rüsumunun «X8 Azərbaycan» QSC-nin хeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə «X8 Azərbaycan» QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı borc tələbinə dair kiçik iddia qaydasında ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılışdır ki, xx/xx/2013-cü il tarixdə «X8 Azərbaycan» QSC və Mikayılova İlhamə Sabir qızı arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Mikayılova İlhamə Sabir qızına istehlak yönümlü 1200 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) açılmış və “Kart/əlavə kart sahibi” həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. «X8 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalan Mikayılova İlhamə Sabir qızı kredit müqaviləsinin şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, Mikayılova İlhamə Sabir qızı xx.xx.2024-cü il tarixində vəfat etmişdir. 1 saylı “ASAN xidmət” notariat ofisinə ünvanlanan vəkil sorğusuna cavab olaraq Banka təqdim edilmiş 01 iyun 2025-ci il tarixli, 924 nömrəli məktubundan müəyyən olunmuşdur ki, vərəsəlik işi açılmış və onun vərəsələri – Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4dır. Onlar mirası qəbul etmiş vərəsələrdir. Vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vərəsələr Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 rəhmətə getmiş Mikayılova İlhamə Sabir qızının banka olan borcu barədə məlumatlı olmuşlar. Lakin, üzərinə düşən öhdəliyi yerinə yetirməmişlər. Cavabdehlərin qarışıq müqavilə üzrə öhdəliklərin lazımı qaydada yerinə yetirmədiyinə görə “X8 Azərbaycan” QSC qarşısında borc hal-hazırda əsas məbləğ üzrə borc 593.73 manat, hesablanmış və ödənilməmiş faiz borcu 66.49 manat, cərimə borcu 186.47 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 4.00 manat, bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0.00 manat, cəmi borc 850.69 manat məbləğində təşkil edir. Müqavilənin 4.21.2-ci bəndinə əsasən “Bank”ın “Kart/əlavə kart sahibi”nin istifadə etmiş olduğu vəsaiti (krediti) və vəsait (kredit) üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri (haqları) vaxtında, müqavilə ilə müəyyən edilmiş şərtlərlə qaytarılması tələb etmək, tələbləri yerinə yetirilmədikdə kartın fəaliyyətini dayandırmaqla (bloklaşdırmaqla), borcun qaytarılması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirmək, o cümlədən məhkəməyə müraciət etmək hüququ vardır. Müqavilənin 4.22.3-cü bəndinə əsasən “Kart/əlavə kart sahibi” kredit kartından istifadə nəticəsində yaranmış borcunu(larını) və/və ya borcu üzrə faizləri, komissiya və digər nəzərdə tutulmuş ödənişləri vaxtında və müqavilə ilə müəyyən edilmiş şərtlərlə ödəmək (qaytarmaq). Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə yaranmış borclarıın geri qaytarılması ilə bağlı “Bank”ın çəkdiyi (çəkməli olduğu) bütün xərclərin əvəzini, habelə əldən çıxmış faydasını “Bank”a ödəmək vəzifəsini daşıyır. «X8 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, bоrcalanın vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 kredit kart müqaviləsi üzrə tam ödəməyə borclu olduğu halda, müqavilə şərtlərini pоzaraq kreditin əsas məbləğini və оna hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaхtdan mütəmadi оlaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı хəbərdarlıq edilməsinə baхmayaraq, öhdəliyi icra etməmiş və bu günədək bоrcu ödəməmişdir. Cavabdeh3 iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi xx.xx.2013-cü il tarixdə 5 il müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. İddiaçı isə 7 ilə yaxındır ki, müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etməklə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbini qismən etiraf edərək, onun yalnız əsas borcun tutulması hissəsində təmin edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan «X8 Azərbaycan» QSC ilə Mikayılova İlhamə Sabir qızı arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə ilə sonuncuya 5 il müddətinə 1200 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Mikayılova İlhamə Sabir qızının əsas borc üzrə 593.73 manat, faiz borcu üzrə 66.49 manat, cərimə borcu üzrə 186.47 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar 4 manat, cəmi 850.69 manat öhdəliyi qalmışdır. İş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilir ki, Mikayılova İlhamə Sabir qızı tərəfindən xx.xx.2024-cü il tarixdə kredit borcu üzrə 66 manat ödəniş edilmişdir. İş materiallarında olan AZ-İİ 437403 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Mikayılova İlhamə Sabir qızı xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Mikayılova İlhamə Sabir qızının vərəsələri qardaşı Cavabdeh3 və bacısı Cavabdeh1dır. Miras əmlak 3597.11 manatdan ibarətdir. Onların hər biri miras əmlakdan 1/3 hissədə irs almalıdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Mikayılova İlhamə Sabir qızının vərəsələri bacısı oğlu Cavabdeh2 və bacısı qızı Cavabdeh4dır. Miras əmlak 3597.11 manatdan ibarətdir. Onların hər biri miras əmlakdan 1/6 hissədə irs almalıdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə borcun ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, «X8 Azərbaycan» QSC ilə Mikayılova İlhamə Sabir qızı arasında 1200 manat pulun 5 il müddətinə sonuncuya verilməsi barədə müqavilə bağlanmış, Mikayılova İlhamə Sabir qızı xx.xx.2024-cü il tarixdə ölmüş, onun iddiaçı qarşısında həmin müqavilə üzrə yerinə yetrilməmiş kredit borcu öhdəliyi yaranmış, onun vərəsələri kimi Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 tanınmışdır. Cavabdehlərdən yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, lakin onlar müvafiq qanunvericilikdə nəzərdə tutulduğu qaydada vərəsələr kimi kreditor qarşısında öhdəliklərini yerinə yetirməmişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən, əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1309-cu maddəsinə əsasən, vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Qeyd olunan qanunvericliyin tələblərinə əsasən məhkəmə, X2 və X3 kreditor qarşısında öhdəlik götürmüş şəxsin (borclunun) vərəsələri olmaqla həmin şəxsdən miras qalmış əmlaka dair hər biri ½ hissədə irs aldıqlarından kredit borcunun onlardan tutulması barədə tələbi əsaslı və qanuna uyğun hesab edir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinin tələbinə görə, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. İşin müəyyən edilmiş hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Mikayılova İlhamə Sabir qızının ödənilməmiş borcu hər dörd cavabdehdən alınması barədə iddia tələbi əsaslı olmaqla həmin hissədə tam təmin edilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Cavabdeh3 iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsi hissəsinə münasibətdə qeyd edir ki, ərizə əsassız olmaqla təmin edilməməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan müəyyən edilir ki, Mikayılova İlhamə Sabir qızı tərəfindən xx.xx.2024-cü il tarixdə kredit borcu üzrə 66 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə cavabdehlər cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada əsas məbləğ üzrə 593.73 manat, faiz borcu 66.49 manat, cərimə borcu 186.47 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4.00 manat, cəmi 850.69 manat məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu «X8 Azərbaycan» QSC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada əsas məbləğ üzrə 593.73 manat, faiz borcu 66.49 manat, cərimə borcu 186.47 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4.00 manat, cəmi 850.69 manat məbləğində kredit borcu, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu «X8 Azərbaycan» QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar