Məhkəmə qərarları › İş №e-2(006)-3854/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3854/2024

14.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3854/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Tərəflər faktiki nikah münasibətlərində yaşamışlar. Birgə münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü qızı X6 anadan olmuşdur. Uşaq doğularkən tərəflər rəsmi nikahda olmadıqlarına görə ata haqqında məlumat ananın göstərişinə əsasən yazılmışdır. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(006)- 3075/2015 saylı qətnaməsi ilə Cavabdeh 15 oktyabr 2009-cu il tarixdə anadan olmuş X4 atası olması faktı müəyyən edilmişdir. X4 doğum haqqında akt qeydində dəyişiklik edilərək ata qrafasında Cavabdeh qeyd olunması və aparılmış qeyd əsasında yeni doğum haqqında şəhadətnamə verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh X1 üçün yetkinlik yaşına çatanadək hər ay 160 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Lakin qeyd olunan məbləğ uşağın saxlanılması və xərclərinin bir hissəsinin ödənilməsi üçün minimum məbləğdən də aşağıdır və bu səbəbindən alimentin artırılması zəruridir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3075/2015 saylı xx.xx.2015-ci il tarixli qətnamənin surətindən görünür ki, ərizəçi Cavabdeh maraqlı şəxslər Bakı şəhəri Nizami layon Qeydiyyat şöbəsinə və İddiaçı qarşı «atalığın müəyyən edilməsi barədə» ərizəsi qismən təmin edilməsi, Cavabdeh 15 oktyabr 2009-cu il tarixdə anadan olmuş X4 atası olması faktı müəyyən edilməsi, X4 doğum haqqında akt qeydində dəyişiklik edilərək ata qrafasında Cavabdeh qeyd olunması və aparılmış qeyd əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi qət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1529/2017 saylı xx.xx.2017-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq 15 oktyabr 2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 136 (yüz otuz altı) manat 60 (altmış) qəpik sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsinin AZ-İİİ seriyalı 702013 saylı doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin münasibətindən xx.xx.2009-cu il təvəllüdlü X6 doğulmuşdur. Atası Cavabdeh və anası İddiaçı qeyd edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə saat 15:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir (§ 24). Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırkı mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində qeyd edilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə hesab edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1529/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinin çıxarılmasından 8 ilə yaxın müddət keçməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin uşağın saxlanması üçün yetərli olmaması, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanları, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanları, həmçinin tərəflərin maddi və ailə vəziyyəti, mövcud iqtisadi vəziyyətdə inflyasiya nəzərə alınmalıdır. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin faktiki münasibətlərindən doğulmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddiaçının uşağın saxlanması üçün 235 manat məbləğində alimentin tutulması tələbini və uşağın saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanın üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X9rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 235 manat olmaqla sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-1529/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 2820 manat (235 man x12ay) olduğundan, cavabdehdən 48,2 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 üçün Nəsimi Rayon Məhkəməsinin 2(006)-1529/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 48,20 manat (qırx səkkiz manat iyirmi qəpik) məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar