Məhkəmə qərarları › İş №e-2(006)-3871/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3871/2023

25.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3871/2023 25.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdeh Əliyeva (Haqverdi) Türkan Yavər qızına qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi ilə bağlı mülki iş üzrə iddiaçı “X1 Azərbaycan” QSC-nin ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1 Azərbaycan” QSC cavabdeh Əliyeva (Haqverdi) Türkan Yavər qızına qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı “X1 Azərbaycan” QSC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, cavabdeh Əliyeva (Haqverdi) Türkan Yavər qızının vəfat etdiyi bildirilmiş və ərizənin, ödənilmiş dövlət rüsumu ilə birlikdə geri qaytarılması xahiş edilmişdir. Məhkəmə ərizəni iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Əliyeva (Haqverdi) Türkan Yavər qızı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin işin məhkəmə baxışına hazırlanması zamanı ərizənin qaytarılması qaydasını müəyyən edən 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 14 saylı Qərarının 5.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, “X1 Azərbaycan” QSC-nin ərizəsi təmin edilərək, iddia ərizəsi, habelə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “X1 Azərbaycan” QSC-nin ərizəsi təmin edilsin. İddiaçı “X1 Azərbaycan” QSC-nin cavabdeh Əliyeva (Haqverdi) Türkan Yavər qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar